Vətəndaşları ən mox narahat edən məqamlardan biri oğurluq hallarının artmasıdır. Düzdür, ölkəmizdə bu cür olayların üstü qısa zaman kəsiyində hüquq-mühafizə orqanlarının peşəkarlığı nəticəsində açılır və günahkarlar layiq olduğu cəzanı alırlar. Bəzən üstü açılmamış oğurluq hadisələri də baş verir. Belə olaylardan biri Gədəbəydə yaşanıb. İmişli şəhər Sabir küçəsi, 42 saylı evin sakinləri Ramilə Nazim qızı Rüstəmova və onun həyat yoldaşı Əyyam İdris oğlu Əliyevin “Həftə içi”nə ünvanladıqları şikayət məktubu olayın təfərrüatından bəhs edir.
Şikayət məktubunda bildirilir: ”18 iyul 2019-cu il tarixdə Gədəbəy rayonuna toya getmişdik. Təxminən, günorta saat 14:00 radələri olardı. Gədəbəy rayonunun Yuxarı Narcan kəndinə çatdıq. Yuxarı Narcan restoranında oturub nahar etdik. “99-DX-270” nömrəli avtomobili restoranın həyətində, avtomobillərin arasında saxlamışdıq. Maşında əl çantası və onun içində qızıl əşyalarımızla birlikdə 50 manat pulumuz var idi. Nahar edəndən sonra avtomobilə yaxınlaşanda gördük ki, onun arxa qapısının şüşəsini sındırıblar. Əl çantasını və içindəki qızıl əşyalarımızı götürüb aparıblar. Dərhal Daxili İşlər Nazirliyinin qaynar xətti – «102”yə zəng edib, bu haqda məlumat verdik. Polis əməkdaşları tez özlərini hadisə yerinə çatdırdılar. Bizdən izahat aldılar. Akt tərtib edilərək oğurlanan qızıl əşyalarının çəkisi 36 qram, dəyəri isə iki min yüz otuz beş (2 135) manat məbləğində hesablanıldı. Yazılan akta imza atdıqdan sonra polis əməkdaşları bizi evə göndərib dedilər ki, narahat olmayın, bu işlə özümüz məşğul olacağıq”.
Şikayətçilərin hər ikisi polis əməkdaşlarının tərtib etdiyi akta qol çəkiblər: ”Hadisə baş verən günün səhəri Gədəbəyin Yuxarı Narcan kəndinə toya getdik. Toy günü ərəfəsində iki nəfər polis əməkdaşı bizə yaxınlaşıb dedi ki, restoran müdiri sizə 700 manat pul təklif edir. Əvəzində gedib şikayətimizi geri götürək. Razı olmadıq. Təklif olunan məbləğ çox az idi. Bizə dəyən maddi ziyanın heç dördəbiri deyildi. Toyun səhəri günü iki polis əməkdaşı Aşağı Narzan İstirahət Mərkəzində qaldığımız yerə gəlib bizdən yenidən izahat aldı. Sonra İmişliyə qayıtmağımızı məsləhət görüb, oğrular tapılanda bizə məlumat verəcəklərini dedilər”.
Məktubda qeyd edilir ki, şikayətlə bağlı 21 iyul 2019-cu il tarixdə Daxili İşlər Nazirliyinə teleqram vurulub: ”Təəssüflər olsun ki, DİN bizim şikayətimizə cavab vermədi. 4 aydan çox vaxt keçsə də, Gədəbəy Rayon Polis Şöbəsindən heç bir xəbər yoxdur. Halbuki Daxili İşlər Naziri cənab Vilayət Eyvazov keçirdiyi müşavirələrin birində rayonların polis şöbələrinin rəislərinə xəbərdarlıq edib ki, oğurluq hadisələri ilə bağlı baş vermiş cinayət işləri açılmalıdır. Bu 4 ay müddətində heç olmasa təsəlli də olsa, bizə bu haqda bir xəbər verilərdi. Daxili İşlər nazirindən istəyimiz budur ki, cinayət işinin açılmasında və bizə dəymiş maddi ziyanın ödənilməsində köməklik göstərsin”.
Şikayətlə bağlı DİN-in Mətbuat Xidmətinə müraciət etdik. Mətbuat Xidmətinin əməkdaşı Elnara Həsənova “Həftə içi”nə bildirdi ki, şikayətçinin ərizəsinə DİN-də baxılıb. Onun sözlərinə görə, nazirin müavini Seyfulla Əzimov işə baxılması üçün dərkənar qoyub: ”001-39146z nömrəli müraciət sənədi iki dəfə, həm 19.07.2019-cu il, həm də 5 sentyabr 2019-cu il tarixlərində qeydiyyata alınıb. İşə baxılması üçün Respublika Baş Cinayət Axtarış İdarəsinin Mülkiyyət Əleyhinə Cinayətlərlə Mübarizə İdarəsinin əməkdaşı Eldar Qarayevə və Tədqiqat İdarəsinə göndərilib. Daha ətraflı məlumat üçün Baş Cinayət Axtarış İdarəsinə müraciət edin. Bu haqda bizim sizə məlumat verməyə ixtiyarımız yoxdur».
Baş Cinayət Axtarış İdarəsinə də müraciət etdik. Sözügedən idarənin katiblyindən Günel Abdullayeva şikayətlə bağlı bildirdi ki, biz araşdırmanı yekunlaşdırıb İstintaq İdarəsinə vermişik: ”Artlq bu işlə İstintaq İdarəsi məşğul olur. İdarənin müstəntiqi Abbas müəllimlə əlaqə saxlayın. O sizə işin nəticəsi ilə bağlı ətraflı məlumat verə bilər” .