“Özü də buna görə heç bir beynəlxalq təşkilat, dövlət bizi qınaya bilməz. Çünki biz öz ərazi bütövlüyümüzü təmin edirik...”
“Rusların da, ermənilərin də qarşısından qaçdıqca onlar daha da azğınlaşırlar. Mən sovet dövründəki hərbi xidmət zamanı əldə etdiyim təcrübədən bu qənaətə gəlmişəm... Qarabağdakı və Ermənistandakı separatçı, işğalçı xislətli ermənilərin buna verdikləri qarşılığa baxanda dinc, insanpərvər aksiyalarla torpaqlarımızda və dövlət sərhədlərimizdəki problemləri həll edə biləcəyimi düşünmürəm... Laçın-Şuşa-Xankəndi yolunda təmiz, saf niyyətlə, Qarabağın Rusiya “sülhməramlı”larının himayəsindəki separatçı rejimin nəzarətindəki hissəsində sərvətlərimizin qanunsuz istismarının dayandırılması və yekunda, ümumiyyətlə, həmin ərazilərin Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılması məqsədi güdərək iştirak edən soydaşlarımızı alqışlayıram.. Amma hesab edirəm ki, belə aksiyalarla paralel, həm siyasi-diplomatik, yeri gələndə də hərbi-siyasi addımlar atmaq gərəkdir”.
Bu fikirləri Hafta.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib.
“Bəs çıxış yolu nədədir?” sualını isə general belə cavablandırıb:
“Əvvəla, biz mütləq həm Laçın yolundakı Ermənistanla dövlət sərhədində, həm də hazırda aksiyaların keçirildiyi Şuşa-Xankəndi yolundakı nəzarət məntəqələrində öz sərhəd, gömrük və s. postlarını qurmalı və oradan Qarabağa keçən hər bir şəxs, hər bir avtomobil, hər bir əşyanı ciddi nəzarətdən keçirməliyik. Biz nəyə görə Volkova, nə bilim, Lavrova yalvarmalıyıq? Bizim BMT-nin, bütün beynəlxalq təşkilat və dövlətlərin tanıdığı qanuni ərazimizdə istənilən formada nəzarət həyata keçirməyə ixtiyarımız, hüququmuz var”
Həmsöhbətimiz hesab edir ki, Rusiya tərəfi 10 noyabr bəyanatının Azərbaycana aid müddəalarının əksəriyyətini həyata keçirmədiyi halda “sülhməramlı”ların ərazimizdən çıxarılmasını tələb etməyə kifayət qədər haqqımız var.
“Ermənilər də, Rusiya tərəfi də Laçın yolunun 10 noyabr bəyanatına əsasən açıq saxlanmalı olduğunu iddia edirlər. Bəs Rusiya tərəfi həmin bəyanatın Azərbaycana aid müddəalarının hamısını həyata keçiribmi? Qarabağ və Şərqi Zəngəzur ərazisindəki qanunsuz erməni dəstələri tərksilah edilib? Xeyr. Keçmiş Dağlıq Qarabağ ərazisindən köçkün düşmüş, 32-33 ildir köçkün həyatı yaşayan Azərbaycan vətəndaşlarından biri öz doğma yurduna qaytarılıbmı? Naxçıvanın blokadadan çıxması üçün Zəngəzur dəhlizi açılıb? Xeyr. Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndi Azərbaycana təhvil verilibmi? Yox. Hesab edirəm ki, bu saat digər məsələlərlə yanaşı, məhz bu kəndlərin qaytarılması önə çəkilməlidir. Rusiyanın qarşısında şərt qoyulmalıdır ki, 10 noyabr bəyanatında çəkdiyin imzaya uyğun olaraq həmin ərazilərin azad olunmasını təmin edə bilmirsinizsə, biz özümüz bunu həyata keçirək. Özü də buna görə heç bir beynəlxalq təşkilat, dövlət bizi qınaya bilməz. Çünki biz öz ərazi bütövlüyümüzü təmin edirik. Əgər buna da şərait yaratmayacaqlarsa, bizim Rusiya “sülhməramlı” kontingentinin Azərbaycan ərazisindən çıxarılmasını tələb etməyə tam haqqımız var... Hesab edirəm ki, biz bu təzyiqləri göstərən kimi, Rusiya da, Ermənistan da, Qarabağdakı separatçı-terrorçu rejim də bizim Qarabağla bağlı digər şərtlərimizin təminatı üçün yumşalacaqlar. Sadəcə, bir az da qətiyyət, prinsipiallıq göstərilməlidir”,- deyə keçmiş nazir vurğulayıb.