Hər il dekabr ayında Bakıda xüsusi bayram ab-havası hiss edilirdi. Küçələr bəzədilir, parklarda isə yeni ilin simvolu olan iri bayram yolkaları qurulurdu.
Bu il isə vəziyyət tamamilə fərqlidir. Pandemiya yeni ili təm-təraqla keçirmək imkanlarının da üzərindən xətt çəkir deyəsən.
Hafta.az-ın əməkdaşı Bakıda yolkaların qurulub-qurulmayacağı ilə bağlı yaranmış suala aydınlıq gətirmək üçün, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov ilə əlaqə saxlayıb. Mətin bəy bildirdi ki, bununla bağlı hələ dəqiq qərar yoxdur:
"Hər şey çox güman sabah məlum olacaq. Operativ qərargah hansı qərarı uyğun görsə, onun icrası həyata keçiriləcək. Hələ ki vəziyyət gördüyünüz kimidir, yolkalar qurulmayıb. Biz də nə baş verəcəyini bilmirik".
Qeyd edək ki, ölkə ərazisində artıq 10 aya yaxındır ki, kütləvi tədbirlərin keçirilməsinə qadağa var.
Bundan əlavə hər il paytaxtın iri küçə və prospektlərində -"Azneft" dairəsində, Qız qalasının önündə, Sahil parkında, "Elmlər Akademiyası" binasının qarşısında, Nərimanov parkında, Ayna Sultanova ərazisində yerləşən və bir-biri ilə bağlı olan 4 parkda və s. yerlərdə yolkalar qurulur, küçələr bəzədilirdi.