Dünyanın ikinci böyük iqtisadiyyatı olan Çində istehlak qiymətləri aşağı düşərkən, daşınmaz əmlak böhranı dərinləşir. Dünyanın ən sıx məskunlaşdığı ölkədə gənclər arasında işsizlik artmaqda, ixrac azalmaqdadır. Çinin daşınmaz əmlak sektorunda problemlərin yenidən başlaması və "məyusedici" iqtisadi məlumatlar dünyanın ikinci ən böyük iqtisadiyyatının sabitliyi ilə bağlı qorxuları artırır, böhran isə maliyyə bazarlarına sıçrama təhlükəsi yaradır.
Çin iqtisadiyyatı ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə cəmi 0,8 faiz artıb. Son həftələrdə istehlak və ölkənin ixracı da daxil olmaqla bir çox iqtisadi göstəricilər aşağı düşsə də, bəzi ekspertlər növbəti onillikdə iqtisadi artımın orta hesabla cəmi 2-3 faiz olacağını gözləyirlər. Mütəxəssislər Çində zəif artımı "olduqca həyəcanverici" kimi qiymətləndirir və ölkə iqtisadiyyatının "etimad böhranı" yaşadığını bildirirlər.
"Ticarət bombası"
Çin iqtisadiyyatının zəifliyi qlobal iqtisadiyyat, xüsusilə bu ölkəyə yüksək məhsul ixrac edən ölkələr üçün risk yaradır. ABŞ Prezidenti Co Biden bu yaxınlarda Çin iqtisadiyyatını "ticarət bombası" adlandırdı, bir neçə investisiya bankı isə son bir neçə gündə Çin üçün iqtisadi artım proqnozlarını aşağıya doğru yenidən nəzərdən keçirdi. ABŞ investisiya bankı Barclays bu il cəmi 4 faiz, Yaponiyanın Mizuho Financial isə 5 faiz artım proqnozlaşdırır.
Mütəxəssislər bildirirlər ki, Çin iqtisadiyyatı üçün ən böyük risk indiyədək iqtisadi məhsulun təxminən dörddə birini təşkil edən şişirdilmiş daşınmaz əmlak sektorundan qaynaqlanır. Ölkədəki kəskin iqtisadi yavaşlama və yüksək borc səviyyələrinin, xüsusən də yerli özünüidarəetmə orqanlarında və daşınmaz əmlak sektorunda yaranan problemlər görünməmiş bir miqyasda olsa da, Çin hakimiyyətinin iqtisadi böhranları nəzarət altına almaqda diqqətəlayiq bir təcrübəyə sahib olduğu da məlumdur.
Çində səlahiyyətlilər əsəbi investorları sakitləşdirməyə çalışsa da, Çin Xalq Bankının faiz dərəcələrinin endirilməsi ilə son vaxtlar yaşanan bəlaları aradan qaldırmağa çalışması da diqqət çəkir.
Hökumətin atdığı addımlar
Bəzi ekspertlər daşınmaz əmlak qiymətlərinin aşağı düşməsinə, deflyasiyanın başlanmasına və borcların artmasına işarə edərək, uzunmüddətli tənəzzül barədə xəbərdarlıq edir. Digər qisim isə Çin modelinin dağılmaq üzrə olmadığını və bunun üçün hələ tez olduğunu düşünürlər.
Tətil mövsümündə olmasına baxmayaraq, son həftələr Pekində hakimiyyət orqanları arasında fəallığın olması diqqət çəkir. İqtisadiyyatı dəstəkləmək üçün səlahiyyətli orqanlar tərəfindən davamlı olaraq yeni planlar təqdim edilərkən, özəl sektorun gücləndirilməsi üçün 31 təklif, istehlakın stimullaşdırılması üçün 20 tədbir, daha çox iş yerinin yaradılması üçün 26 ideya və xarici investorlar üçün mühitin yaxşılaşdırılması üçün 24 bənd açıqlanıb. Çin prezidenti Xi Jinping bu yaxınlarda çinliləri “səbirli” olmağa çağırıb. Xi bildirib ki, qısamüddətli maddi rifahın arxasınca getmək əvəzinə, ölkə təhsil, səhiyyə və ərzaq təminatının yaxşılaşdırılması kimi uzunmüddətli hədəflərə diqqət yetirməlidir.
Çin hökuməti iqtisadiyyatını xarici təsirlərdən daha az asılı etmək üçün daxili istehlakı artırmaq məqsədini davam etdirir. Lakin sərt sıfır Covid-19 siyasəti, eləcə də daşınmaz əmlak böhranı və gələcək iqtisadi inkişafla bağlı qeyri-müəyyənlik fərdi ev təsərrüfatlarında narahatlıq yaradır və onları qənaət etməyə məcbur edir.
Xarici borc
Beynəlxalq Hesablaşmalar Bankının (BIS) məlumatına görə, Çinin borcu ölkənin 2022-ci il ÜDM-nin təxminən 300 faizini təşkil edir. Yerli hökumətlərin borcu bunun böyük bir hissəsini təşkil edir. Sözügedən borc 2012-ci ildə ÜDM-nin 200 faizindən aşağı idi.
Son 10 ildə yerli hökumətlər əsasən kredit hesabına infrastruktura külli miqdarda sərmayə yatırmaqla yerli iqtisadiyyatı canlı tutmuşlar. Bu da borcları artırdı. Xərclər tikinti layihələri üçün torpaq satışından əldə edilən gəlirlər hesabına maliyyələşdirilib. Amma daşınmaz əmlak böhranı səbəbindən torpağa tələbat azalıb və gəlirlər də aşağı düşüb. Kovid-19 epidemiyasında yerli hökumətlərin “Kovid-19 testi” kimi xərcləri söz mövzusu borcları artırıb.
Qlobal iqtisadiyyata təsir
Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çin, son iki onillikdə qlobal iqtisadi artımın ən mühüm amillərindən biri olmuşdur. Çinin ÜDM-i birinci yarımillikdə 59,3 trilyon yuana (təxminən 8,31 trilyon dollar) çatıb. Beynəlxalq Valyuta Fondu (BVF) hesablayır ki, 2023-cü ilə qədər Çin qlobal iqtisadi artıma 35 faiz töhfə verib. Buna görə də Çinin iqtisadi problemləri qlobal iqtisadiyyat üçün risk yaradır. BVF-nin Sakit Okean Departamentindən Çin ekspertləri Diego A. Cerdeiro və Sonali Jain-Chandra bu qənaətdədirlər ki, Çin iqtisadiyyatı 1 bənd artacağı halda digər ölkələrin iqtisadiyyatları da 0,3 bənd artacaq. Mütəxəssislər həmçinin Pekinin dəstəklədiyi Çin şirkətlərinin zəif daxili tələbi kompensasiya etmək üçün əvvəlkindən daha çox xarici bazarlara çıxacağını və bununla da ABŞ, Yaponiya və Almaniya şirkətləri ilə daha çox rəqabət aparacağını gözləyirlər. Çin iqtisadiyyatındakı problemlər son zamanlar beynəlxalq kapital bazarlarına da təsir edib. Böyük daşınmaz əmlak istehsalçılarının üzləşdiyi kəskin problemlər qarşısında bəzi investorlar hətta yeni “Lehman faciəsi”ndən qorxurlar. 2008-ci ildə ABŞ-da investisiya bankı Lehman Brothers-in iflası digər banklara da domino təsiri bağışladı və qlobal maliyyə böhranının tətikləyicilərindən biri hesab edildi.
Avropanın iqtisadi lokomotivi də iqtisadi çətinliklə üz-üzə
Maraqlıdır ki, iqtisadi tənəzzül tək Asiya nəhəngində yox, Avropanın iqtisadi lokomotivi sayılan Almaniyada da yaşanır. Rusiya-Ukrayna müharibəsindən sonra avro bölgəsində artan inflyasiyaya qarşı yüksələn faiz dərəcələri alman şirkətlərinin, eləcə də tikinti sektorunun investisiya etmək istəyini cilovlasa da, Almaniya Kovid-19-dan sonra sənayesi üçün təchizat zəncirlərini yenidən qurmağa çalışır. Almaniya iqtisadiyyatı bu ilin birinci rübündə qeyri-adi yüksək inflyasiyanın və artan faiz dərəcələrinin istehlakçı xərclərinə təsiri nəticəsində 0,3 faiz düşərək texniki tənəzzülə girib.
Epidemiya prosesində yaranan darboğazlar yumşalsa da, faiz dərəcələrinin artması, iqtisadiyyata inamın azalması və istehlakçıların alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində tələbatın durğunluğu ölkə iqtisadiyyatına mənfi təsir göstərir.
Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatlarına görə, iqtisadiyyatın böyüməsində mühüm yer tutan emal sənayesində istehsal iyun ayında əvvəlki ayla müqayisədə 1,5 faiz azalıb, real pərakəndə satışlar isə 1,5 faiz azalıb.
İxracat da gözləntilərin altında artıb. Mütəxəssislər tədarük zənciri problemləri, daha çox parçalanmış qlobal iqtisadiyyat və Çinin əvvəl Almaniyadan aldığı malları getdikcə özünün istehsal edə bilməsinin iyun ayında ixraca təzyiq edən amillər olduğunu deyirlər.
ING-nin Qlobal Makro Tədqiqat şöbəsinin rəhbəri və Almaniyanın baş iqtisadçısı Carsten Brzeski, "Ticarət artıq Almaniya iqtisadiyyatının əvvəlki kimi güclü və dayanıqlı artım sürücüsü deyil, əksinə bir maneədir" deyir. İyun ayında ölkənin idxalı da aylıq bazda 3,4 faiz azalaraq xarici ticarət profisitinin artmasına səbəb olub.
Artan inflyasiya
Almaniya Mərkəzi Bankı (Bundesbank) xaricdən zəif tələb və artan maliyyə xərcləri səbəbindən üçüncü rübdə ölkənin iqtisadi artımının sabit qalacağını gözləyir.
“Bundesbank”ın iqtisadiyyata dair avqust hesabatında, aparıcı proqnozların Almaniya iqtisadiyyatının ilin ikinci rübündə sıfır artım qeyd etdiyinə, iyul-sentyabr dövrü üçün proqnozun çox da yaxşı olmadığına işarə edildiyi qeyd edilib.
"Almaniyanın iqtisadi məhsuldarlığı üçüncü rübdə böyük ehtimalla dəyişməz qalacaq" deyən hesabatda əlavə edilib ki, xaricdən gələn zəif tələb və artan maliyyə xərcləri, faiz artımı ilə birlikdə iqtisadiyyata təsir edir.
Avropa Mərkəzi Bankının (AMB) inflyasiyanı azaltmaq üçün faiz artımı səbəbiylə artan borclanma xərclərinin Almaniyada investisiya və tikinti sektoruna təzyiq göstərməyə davam edəcəyini proqnozlaşdıran hesabatda inflyasiyanın yuxarıda qala biləcəyi qeyd edilib.
Bu il kiçiləcək yeganə “G7” ölkəsi
Almaniya iqtisadiyyatının təzyiq altında qalmasına baxmayaraq, ABŞ və Yaponiya kimi digər sənayeləşmiş ölkələrin inflyasiya və yüksək faiz dərəcələrinin öhdəsindən daha yaxşı çıxması diqqət çəkir. Digər Avrozona ölkələrində də iqtisadi vəziyyət Almaniyadan yaxşıdır.
Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, Almaniya bu il kiçiləcək yeganə G7 ölkəsi olacaq. Federal Məşğulluq Agentliyinin rəhbəri Andrea Nahles, iyul ayı əmək bazarı məlumatlarını qiymətləndirməsində, "zəif iqtisadiyyat işçi qüvvəsində iz buraxır" deyib. Bu arada, iyul ayında ölkədə müflisləşən şirkətlərin sayı illik bazada kəskin artarkən, Almaniyada şirkət və ortaqlıqların iflas ərizələrinin sayı iyulda keçən ilin eyni dövrü ilə müqayisədə 44,4 faiz artaraq 1025-ə çatıb. Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin bəyanatında deyilir: "Ümumilikdə, iflas meyli 2022-ci ilin ikinci yarısından etibarən çox aşağı səviyyədə olsa da, davamlı olaraq artmaqdadır".
Çindən asılılıq
Almaniyanın digər böyük Avropa iqtisadiyyatlarına nisbətən Çindən daha çox asılı olması diqqət çəkir. Çinin Almaniyadan aldığı malların getdikcə daha çoxunu istehsal edə bilməsi Almaniya iqtisadiyyatının tənəzzüldən çıxmasını çətinləşdirir.
İxracyönümlü iqtisadiyyata malik Almaniya, Çinin qlobal iqtisadiyyata açılmasından illərdir ən çox faydalanan ölkələrdən biri olub. Çində alman avtomobillərinə və mexanizmlərinə böyük tələbat var. Çinə ixrac Almaniyanın İkinci Dünya Müharibəsindən sonrakı ən uzun iqtisadi artımını dəstəkləyib. Çin son 7 ildə Almaniyanın ən böyük ticarət tərəfdaşı olsa da, keçən il iki ölkə arasındakı ticarət həcmi, təxminən, 300 milyard avroya çatıb.
Almaniya ictimaiyyəti Rusiyadan son enerji asılılığının enerji böhranı ilə nəticələnməsindən sonra Çindən iqtisadi asılılığı müzakirə edir. Almaniyanın elektriklə işləyən avtomobillər üçün getdikcə əhəmiyyət kəsb edən litium batareyaları və nadir torpaq elementləri kimi xammal baxımından Çindən “güclü idxal asılılığı” var. Alman şirkətləri qlobal bazar üçün Çində ən son texnologiyaları hazırlayır və sınaqdan keçirir. Çin iqtisadiyyatının inkişaf tempinin azalması fonunda alman mallarına tələbi azalacağı gözlənilir.