Pandemiyanın tüğyan elədiyi bir vaxtda, paytaxtın elə küçələri var ki, natəmizlik içindədir. Dezinfeksiya, təmizlik, abadlıq və təmir işləri, demək olar ki, unudulub. Belə ərazilərdən biri də Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsində yerləşən 1, 2, 3, 5, 7 və 10 saylı binaların həyətidir. Sözügedən binaları birləşdirən həyət böyük ərazini əhatə edir. Vaxtilə sözügedən ünvanda salınmış parkdan əsər-əlamət qalmayıb.
Adıçəkilən ünvanda olduq. Parkda , binaların həyətində xeyli sakin vardı. Uşaqlar daha çoxluq təşkil edirdi. Bir-iki nəfəri çıxmaq şərti ilə, heç kəs qoruyucu maskalardan istifadə etmirdi. Demək olar ki, COVİD-19 virusunun mövcud olduğu əhali arasında hiss edilmirdi. Temperaturun yüksək olmasına baxmayaraq, sözügedən parkda hava çox sərin və təmiz idi.
Sakinlər “Həftə içi”nə üzləşdikləri problemlərdən şikayətlənərək bildirdilər ki, yaşadıqları binalar sovet dönəmində, 1932-ci ildə almanlar tərəfindən inşa edilib: “Yaraşıqlı binalardır. Baxımsız qaldığından, artıq binaların əksəriyyətində dərin çatlar əmələ gələrək qəzalı vəziyyətə düşüb. 3 saylı biinada 4 dəfə yanğın olub, xoşbəxtlikdən ölüm hadisəsi baş verməyib. Eləcə də 5 saylı bina 3-cü mərtəbəsinə kimi yanaraq acınacaqlı vəziyyətə düşüb. Artıq yanğından 3-cü mərtəbənin döşəmələri uçub-tökülür. Bütün binaların, xüsusilə də 7 saylı binanın zirzəmisi çirkab içindədir. Hətta polietiləndən olan materiallara kimi binanın zirzəmisinə atılıb. Allah göstərməsin, bir yanğın hadisəsi baş verərsə, bina tamamilə yana bilər. Bir balaca külək olan kimi binanın damlarında vaxtilə antena kimi quraşdırılmiş nazik dəmir dirəklər həyətə düşür. Bu da xoşagəlməz hadisələrlə nəticələnə bilər. Eləcə də binaların çölə çıxan betondan salınmış eyvanları uçub- tökülür. Hər zaman qopub yerə düşə bilər. Nə gəlib binaları təmir eləyən var, nə də bizi təzə binalara köçürən”.
Sakin Şəfaqət Babayeva 10-cu binanın 1-ci mərtəbəsində, 32 saylı mənzildə yaşadığını dedi. Onun sözlərinə görə, yaşadıqları binanın zirzəmisi kanalizasiya suyu ilə dolub:
“Nəfəs almaq mümkün deyil. Ağcaqanadlar, siçan və siçovullar baş alıb gedir. Yaşadığımız binanın zirzəmisi antisanitar yuvasına çevrilib. Koronavirusdan da təhlükəli xəstəliklər baş alıb gedir. Hətta Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin qəbulunda oldum və düşdüyümüz acınacaqlı durum barədə məlumat verdim. Başçı aidiyyəti qurumlara göstəriş verib ki, gəlib binanın kanalizasiya xəttini düzəltsinlər. Sabunçu Sukanal İdarəsinin işçiləri gəlib, mühərrik vasitəsilə zirzəminin çirkab sularını çəkib-boşaltdılar, amma sınan kanalizasiya xəttini isə düzəltmədilər. İndi yenə də həmin vəziyyət yaranıb. Çirkli kanalizasiya suları bütün günü binamızın zircəmisinə axır”.
Sakinlər söylədilər ki, vaxtilə binaların həyətində park salınmışdı, onların isritahəti üçün hər cür şərait var idi: “İndi baxımsız qalıb. Söhbətgahlar uçub-tökülür. Oturacaqlar köhnə, sınıq-salxaqdır. “Şəhid bulağı” yararsız vəziyyətə düşüb. Bulağın kranına qədər söküb-aparıblar. Bulağın içi isə zibilxanaya çevrilib. Kimin zibili varsa, bulağın içinə atır. Parkda olan fəvvarə də dağılıb. Bu yaxınlara kimi fəvvarə işləyirdi. İsti yay günlərində fantan vuran su ərazini sərinlədirdi. İndi divarları uçub-tökülür, bərbad vəziyyətdədir, içində isə hər cür tullantıya rast gəlmək mümkündür. Sakinlərin istirahəti və uşaqların oynaması üçün heç bir şərait yoxdur. İstidə evdə oturmaq olmur. Sakinlər gəlib tozun, natəmizliyin içində otururlar. Gecə düşən kimi, qaranlıq hökm sürür, sahibsiz itlər sürü halında həyətə gəlir, qadın və uşaqları əməlli-başlı qorxudur.
Binaların həyətində çoxlu sayda qurumuş ağaclar var. Ağac var ki, yıxılıb, onu kəsib aparan yoxdur. Üç aydır, karantin rejimində yaşayırıq. Bu müddət ərzində COVİD-19 pandemiyasına qarşı gəlib yaşadığımız binaların girəcəklərini, həyətini, zibil qutuları qoyulan ərazini və eləcə də parkda dezinfeksiya işləri aparmayıblar”.