Baş Dövlət Yol Polisi İdarəsi texniki baxışla əlaqədar hüquqi və fiziki şəxslərə müraciət edib

11:29 19.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün Bakı şəhərinin Qaradağ rayonu ərazisində yeni istifadəyə verilmiş müayinə mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar hüquqi və fiziki şəxslərə müraciət edib.

İdarədən hafta.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi istifadəsində olan nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış və ya qanunvericiliklə nəzərdə tutulmuş texniki baxış müddəti bitmiş avtomobil sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı, Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində (“Sədərək” ticarət mərkəzinin yanı) yeni istifadəyə verilən və müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilən Müayinə Mərkəzində də nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər.

Sürücülərin diqqətinə çatdırılır ki, respublika üzrə bütün texniki baxış məntəqələri istirahət və bayram günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.

Texniki baxışa təqdim olunan nəqliyyat vasitələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə ilə müəyyənləşdirilən tələblərə uyğun olmalıdır.

Sosial rubrikasından digər xəbərlər