Bu günlərdə belə bir xəbər yayıldı ki, Suriyada Türkmən Məclisinin binası istifadəyə verilib. Əlbəttə, uzun illər ümumtürk millətinə amansız münasibət göstərən Bəşər Əsəd devriləndən sonra hələ də torpağına axıdılmış insan qanı qurumayan Suriyada ədalətin öz yerini tapması bizi çox sevindirdi. Nəhayət, türkmənlər də bu ölkədə digər bütün vətəndaşlar kimi öz milli-mədəni hüquqlarının inkişafına yaşıl işıq yandırıb.
Ümumiyyətlə, bu ölkədə son vəziyyət necədir, yaxın gələcəkdə nələr gözlənilir, ölkədəki milyonlarla türkmənlərin durumu necədir? Bütün bu suallara Suriya Türkmən Məclisinin sədri Faysal Cuma Öztürk Hafta.az-a özəl müsahibəsində ilk olaraq yeni istifadəyə verilmiş Məclis binasından söz açmaqla aydınlıq gətirməyə çalışıb.
- Suriyada siyasi strukturun yenidən formalaşdırıldığı bir vaxtda yeni Məclis binasının açılışı diqqət çəkən hadisələrdən biri oldu. Əslində, Suriya Türkmən Məclisinin ofisləri Türkiyənin müxtəlif şəhərlərində, xüsusilə Qaziantepdə yerləşir. Yeni bina isə Türkmən Məclisinin Suriyadakı təmsilçiliyi üçün tamamilə öz büdcəmizlə və tanınmış türkmənlərin dəstəyi ilə tikilib. Bu, Suriyada hələlik ilk və yeganə Məclis binası olsa da, biz bununla kifayətlənməyəcəyik. Yaxın vaxtlarda mərhələli şəkildə Suriyanın müxtəlif bölgələrində nümayəndəliklər açmağı planlaşdırırıq. Bununla belə, Suriya Türkmən Məclisi olaraq türkmənlərin bu prosesdə layiq olduqları siyasi və ictimai təmsilçiliyi alması üçün mübarizəmizi davam etdiririk. Hesab edirəm ki, Məclis binamız bunun simvolu olacaq.
- Türkmən Məclisi ümumilikdə necə təşkil olunub, başqan, onun müavinləri, idarə heyəti necə formalaşır: seçkilərlə, yoxsa təyinatla?
- Türkmən Məclisi türkmən xalqının demokratik iştirakına əsaslanan bir quruluşdur. Sizin də qeyd etdiyiniz kimi, Məclis başqan, onun müavinləri və idarə heyətinin üzvlərindən ibarətdir. Başqan türkmən xalqının və qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçirilən seçkilərlə müəyyən edilir. Seçkilər vaxtaşırı keçirilir və prosesin şəffaf olmasına xüsusilə diqqət yetirilir. Məclisin əsas məqsədi Suriya türkmənlərinin hüquqlarını qorumaq və onların siyasi sahədə effektivliyini artırmaqdır.
- Maraqlıdır, hazırda Suriyada nə qədər türkmən yaşayır və onlar daha çox ölkənin hansı bölgələrində yaşayırlar?
- Suriyada yaşayan türkmənlərin sayı haqda dəqiq rəqəm söyləmək çox çətindir. Lakin hesab edirik ki, təxminən 3 milyon nəfərdirlər. Onlar daha çox Hələb, Latakiya, Homs, Hama, Rakka, İdlib və Dəməşq kimi bölgələrdə cəmləşiblər. Xüsusilə Hələbin mərkəzində Çobanbəy, Cerablus, Əl Bab, Afrin, İdlib ətrafı və Türkmən dağı kimi bölgələr türkmənlərin tarixən yığcam yaşadıqları yerlərdir. Lakin müharibə ilə əlaqədar qeyd etdiyim bu demoqrafik strukturda böyük dəyişikliklər baş verib. Çünki öz evindən-torpağından köç edənlərin sayı çoxdur.
- Yeri gəlmişkən, Türkiyədə milyonlarla suriyalı qaçqının olduğunu bilirik. Əgər məlumatınız varsa deyin, hazırda Türkiyədə nə qədər suriyalı türkmən qaçqın məskunlaşıb və Əsəd devriləndən sonra onların neçə faizi ölkələrinə qayıdıb?

- Türkiyəyə gələn suriyalı türkmən qaçqınların sayının yüz minlərlə olduğunu deyə bilərik. Türkmənlər xüsusilə İstanbul, Ankara, Qaziantep, Kilis, Hatay, Malatya, Şanlıurfa və Mersin kimi vilayətlərdə məskunlaşıblar. Türkiyə türkmən qardaşlarını hər zaman dəstəkləyib və onları vətəndaş kimi qəbul edib. Suriyada təhlükəsiz zonalar yaradılmağa başlayandan sonra türkmən qaçqınların bir qismi geri qayıdıb, lakin bu geridönüş nisbəti hələ çox yüksək deyil. Suriyada tam təhlükəsiz mühit təmin edildikdən sonra daha çox sayda türkmən qaçqın geri qayıdacaq.
- Türkiyənin Suriyadakı hərbi əməliyyatlarla terrordan təmizlədiyi Zeytun Budağı, Sülh Çeşməsi və digər bölgələrdəki türkmən əhalinin neçə faizini təşkil edir? Suriyada müharibədən sonrakı bərpa dövründə evlərini itirən və ya Türkiyədə məskunlaşan türkmən əhalinin məhz Türkiyə sərhədindəki bölgələrə köçürülməsi, yəni türkmənlərin Suriyanın şimalında yığcam halda yaşaması mümkündür?
- Zeytun Budağı, Sülh Çeşməsi və Fərat Qalxanı əməliyyatlarından sonra təmizlənən ərazilərdə türkmən əhalinin nisbəti 10 ilə 20 faiz arasında dəyişir. Bu nisbət bəzi bölgələrdə daha yüksək ola bilər, xüsusilə Çobanbəy, Cerablus, Azez və Əl Bab kimi yerlərdə türkmənlər daha çox cəmləşib. Suriyanın şimalında türkmənlərin yığcam şəkildə birlikdə yaşaması üçün bəzi layihələr təklif edilir. Bununla belə, son məqsəd türkmənlərin öz kimliklərini qoruyaraq təhlükəsiz yaşamalarıdır. Türkmənlərin təbii yaşayış yerləri Suriyanın şimalında Türkiyə və qərbdə Aralıq dənizi ilə həmsərhəd olan ərazilərdir.
- Əhməd əş-Şaranın rəhbərlik etdiyi bu günki Suriyada türkmənlərin mövqeyini necə görürsünüz? Ümumiyyətlə, sizcə, indiki yeni hökumətin siz türkmənlərə münasibəti Əsəd rejiminin münasibətindən daha yaxşıdır, yoxsa dəyişməyib?
- Əhməd əş-Şaranın rəhbərlik etdiyi yeni administrasiyanın türkmənlərə qarşı hansı mövqe tutacağı, hansı siyasəti yürüdəcəyi hələlik bəlli deyil. Əsəd rejimi dövründə türkmənlər daim sıxışdırılıb, kimliklərinə məhəl qoyulmayıb. Yeni administrasiyanın türkmənlərin siyasi və iqtisadi həyatda daha çox iştirakına imkan yaradacaqmı, bunu zaman göstərəcək. Bununla belə, Suriya Türkmən Məclisi olaraq türkmənlərin hüquqlarının təmin olunmasını və ölkənin yenidən qurulması prosesində fəal iştirak etməsini arzulayırıq.
- Türkmənlərin öz ana dilini gücləndirmələri üçün onların yığcam yaşadığı şəhər və kəndlərdə türkcə təhsil verən məktəblər açmaq olar? Çünki məndə olan məlumata görə, Suriyada yaşayan türkmənlərin yarısı türkmən dilini ya unudub, ya da unutmaq üzrədir...
- Bəli, çox təəssüf ki, assimilyasiya siyasətləri ucbatından bir çox türkmənlər öz ana dilini unutmaq həddinə gəliblər. Ona görə də türkmənlərin yaşadığı bölgələrdə türkcə təhsil verən məktəblərin açılması böyük əhəmiyyət kəsb edir. Bəzi bölgələrdə belə təşəbbüslər var, lakin rəsmi və institusional dəstəklə daha çox məktəblərin açılmasına ehtiyac duyulur. Bu məsələ ilə bağlı işlərimiz davam edir.
- Suriya Türkmən Məclisi olaraq, İraq türkmənləri və İraqdakı türkmən siyasi partiyaları ilə əlaqəniz varmı? Düşünürəm ki, İraq türkmənləri Suriya türkmənlərindən daha mütəşəkkildirlər və onların millət vəkilləri, yerli hökumətlərdə nümayəndələri var. Məncə siz Suriya Türkmən Məclisi olaraq bu mövzuda onların təcrübəsindən yararlana bilərsiniz...
- Təbii ki, biz Suriya Türkmən Məclisi olaraq İraq türkmənləri ilə sıx təmasdayıq. Onların siyasi təcrübələri bizim üçün mühüm istinaddır. İraq türkmənləri Suriya türkmənləri ilə müqayisədə daha institusional bir quruluşa malikdirlər, çünki İraqdakı türkmənlər illərdir siyasi arenada mübarizə aparırlar. Biz onların təcrübələrindən yararlanaraq siyasi hüquqlarımızı gücləndirməyə çalışırıq.
- Suriya Türkmən Məclisinin gələcəkdə Azərbaycanla hər hansı münasibət qurmaq planı var? Çünki Şaranın rəhbərliyi altında dünyaya açılma siyasəti yürüdən Suriyanı Azərbaycan ilk gündən dəstəkləyib. Hətta humanitar yardım da göndərib...
- Azərbaycan hər zaman türk dünyasının önəmli bir parçası olub. Suriya türkmənləri olaraq biz Azərbaycanla əməkdaşlıq etməyi, xüsusilə mədəni və humanitar yardım sahəsində birgə layihələri inkişaf etdirməyi hədəfləyirik. Azərbaycanın türkmənlərə dəstəyi çox mühümdür və biz gələcəkdə də əlaqələri gücləndirmək üçün çalışacağıq. Axı biz fərqli coğrafiyalarda yaşasaq da, bir millətik.