Çoxuşaqlı ailələrin sayı azalmağa doğru gedir

13:04 22.04.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər Azərbaycanda çoxuşaqlı ailələrin sayında azalma tendensiyası müşahidə olunur. İndi müasir ailələrin əksəriyyəti bir və ya iki uşaqla kifayətlənirlər. Düzdür, Azərbaycanda çoxuşaqlı ailələrin sayının azalması demoqrafik poblem həddində olmasa da, gələcək üçün arzuolunan hal hesab edilmir.

Bəs, görəsən, çoxuşaqlı ailələrini sayının azalmasına səbəb nədir? Bu gün Azərbaycan ailələrində çoxuşaqlılığın təbliğ olunmasına ehtiyac varmı?

Əvvəlcə ondan başlayaq ki, Azərbaycanda demoqrafik vəziyyətin sabit saxlanılması dövlətin mütəmadi olaraq diqqət mərkəzindədir. Azərbaycanda əhalinin kəmiyyət və keyfiyyət artımını təmin etmək üçün ölkənin uzunmüddətli inkişaf xəritəsi də mövcuddur. Belə ki, Prezidentin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiqlənmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanaraq əhalinin kəmiyyət və keyfiyyət artımını təmin etmək üçün ölkənin uzunmüddətli inkişaf xəttinə uyğun "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2019-2030-cu illər)”nın layihəsi hazırlanıb. Bu sənədin əsas xəttini ailə institutunun möhkəmləndirilməsi və ailə dəyərlərinin təbliği, ailələrə, xüsusilə gənc ailələrə sosial dəstəyin artırılması, əhalinin reproduktiv sağlamlığının möhkəmləndirilməsi, ana və uşaqların mühafizəsinin gücləndirilməsi, əhalinin ölüm və xəstələnmə səviyyəsinin daha da azaldılması, həyat şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi, əhali sakinliyi və demoqrafiya sahəsində kadr və elmi potensialın inkişafı məsələlərini ehtiva edən bu proqramın əsas məqsədi əhalinin davamlı artımı və keyfiyyət xüsusiyyətlərinin yaxşılaşdırılması əsasında əhalinin sabit təkrar istehsalının təmin olunması təşkil edir.

Bundan başqa, hazırda ölkədə uşaqlara təxminən 14 növ müavinət verilir. Məsələn, uşağın anadan olmasına görə birdəfəlik müavinətin həcmi 200 manatdır. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə də ayrıca müavinət təyin olunur. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2018-ci il tarixli 168 nömrəli Fərmanına əsasən müavinətin məbləği 55 manat məbləğində müəyyənləşdirilib. Müavinətin təyin edilməsi üçün qeydiyyat yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun müvafiq şəhər, rayon şöbəsinə müraciət olunmalıdır. Eyni zamanda, uşağa bilavasitə qulluq edən işləyən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün iş yerindən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. Bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə isə - 28 manat məbləğində müəyyənləşdirlib. Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı (yəni altıncı uşağı) bir yaşına çatdıqda müavinət təyin edilir. Digər tərəfdən, çoxuşaqlı ailələrə dəstək məqsədilə ayrıca müavinət mövcuddur. “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən hər uşağa görə müavinət 2019-ci ilin aprelin 1-dən 55manat məbləğində müəyyənləşdirilib. Bununla yanaşı, yeni qanunvericiliyə görə, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi hər uşağa görə 1 il azaldılır. Misal üçün, beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadının yaşı hazırda 56 yaş yarımdırsa və pensiya hüququ yoxdursa, o zaman ona yaşa görə müavinət təyin edilir. Uşaqların sayı 6 olduqda bu yaş göstəricisi 55 yaş yarım, 7 olduqda 54 yaş yarım və s. yaş həddinə enir. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların da yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi 5 il azaldılır. Eləcə də ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət hüququ yaranıb. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir. 2019-cu il aprelin 1-dən müavinət 150 manat məbləğində müəyyənləşdirilib.

Məsələyə münasibət açıqlayan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hafta.az-a deyib ki, əslində çoxuşaqlı ailələrin sayında  azalmanın müşahidə olunması təkcə Azərbaycan üçün xarakterik deyil:

“Bu məsələnin kökü əslində yüz il əvvələ gedib çıxır və dünyada gedən proseslərlə birbaşa bağlıdır. Belə ki, yüz il əvvəl dünyada urbanizasiya artdı, insanlar kənddən şəhərə üz tutmağa meylli oldu, iqtisadiyyat inkişaf etməyə başladı və s. Bu zaman çoxuşaqlı ailələr də getdikcə azalmağa doğru getdi. Bundan sonra ailələr daha çox uşaq sahibi olmağa deyil, uşaqlarının daha yaxşı, hərtərəfli böyüməsinə, yaxşı təhsil almasına çalışmağa başladılar. Yəni uşağın çoxluğu yox, onun keyfiyyətli inkişafı məsələsi ilə bağlı mesajlar verildikdən sonra belə bir tendensiya yarandı. İndi çoxuşaqlı ailə əsasən üçuşaqlı ailə hesab olunur. Doğrudur, ölkəmizdə bu məsələ o qədər də pis vəziyyətdə deyil. Hələ də ailələrdə az da olsa 5, 6 uşaq olur”.

Ekspert çoxuşaqlı ailələrin də tərəfdarı olsa da, hesab edir ki, uşaq dünyaya gətirmək yarışa çevrilməməlidir: “Qadının orqanizminin sabit vəziyyətdə olması və sağlam uşaq dünyaya gətirmək önəmli məsələdir. Bir də əgər çox uşaq dünyaya gətirib, az sosial ailəyə çevriləcəksə, bu olmasın. Və yaxud bu ailə aliment, sosial yardım almaq üçün tələb qoyacaqsa, doğru deyil. Düzdür, çoxuşaqlı ailənin müsbət tərəfləri çoxdur. İk növbədə ailə bir-birinə dəstək verir, uşaqlar bir-biri üçün nümunə olur, bir-birinin qayğısına qalır, situmullaşdırır. Tək uşaq isə eqolu olur, daxili bir aqressiyalı olur, əksər hallarda kompleksləri olur və kənardan məsləhət almağa başlayır. Ana-ata tam məşğul olduğuna görə uşağın tərbiyəsi və inkişafı ilə bağlı kifayət qədər diqqət olmur. Dayə həmin hissi, sevgini yarada, verə bilmir. Nəticədə də tək uşaqlar cəmiyyətə adaptasiya olmaqda, insanlarla ünsiyyət qurmaqda, bir sözlə, sosiallaşmaqda çətinlik çəkirlər”.

Mövzu ilə bağlı fikirlərini açıqlayan psixoloq Elnur Rüstəmov isə hesab edir ki, doğulan uşaqların sayının azalması demoqrafik riskdən xəbər vermir:

"Hər il əhali sayında artımı müşahidə edirik, amma ailələrdə ümumi olaraq uşaqların sayının getdikcə azaldığının şahidi oluruq. Bu, keçən əsrin 90-cı illərindən sonra tendensiya halına çevrilib. Cəmiyyətdə işləyən xanımların sayının daha da artması, erkən nikahların azalması, boşanmaların çoxalması ailələrdə uşaq sayının azalmasına gətirib çıxarır. Ailədə uşaq sayı o vaxt çox olur ki, ailədəki tərəflər özünü zəmanətli hiss edirlər. Və yaxud ailədaxilində münasibət yaxşı olarsa, konfliktlər olmazsa, uşaq dünyaya gətirmək prosesinə müsbət təsir göstərir. Heç kəsə sirr deyil ki, xanımlar onlara qarşı sevgi, hörmət hissi görəndə uşaq dünyaya gətirmək arzusunda olur. Lakin həmin sevgini, qayğını görməyəndə, özünü güvəndə hiss etmir və uşaq dünyaya gətirməkdən qorxur, çəkinir. Digər tərəfdən, bu gün həm də uşaq tərbiyə etmək əvvəlki illərlə müqayisədə çox çətindir. Elə bir dövrdə, əsrdə yaşayırıq ki, ailədə 10 uşaq tərbiyə etmək çətindir. Təbii ki, bu cür hallara rast gəlmək olur, amma sayı çox azdır. Uşaq dünyaya gətirəndə gərəkdir ki, onu hərtərəfli tərbiyə edəsən, təhsil verəsən və s. Bütün bunlar indiki dövrün reallığında asan bir məsələ deyil. Burada söhbət təkcə maddiyyatdan getmir. Bütün hallarda düşünürəm ki, bununla bağlı tədbirlər görülməli, təşviq proqramları hazırlanmalıdır. Hamiləlikdən sonra müavinətlərin verilməsi, bu gün bu istiqamətdə təşviqat işlərinin aparılması, stimullaşdırıcı tədbirlərin görülməsi və ailə planlanması, uşaq dünyaya gəlməsi ilə konfliktlərin idarə edilməsi ilə bağlı konsepsiyanın hazırlanması ailədaxili münasibətlərin sağlamlaşdırılmasına, ailədə uşaq sayının normallaşmasına və eyni zamanda böyüyən uşaqların sağlam bir mühitdə böyüməsinə müsbət təsir göstərə bilər”.

Oxunma sayı 767