Azərbaycanlı fleytaçı Ağarəhim Quliyev “Altus Flutes”in səfiri seçilib. Musiqiçi Parisdə yaşayır və orada nüfuzlu “L'École normale de musique de Paris – Alfred Cortot”u (Alfred Corto adına Musiqi Məktəbi) bitirib. O, hazırda aktiv konsert fəaliyyəti ilə məşğuldur.
“Altus Flutes” yüksəkkeyfiyyətli əl işi fleytalarının məşhur yapon istehsalçısıdır. Ağarəhim Quliyev beynəlxalq müsabiqələr laureatıdır və həmkarı Eldəniz Ələkbərzadə ilə birlikdə “Duo Avey” duetinin həmtəsisçisi və klassik musiqi istehsalı şirkəti olan “AGRecords”un təsisçisidir.
Hafta.az xəbər verir ki, fleytaçı azertag.az-a müsahibəsində bu hadisənin onun üçün əhəmiyyətindən danışıb.
O qeyd edib ki, istənilən musiqiçi üçün bir alətin və ya musiqi brendinin səfiri olmaq nüfuzludur:
"Mənim üçün bu titul sadə bir status rəmzindən daha böyük məna kəsb edir. Mahiyyətcə, “Altus Flutes” alətlərində təxminən on il ifa etdikdən sonra onların sənətçisi olmağa dəvət almaq peşəkar səviyyəmin və həmin brendin alətlərini beynəlxalq səhnədə təmsil etmək etimadının tanınmasıdır.
Eyni zamanda, belə bir əməkdaşlıq ciddi məsuliyyət hissi yaradır. Brendi və müəyyən bir alət modelini təmsil etmək həm ifaçılıq bacarığını, həm də texniki hazırlığın yüksək səviyyədə olmasını tələb edir”.
Musiqiçi vurğulayıb ki, bu cür nüfuza malik sənətçilər arasında Azərbaycanın yeganə təmsilçisi olmaq onun üçün həm də xüsusi missiyadır:
“Bu, təkcə brendə deyil, həm də ölkəmin mədəniyyətinə qarşı məsuliyyət hissimi gücləndirir, eyni zamanda, Azərbaycan ifaçılıq məktəbinin daha geniş beynəlxalq arenada təmsil olunması, həmkarlarımızın və tamaşaçılarımızın mədəniyyətimizlə tanış edilməsi, habelə qlobal peşəkar birliyə inteqrasiya baxımından yaxşı fürsətdir. Belə mübadilə həmişə ikitərəfli olur: biz təkcə mədəniyyətimizi bölüşmürük, həm də bir-birimizdən öyrənirik, öz bədii üfüqlərimizi genişləndiririk”.