Büdcəmiz ədalətli bölünüb - Elşad Musayev

12:07 13.12.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq. Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, “Qeyri-dövlət pensiya fondları haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub. Özəl pensiya fondu nədir, özündə nələri ehtiva edir, hansı üstünlükləri var? Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Elşad Musayevlə bu və digər mövzularla bağlı söhbətləşdik:

- Özəl pensiya fondları dövlətin nəzarətində olmayan pensiya fondlarıdır və bu, dünya təcrübəsində də var. İnsanlar istər dövlətin nəzarətində olan fondlara, istərsə də özəl fondlara vəsaitlərini yığa bilərlər. Sadəcə qazanc çox olmalıdır ki, pensiyalar da çox olsun. Aydındır ki, indeksasiya aparılır və ona uyğun olaraq pensiyalarda artım olur. Məlumdur ki, Azərbaycan yeni müstəqilliyini qazandı, çəkişməli dövr yaşadı. Artıq toparlanma mərhələsindəyik. Bütün dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri hansı yolla gedirsə, biz də o yolla getməliyik.

- Özəl pensiya fondları ilə bağlı təşəbbüslər nə dərəcədə realdır və bu fondlar işə düşərsə, DSMF-yə yığıma necə təsir göstərəcək?

- Qeyri-dövlət pensiya fondları haqqında qanun layihəsi hazırlanır və yaz sesiyasında müzakirəyə çıxarılacağı gözlənilir. Ona görə də bu haqda indidən geniş məlumat vermək çətindir. Dövlət Sosial Müdafiə Fondundan da bildirilib ki, qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyyatı qurumlara təqdim olunub. Layihə təqdim olunandan sonra əlavə təkliflər verilir, dəyişikliklər edilir. Ona görə də hələ ki, bu haqda konkret fikir söyləmək tezdir. Bütövlükdə isə özəl pensiya fondları dünya təcrübəsində tətbiq olunan bir sistemdir. Dünyada bu üsuldan istifadə olunur.

Digər tərəfdən, əgər özəl pensiya fondları olacaqsa həm ora, həm də Dövlət Sosial Müdafiə Fonduna  müəyyən qədər yığımlar olacaq. Bu, vətəndaşın hansı fonda üstünlük verməsindən asılı olacaq. Bu gün də müəyyən sosial  fondlar var ki, insanlar öz vəsaitlərini o fondlara ötürür. Üç ildən sonra isə öz vəsaitlərini geri götürürlər. Ona görə də qanunun müzakirəyə çıxarılmasını gözləmək, verilən təkliflərə diqqətlə yanaşıb mükəmməl bir qanun hazırlayıb ortaya qoymaq lazımdır. Hesab edirəm ki, Milli Məclisin komitə iclasında, daha sonra plenar iclaslarda müzakirə ediləndən sonra beynəlxalq standartlara cavab verən mükəmməl bir qanun qəbul olunacaq.

- Ümumiyyətlə, gələn il üçün pensiya artımları ilə bağlı nələr nəzərdə tutulur, nə qədər artırılacaq?

-Gələn il üçün minimum əmək haqlarının, pensiyaların artırılması nəzərdə tutulur. Qeyd edim ki, ümumən dövlət büdcəsinin 41 faizi sosial xərclərə yönəlib. Bunun 20.3 faizi müdafiə və təhlükəsizlik xərclərinə yönəlib. Təxminən 4 milyarddan çox vəsait Qarabağda aparılan tikinti, quruculuq işlərinə yönəldilib. Biz də hesab edirik ki, mövcud reallıqlar şəraitində bu, ədalətli bölgüdür. Bundan sonrakı müddətdə büdcəmizin artırılmasına çalışmalıyıq. Çünki büdcəmiz böyüdükcə sosial yönümlü xərclərə ayrılan vəsait də çoxalacaq. Biz bunda maraqlıyıq. Pensiyalar, müavinətlər, əməkhaqlarının artırılması əhalinin yaşam təlabatının təmin olunmasını daha da yüngülləşdirəcək. Bu gün ölkədə 25-dən çox müavinət növü var. Hər kəs onun marağındadır ki, bəlli olan müavinətlərin miqdarı artırılsın. Təbii ki, bu da büdcəyə daxil olan vəsaitlərin artımı ilə bağlıdır. Nəzərə alaq ki, bu ilin dövlət büdcəsi ötən ilki büdcədən böyükdür - 41 milyard. Ona görə də sosial yönümlü, müdafiə xərclərinə daha çox vəsait ayrılıb.

-Bu gün DSMF-nun büdcəsi qarşıya qoyulan hədəflər üçün kifayətdirmi?

-Qeyd etdiyim kimi, büdcəyə daxil olan vəsaitin artımı, sosial və digər xərclərə ayrılacaq vəsaitin çoxalması deməkdir. Bunun üçün ümumdaxili məhsul artmalıdır. Bunun üçün də əmək məhsuldarlığını, kapitalın məhsuldarlığını artırmaq lazımdır. Dünyada gedən iqtisadi inkişaf modelləri nəzərə alınmalıdır. Ölkəmizdə yeni texnologiyalara, elmə əsaslanan iqtisadi sahələr yaradılmalıdır. Son dövrlər müdafiə sənayesi ilə bağlı xeyli irəliləyişlər əldə etmişik. Bu, həm müdafiə qüdrətimizin artması, həm də yeni iş yerləri və insanların işlə təmin olunması deməkdir. Beləliklə, müasir texnologiyalar əsaslanan mütəxəssislərimiz ortaya çıxır. Biz köhnə çərçivələrdən çıxıb yeni, müasir texnologiyalara əsaslanan istehsal sahələri yaratmalıyıq. Eləcə də qeyri-neft sektoru inkişaf etdirilməlidir. Bu sahənin inkişafı üçün bir çox şərtlər var ki, əməl olunmalıdır. Münbit iqtisadi şərait, xarici, daxili investorların prosesə cəlb olunması, vergi sistemi qurulmalıdır. Dövlət də bu gün qeyri-neft sektorunun inkişafına yönələn addımlar atır.  Amma müəyyən məsələlər var ki, orada dövlətin yükü azaldılmalıdır. Yəni kiçik, orta biznes inkişaf etdirilməlidir ki, orta təbəqə yaransın. Bu, özü-özünü idarə edən, dolandıran təbəqədir. Biz vergi ödəyicilərinin sayını artırmalıyıq. Sahibkarlıq fəaliyyəti, biznes inkişaf eləməlidir. Bunun üçün təbliğat işləri düzgün aparılmalıdır. Burada hər kəs işinə məsuliyyətlə yanaşmalıdır.

Torpaqlar işğaldan azad olunandan sonra iqtisadi inkişaf üçün geniş imkanlar yaranıb. Çünki o ərazilər münbit təbii resurslara malikdir. O ərailərin yenidən qurulması üçün 19 milyard vəsait xərcləmişik. İşğal olmasaydı, ərazilərimizə böyük ziyan dəyməsəydi, bu gün o sahələrə ayrılan vəsaitlər, sosial sahələrə ayırılardı. Ona görə də deyirəm ki, mövcud şəraitə uyğun olaraq büdcəmiz ədalətli bölünüb.

Tahirə Qafarlı