Xəbər verdiyimiz kimi, 2025-ci ilin may və iyul aylarında “Azəriqaz” İB-də struktur dəyişikliyi adı ilə keçirilmiş attestasiya imtahanlarının nəticələri ilə bağlı narazılıqlar səbəbindən bir qrup işçi Müstəqil Həmkarlar Birliyinə müraciət etmişdi. Hazırda müraciətlərin Birlik tərəfindən araşdırılması və hazırlıq prosedurları başa çatdırılıb.
Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq Müstəqil Həmkarlar Birliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Müstəqil Həmkarlar Birliyinin hüquqi dəstəyi ilə həmin şəxslərdən iki nəfər tərəfindən artıq “Azəriqaz” İB-yə qarşı Xətai Rayon Məhkəməsinə iddia ərizəsi təqdim olunub.
Müstəqil Həmkarlar Birliyindən bildirilib ki, Birliyə müraciət edən hər bir vətəndaşa əmək hüquqlarının müdafiəsi istiqamətində bütün lazımi hüquqi yardım göstəriləcək.