Bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin 57,3 faizi Bakı şəhərinin payına düşüb. Bu göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz çoxdur. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 6 aylıq dövr üzrə digər rayonlar 5,7 faizi Abşeron-Xızı iqtisadi rayonunun (9,2 faiz çox), 4,9 faizi Mərkəzi Aran iqtisadi rayonunun (0,8 faiz az), 4,4 faizi Gəncə-Daşkəsən iqtisadi rayonunun (1,1 faiz çox), 4,2 faizi Lənkəran-Astara iqtisadi rayonunun (0,4 faiz çox), 3,8 faizi Qazax-Tovuz iqtisadi rayonunun (2,5 faiz çox), 3,4 faizi Şirvan-Salyan iqtisadi rayonunun (0,5 faiz çox), 3,3 faizi Quba-Xaçmaz iqtisadi rayonunun (0,2 faiz çox), 3,2 faizi Şəki-Zaqatala iqtisadi rayonunun (1,3 faiz çox), 3,0 faizi Naxçıvan Muxtar Respublikasının (0,5 faiz çox), 2,6 faizi Qarabağ iqtisadi rayonunun (1,4 faiz çox), 2,5 faizi Mil-Muğan iqtisadi rayonunun (2,5 faiz çox), 1,7 faizi isə Dağlıq Şirvan iqtisadi rayonunun (0,9 faiz az) təsərrüfat subyektlərinin ticarət fəaliyyəti sayəsində yaranıb.
Maraqlıdır, görəsən, pərakəndə ticarət dövriyyəsində paytaxtın payının böyük olmasının səbəbi nədir? Bölgələrdə ticarət dövsiyyəsinin artırılması yolları mövcuddurmu?
Məsələni qəzetimizə şərh edən iqtisad elmləri doktoru, professor Əli Əlirzayev bildirib ki, əslində Azərbaycanda regionların tarazlı inkişafının təmin edilməsi hökumət qarşısında duran mühüm vəzifələrdən biridir: “Bu həm də ölkənin dayanıqlı inkişafının zəruri şərtlərindən biridir. Regionların sosial-iqtisadi inkişafında tarazlığın əldə olunması özündə regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə etmək, kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaq kimi komponentləri ehtiva edir. Regionların sosial-iqtisadi cəhətdən inkişaf edilmiş səviyyəyə çatdırılması ölkənin makroiqtisadi sabitliyinin təmin edilməsində, işsizlik probleminin həlllində, ölkənin ticarət dövriyyəsində müsbət saldo əldə edilməsində cox mühüm amil sayılır. Amma Azərbaycana həm sovet dövründən qalan miras, həm də müstəqilliyin ilk illərində iqtisadiyyatdakı böhran ölkənin regionları arasında sosial-iqtisadi inkişafda qeyri-bərabərliyin dərinləşməsinə gətirib çıxardı. Sonradan ölkədə həyata keçirilən neft strategiyası və ölkə iqtisadiyyatının neft gəlirlərindən asılı olması, xüsusilə Bakı-Abşeron zonası ilə ölkənin digər regionları arasında disbalansın son dərəcə dərinləşməsinə gətirib çıxartdı. 2002-ci ildən bəri ölkədə regionların sosial-iqtisadi inkişafı sahəsində bir sıra dövlət proqramlarının icra olunmasına, habelə hökumətin bir sıra digər proqram sənədlərində regional inkişaf məsələlərinə diqqət ayrılmasına və bu istiqamətdə müəyyən irəliləyişlərin əldə olunmasına baxmayaraq, ölkənin regionlarının sosial-iqtisadi inkişaf səviyyələri arasında kəskin fərqlər və yüksək qeyri-bərabərlik davam edir. Bu fərq Bakı-Abşeron zonası ilə ölkənin bütün digər bölgələri arasında xüsusilə kəskin xarakter daşıyır. Məhz pərakəndə ticarət dövriyyəsində paytaxtın payının böyük olması səbəblərindən biri də budur. Biz statistik göstəricilərə nəzər salsaq görərik ki, Bakı şəhəri və Abşeron yarımadasında ölkənin iqtisadi potensialının təqribən 75-80 faizi cəmləşir. iqtisadiyyatın, xüsusilə sənayenin, infrastruktur sahələrinin əsas hissəsinin Bakı şəhərində cəmlənməsi əhalinin regionlardan Bakıya axınına səbəb olub. Eyni zamanda, bölgələrdə yaşayan əhali ilə, şəhərdə yaşayan əhalinin alıcılıq qabiliyyəti eyni deyil. Həmçinin etdikləri alış-verişin strukturu da fərqlidir. Məsələn, bölgələrdə əhali əksər yeyinti məhsulları istehsal edərək özü-özünü təmin edir, daha çox vəsaiti sənaye məhsullarına xərcləyir. Şəhərdə isə əhali həm yeyinti, həm də sənaye məhsullarına pul vəsaiti xərcləyir. Ona görə də ticarət dövriyyəsində bu cür fərqlər ortaya çıxır”.
Mütəxəssis vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafındakı qeyri-bərabərliyin aradan qaldırılması və tarazlı inkişafın təmin edilməsinə nail olmaq üçün mövcud idarəetmə mexanizmlərinin dəyişdirilməsi ilə yanaşı, regionlarda iqtisadi inkişafı sürətləndirəcək daha səmərəli mexanizmlərin də yaradılması zəruridir: “Təbii ki, hökumət bu istiqamətdə işlər aparır. Regionlarda yeni müəssisələr, yeni iş yerləri yaradılır. Amma bu proses yavaş gedir. Sözsüz ki, iş üçün Bakıya axın edən vətəndaşların yenidən bölgələrə qayıtması üçün şərait olmalıdır. Bu gün biz görürük ki, işğaldan azad olunmuş ərazilərdə böyük işlər görülür və vaxtilə dədə-baba torpaqlarından didərgin düşmüş insanlar öz yurd yerlərinə qaytarılır. Həmin insanların orada yaşaması, məşğulluğunun təmin olunması üçün şərait yaradılır və s. Əslində bölgələrin potensialı Bakı ilə müqayisədə daha yüksəkdir. Əgər bu potensialdan səmərəli istifadə olunarsa, o zaman paytaxtla bölgələr arasındakı iqtisadi-sosial fərq tamamilə aradan qalxmış olar”.