COVID-19-la bağlı yeni araşdırma - əvvəlki dərman ajiotajı gözlənilə bilərmi?

13:31 20.04.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

COVID-19 infeksiyası ilə bağlı aparılan daha bir kliniki elmi tədqiqat işi başa çatıb. Bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib. Onun sözlərinə görə, yeni tədqiqat artıq nüfuzlu "The Lancet" jurnalında dərc edilib.

Azərbaycanlı alim bildirib ki, kliniki elmi tədqiqatda astma xəstələrində istifadə edilən Budesonid inhalyasiyası COVID-19 xəstələrinə pozitiv təsirlər göstərir.

Yadınızdadırsa, bir müddət öncə, COVİD-19 şayiələrinin baş alıb getdiyi dövrlərdə "Arbidol", "Erqeferon" dərmanları haqqında da oxşar xəbərlər çıxmışdı, hətta həmin dərmanlar fantastik qiymətə də satılırdı. Bəs görəsən, yeni açıqlama daha əvvəl “Arbidol” və bu qəbildən olan digər preparatlarla olduğu kimi bahalaşmaya və qıtlığa səbəb olubmu? 

Hafta.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün araşdırma apardı. İlk öncə paytaxtın müxtəlif ərazilərində yerləşən apteklərdə sorğu keçirdik. Demək olar ki bütün satış obyektlərində qiymətlər elə əvvəl olduğu kimi qalmaqdadır. Üstəlik, bir çox aptekdən dərmanı resept olmadan satmadıqları deyildi.

"Fatimə Aptek"in əməkdaşının sözlərinə görə, satışlarda əvvəlki dövrlə indiki arasında heç bir fərq yaranmayıb. Qiymətlər isə standart olaraq dövlətin təyin etdiyi qədərdir. Ondan artıq satmağa ixtiyarları yoxdur.

"Darçın Aptek"in əməkdaşı da həmkarlarının fikirlərini təsdiqlədi. Satışla məşğul olan məsul şəxsin sözlərinə görə, astma xəstəliyi zamanı istifadə olunan dərman vasitələrinin hər birinin dozaları olur:

"Onlar firma və dozalara görə, əsasən, 25-in 125-ə 40 manat 60 qəpik,  disk şəklində 50-in 100-ə - 31.30, 50-in 500-ə 61.12 aralığında dəyişir. Bereduallar (preparatın adı) da 16 manat 40 qəpiyədir. Astma müalicəsi zamanı ən çox istifadə olunan dərman “Salbutamol” və “Ventolin”dir. “Ventolin”in də qiyməti 5 manat 48 qəpikdir".

Satıcı onu da bildirdi ki, koronaviruslu xəstələrin müalicəsi üçün dərman soruşulanda adıçəkilən vasitələr məsləhət görülmür:

"Ümumiyyətlə, heç soruşan da yoxdur. Müştərilərimiz, demək olar ki, daimidir. Dərmanların qiymətlərinə gəlincə isə hazırda heç bir dəyişiklik yoxdur, satışlarda da artım müşahidə etməmişik".

Apteklərdəki sorğunun ardından mövzuya bir də mütəxəssislərin gözündən baxaq dedik. Bu səpkidə yaranmış suallarımızı isə həkim-infeksionist Nicat Əzimli cavablandırdı. Həkim bildirdi ki, bu mövzu ilə şəxsi təcrübəmizdə dəfələrlə rastlaşmışıq. Belə bir tədqiqat ortaya çıxana qədər dediklərimiz subyektiv olaraq xarakterizə oluna bilərdi:

"Düşünürəm ki, bu haqda daha geniş və dərin tədqiqatlara ehtiyac var. Biz də öz təcrübəmizdə eynitərkibli və bunabənzər preparatlardan istifadə olunan pasiyentlərdə müəyyən dərəcədə yüngülləşmənin şahidi oluruq".

İnfeksionistin fikirlərindən aydın oldu ki, edilən açıqlamalar özünü elə praktikada da büruzə verib. Dərmanların alınıb istifadəsinə gəldikdə isə yaxşı olardı ki, belə vasitələrdən istifadə olunan zaman mütəxəssislərə müraciət olunsun.