Bakı Dövlət Sirki təmir olunur

16:49 05.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sirkdə olan bəzi çətinliklərin hissə-hissə aradan qaldırılmasına başlanıb.

Hafta.az xəbər verir ki, bunu Bakı Dövlət Sirkinin direktor əvəzi Nahid Ağayev deyib.

Onun sözlərinə görə, oturacaqlar və döşəmə örtüyü təzələnib, heyvanların saxlanma yeri müasir tələblərə uyğun formaya salınıb.

Nahid Ağayev sirk məktəbinin formalaşmasından danışıb: “Sirk üzrə məktəbin formalaşması istiqamətində də iş gedir. Hədəflərimiz böyükdür. Dünya şöhrətli əməkdaşımız Allahverdi müəllimin bu yöndə töhfə verəcəyinə əminəm. Necə ki, artıq bizim proqramda həm beynəlxalq sirk ənənəsi, həm də yerli, milli üslublardan istifadə olunacaq”.

Direktor əvəzi binanın təmiri məsələsinə diqqət çəkib: “Bu hər zaman diqqətdə olan məsələdir. Bu işlərin bir hissəsi aradan qaldırılıb. Yeni bina məsələsinə gəlincə isə, bu artıq nazirlik səviyyəsində olan məsələdir".

Qeyd edək ki, Bakı Dövlət Sirkində yeni mövsümdə “Beynəlxalq Sirk: Festival qalibləri” adlı beynəlxalq sirk proqramı nümayiş olunacaq. Sözügedən proqramın təşkilatçısı azərbaycanlı sirk ustası, Ümumdünya Sirk Sənəti Festivalının ali mükafatları laureatı Allahverdi İsrafilovdur. Onun sözlərinə görə, nümayiş oktyabrın 14-dən başlayacaq və noyabrın 27-nə kimi davam edəcək.

Sirk ustası həmçinin, proqramın ilk olaraq oktyabrın 12-də şəhid və qazi ailələri üçün xeyriyyə məqsədi ilə nümayiş olunacağını deyib.apa

 
Oxunma sayı 1780