Dünya çempionatında 1/8 final mərhələsinin matçları keçirilib. Son Avropa çempionu, DÇ-nin əsas favoritlərindən İspaniya Kriştianu Ronaldonun kapitanı olduğu Portuqaliya millisi ilə üz-üzə gəlib. İspaniya 90+1-ci dəqiqədə hesabı açıb. Mikel Merino fərqlənib. Portuqaliya Ronaldu üçün DÇ həyəcanı başa çatıb.
Həftənin SƏFİRİ

Karen Qriqoryan Ermənistanın Pakistandakı səfiri təyin edilib. Bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb. Pakistana yeni təyin olunmuş səfirin iqamətgahının Əbu-Dabi şəhərində olacağı bildirilir. K. Qriqoryan həm də Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır.
Həftənin SƏFƏRİ

Fransa Prezidenti Emmanuel Makron 17 ildən sonra Suriyaya səfər edən ilk Fransa lideri kimi Dəməşqdə rəsmi görüşlər keçirib. Lakin səfərin siyasi gündəmindən daha çox, onun görüşlər boyunca günəş eynəyi taxması beynəlxalq mediada və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Makron Dəməşqdə Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb, tarixi Əməvi məscidini ziyarət edib və onun şərəfinə təşkil olunan rəsmi şam yeməyində iştirak edib.
Həftənin İMTİNASI

Ermənistan parlamentinin hazırkı spikeri Alen Simonyan yeni çağırış parlamentdə deputat mandatından imtina edəcək. Simonyan bu barədə brifinqdə məlumat verib. “Mən Baş nazir, həmçinin partiyanın rəhbərliyi ilə müzakirə etdim - mandatı götürməyəcəyəm və parlamentə deputat qismində gəlməyəcəyəm. İlk növbədə bir az istirahət etmək istəyirəm”, - Simonyan bildirib.
Həftənin BƏYANATI

“Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin sona çatmasını istəyir”. Bunu ABŞ Prezidenti Donald Tramp bu barədə mətbuat konfransında bildirib. “Putin bunun bitməsini istəyir. Bunu sizə çox əminliklə deyə bilərəm. O, müharibəyə son qoymaq istəyir. Ukrayna da bunu istəyir. Biz isə danışıqlar aparırıq”, – deyə ABŞ lideri qeyd edib.
Həftənin İFLASI

ABŞ-nin aşağıbüdcəli aviaşirkəti “Spirit Airlines” fəaliyyətini tam dayandırdıqdan sonra şirkətə məxsus onlarla təyyarə Arizona ştatındakı səhra hava limanlarında saxlanılır. Şirkətin parlaq sarı rəngli “Airbus A320” və “Airbus A321” təyyarələri quru iqlimə malik “Goodyear” və “Marana” hava limanlarına köçürülüb. Bildirilir ki, səhra şəraiti rütubətin az olması səbəbindən təyyarələrin paslanmasının qarşısını alır və uzunmüddətli saxlanma üçün əlverişlidir.