“Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır” – Səfir Lu Mey

12:20 10.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyində Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününə həsr olunmuş brifinq keçriilib.

Hafta.az-ın yazdığına görə, Çinin Azərbaycandakı səfiri xanım Lu Mey bildirib ki, ÇXR-in Sədri Si Cinpin 2023-cü ildə Qlobal Sivilizasiya Təşəbbüsünü irəli sürüb və bununla da ümumbəşəri dəyərləri təşviq etməyə, sivilizasiya irsinin qorunmasına, onun innovativ inkişafına, humanitar mübadilənin və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə çağırıb. Bu, Çinin sivilizasiyalararası dialoqun genişləndirilməsi işinə mühüm töhfəsidir.

Xanım səfir qeyd edib ki, Sivilizasiyalararası dialoq təşəbbüsü müxtəlif mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş proses olub, insanların mədəniyyətlər arasındakı fərqləri tanıyaraq onlara hörmət etməsinə imkan yaratmaq, bununla da planetdə sülhü və əməkdaşlığı təşviq etmək məqsədi daşıyan BMT təşəbbüsüdür.

“Digər 83 ölkə kimi, Azərbaycan da bu prosesə dəstək ifadə edən sənədi imzalayıb. Sivilizasiyalararası dialoq müxtəlif mədəniyyətlər və dinlər arasında əməkdaşlığın təşviqinə yönəlib” deyən səfir bildirib ki, bu ilin aprelində Sədr Si Cinpin və Prezident İlham Əliyev “Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzalayıblar. Sənəddə açıq şəkildə bildirilir ki, Azərbaycan Çin tərəfindən təklif olunan Qlobal Sivilizasiya Təşəbbüsünü fəal surətdə dəstəkləyir.

“Azərbaycan Çinin BMT-də irəli sürdüyü “Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü”nün elan edilməsinə dair qətnaməni yüksək qiymətləndirir və sivilizasiyaların müxtəlifliyinə hörməti birgə dəstəkləməyə, insanlar arasında mübadilə və əməkdaşlığı fəal şəkildə təşviq etməyə hazırdır. Çin, öz növbəsində, Azərbaycanın “Bakı Prosesi” adlı təşəbbüsünü və mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi onun çərçivəsində çağırdığı qlobal forumlarla bağlı səylərini dəstəkləyir. Bu, iki ölkənin qlobal sivilizasiyalar mübadiləsinin gücləndirilməsinə yönəlmiş bir-birinin təşəbbüslərini qarşılıqlı surətdə dəstəklədiyini, Qlobal Sivilizasiya Təşəbbüsünü birgə həyata keçirdiyini tam şəkildə nümayiş etdirir. Onların birgə fəaliyyətində sivilizasiyalararası mübadilə bütün maneələri dəf edir, qarşılıqlı zənginləşmə münaqişələrə, birgəyaşayış isə hər hansı üstünlüyə qalib gəlir”, - deyə səfir Lu Mey vurğulayıb.

Xanım Lu Mey bildirib ki, Çin Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününün bayram edilməsi fürsətindən istifadə edərək, iki ölkənin xalqlarının ünsiyyət vasitəsilə bir-birini daha yaxşı anlaması, onlar arasında dostluğun dərinləşdirilməsi və əlaqələrin möhkəmləndirilməsində yeni birgə səhifəsinin yazılması istiqamətində Azərbaycanla birlikdə humanitar əməkdaşlığı genişləndirməyə hazırdır.

“Bu il aprelin 22-dən 24-dək Prezident İlham Əliyev Çinə dövlət səfərini uğurla həyata keçirib. Səfər zamanı Sədr Si Cinpin və Prezident İlham Əliyev hərtərəfli strateji tərəfdaşlığın qurulduğunu birgə bəyan etdilər və bir çox sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair bir sıra mühüm razılaşmalar əldə etdilər. Bununla da Çin-Azərbaycan münasibətlərində yeni tarixi səhifə açıldı. Bu yaxınlarda mən Azərbaycanın yüksəkvəzifəli şəxsləri, eləcə də Çindən gələn rəsmi nümayəndə heyətləri, region və müəssisələrin nümayəndələri ilə də bir sıra görüşlər keçirmişəm. Biz iki ölkə arasında əlaqələrin inkişafını ətraflı müzakirə etdik. Əsas təəssüratım ondan ibarətdir ki, dövlət başçılarının rəhbərliyi Çin-Azərbaycan münasibətlərinin yüksəkkeyfiyyətli inkişafı üçün ən mühüm üstünlük və etibarlı təminatdır. Hazırda hər iki ölkənin müxtəlif qurumları və regionları iki lider arasında imzalanmış sazişləri fəal şəkildə həyata keçirir və bu, bütün sahələrdə əməkdaşlıqda yeni irəliləyişlərə səbəb olub”, - diplomat bildirib.

İkitərəfli praqmatik əməkdaşlığın aktiv şəkildə inkişaf etdiyini xatırladan səfir qeyd edib ki, Azərbaycan tərəfinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında ikitərəfli ticarətin həcmi yüksək dinamika tendensiyasını saxlamaqla 1,4 milyard dollara çatıb. Bu da təxminən 37 faiz artım deməkdir.

Xanım Lu Meyin sözlərinə görə, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşı və idxalında 2-ci ölkədir. Eləcə də Çin tərəfi elektron ticarət platformaları vasitəsilə Azərbaycan məhsullarının satışının genişləndirilməsini alqışlayır.

“Belə ki, iki ölkənin müvafiq qurumları yaşıl enerji, rəqəmsal iqtisadiyyat, infrastruktur və digər sahələrdə yüksəkkeyfiyyətli əməkdaşlığın dərinləşdirilməsi üçün yeni praktiki addımları fəal şəkildə araşdırır” deyən diplomat qeyd edib ki, Çinlə Azərbaycan arasında bütün səviyyələrdə qarşılıqlı əlaqələrin getdikcə daha da möhkəmlənib. Səfir qeyd edib ki, Prezidentin köməkçisi Anar Ələkbərov, həmçinin elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər Çinə səfərlər ediblər. Çinin Quandun və Tszyansu əyalətləri kimi iqtisadi cəhətdən inkişaf etmiş regionlarının nümayəndələri yerli layihələr və imkanlarla tanış olmaq üçün Azərbaycana gəliblər. İki ölkənin hakim partiyaları arasında da qarşılıqlı əlaqələr daim dərinləşir. Xanın Mey əlavə edib ki, bu həftəsonu Çin Kommunist Partiyasının nümayəndəsi kimi YAP-ın təşkil etdiyi beynəlxalq partiyalararası konfransda iştirak etmək üçün Şuşaya gedəcək.

Çinin hər zaman süni intellekt sahəsində beynəlxalq idarəçiliyin və əməkdaşlığın gücləndirilməsinə tərəfdar olduğunu deyən səfir Lu Mey bildirib ki, bu inkişaf bütün bəşəriyyətin xeyrinə olmalı və “varlı ölkələr və varlı insanların oyunu”na çevrilməməlidir.

Xanım Lu Meyin sözlərinə görə, hazırda süni intellekt kimi müasir texnologiyalar sürətlə inkişaf edərək yeni texnoloji və sənaye inqilabı dövrünün mühüm mühərrikinə çevrilir. Onlar istehsal və sosial sahələrdə bəşəriyyətə görünməmiş imkanlar yaradır, eyni zamanda, qlobal idarəçiliyin mühüm mövzusuna çevrilərək bütün dünya hökumətlərinin diqqətini cəlb edir. “2023-cü ildə Çin Sədri Si Cinpin insanların rifahını yaxşılaşdırmaq, iqtisadi və sosial inkişafı təşviq etmək və süni intellekt texnologiyalarından sui-istifadənin və yanlış tətbiqin qarşısını almaq üçün insan mərkəzli süni intellektin inkişafına sadiqliyi vurğulayan “Süni intellektin idarə olunması üzrə Qlobal Təşəbbüs” təklif edib. Təşəbbüs süni intellektin daim insanların nəzarətində olmasını təmin etmək üçün idarə oluna, izlənilə və etibar edilə bilən süni intellekt texnologiyalarının yaradılmasını, bu sahədə qanun və qaydaların davamlı olaraq təkmilləşdirilməsini tələb edir. O, həmçinin süni intellektin qlobal idarəçiliyində inkişaf etməkdə olan ölkələrin təmsilçiliyinin və səsinin gücləndirilməsini, süni intellektin inkişafı və idarə olunmasında bütün ölkələr üçün bərabər hüquqlar, imkanlar və qaydaların təmini, süni intellektin inkişafı, təhlükəsizliyi və idarə olunması ilə bağlı beynəlxalq məsələlərin əlaqələndirilməsinə fəal dəstək verilməsini, habelə BMT çərçivəsində effektiv, ədalətli və şəffaf fəaliyyət mexanizmi yaradılmasının tərəfdarıdır”, - səfir deyib.

Potensialın artırılması sahəsində əməkdaşlığın qlobal süni intellekt idarəçiliyinin əsas istiqaməti olduğunu vurğulayan Lu Mey deyib ki, Çin ötən ildən BMT Baş Assambleyasının “Süni intellekt üçün potensialın gücləndirilməsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi” adlı qətnaməsinin qəbulunu fəal şəkildə təşviq edir. Eyni zamanda, Pekin “Qlobal süni intellekt potensialının artırılması planı”nı elan edib və bu sahədə beynəlxalq əməkdaşlıq üçün “Dostlar qrupu”nun yaradılması təklifini irəli sürüb. “Xüsusilə qeyd olunur ki, Azərbaycan Çinin təklif etdiyi Baş Assambleya qətnaməsini fəal şəkildə dəstəkləyib və “Dostlar qrupu”na ilk qoşulan ölkələrdən olub. Pekin artıq Azərbaycan rəsmilərini süni intellekt sahəsində potensialın artırılması üzrə seminarlarda iştirak etmək üçün iki dəfə Çinə səfərə dəvət edib. Biz Qlobal Cənub ölkələrinin, o cümlədən Azərbaycanın potensialı gücləndirmək, rəqəmsal və intellektual uçurumu aradan qaldırmaq, siyasi təcrübə mübadiləsi, texniki dəstək, maliyyə yardımı, kadr hazırlığı və birgə tədqiqatlar vasitəsilə parlaq “rəqəmsal” və “intellektual” gələcəyə birgə irəliləmək səylərini dəstəkləməyə davam edəcəyik”, - xanım Lu Mey bildirib.

Xanım diplomat qeyd edib ki, iki ölkə arasında əlaqələrin sürətlə genişlənməsi insanların gediş-gəlişinə də müsbət təsir edib və nəticə etibarı ilə bu ilin ilk dörd ayı ərzində Azərbaycana səyahət edən çinli turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 70 faiz artıb.

Səfir Lu Mey ümidvar olduğunu bildirib ki, ümumvətəndaş pasportu sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişin qüvvəyə minməsinin bu axını daha da artıracağı gözlənilir. Artıq tərəflər sazişin ratifikasiyası və icrası üçün lazımi addımlar atır.

Çinlə Azərbaycan arasında ikitərəfli humanitar əməkdaşlığın getdikcə daha da genişləndiyini vurğulayan diplomat deyib ki, iki ölkənin mədəniyyət müəssisələri, beyin mərkəzləri, universitetləri və media orqanları arasında fəal əlaqələr davam etdirilir. Bu yaxınlarda Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Pekin Xarici Dillər Universitetində olub, Azərbaycan dilini öyrənən müəllim və tələbələrlə görüşüb. İyunun sonunda Azərbaycan Medianın İnkişafı Agentliyinin rəhbəri və bir sıra aparıcı media nümayəndələrinin Çinə səfəri planlaşdırılır.

“Dövlət başçılarının diplomatiyası Çin - Azərbaycan münasibətlərinin inkişafında kompas və qütb ulduzudur. Pekin Bakı ilə birlikdə iki liderin əldə etdiyi mühüm razılaşmaları birgə həyata keçirməyə, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə kömək etməyə və ikitərəfli münasibətlərin məzmununu daim zənginləşdirməyə hazırdır”, - deyə Lu Mey sözlərini yekunlaşdırıb.