Harada, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, hər bir insanın qəlbində bir istək, sevgi olmalıdır. Oz doğma Vətənini, el-obasını boyük məhəbbətlə sevməlidir. Vətənini qərib ölkələrdə, dünyanın hər yerində təbliğ etməlidir. Xarici olkədə yaşayan həmyerlilərimiz arasında vətənpərvər, Vətən, torpaq təəssübkeşi çəkən ziyalılarımız, qeyrətli oğullarımız da az deyil. Onlar yaşadıqları ölkədə Azərbaycanımızı layiqincə təmsil edirlər. Doğulduğu Vətənin, xalqının və el-obasının adını ucaltmağa, sözügedən ünvana şöhrət gətirməyə çalışırlar.
Belə həmyerlilərimizdən biri də tanınmış həkim Solmaz Həsənovadır. Xatırladım ki, Solmaz Həsənova əslən qarabağlıdır. Ağdərə rayonunun qədim Kolanı ellərindən olan Kərəmli kəndində doğulub, boya-başa çatıb. İxtisasca həkim-pediatrdır. Ailəsi ilə birlikdə Həştərxan şəhərində yaşayır.
Solmaz xanım həm də gözəl şairdir. Vətən ruhunda şeirləri poeziyamızı, Azərbaycan və dünya ədəbiyyatını bəzəyir. Bir həkim kimi Həştərxan şəhərində böyük nüfuz qazanıb. Koronavirusun tüğyan etdiyi zamanda orada yaşayan nə qədər azərbaycanlıya və Azərbaycandan gedib orada təhsil alan tələbələrimizə ana, bacı, əsl azərbaycanlı kimi qayğı göstərir, onlara öz köməkliyini əsirgəmir, xəstəliklə bağlı müraciət edənlərə tibbi yardım göstərir, xəstəxanaya yerləşdirir və əlindən gələn köməkliyi əsirgəmir.
Solmaz xanım Həftə içi”nə öz oğlu barəsində danışdı. Bildirdi ki, həyat yoldaşı Cəbrayıl rayonundandır, hər ikisi qaçqın taleyini yaşayır: “Ailə həyatı qurandan sonra Həştərxan şəhərinə üz tutduq. Orada xoşbəxt yaşasaq da, Qarabağ, el-oba həsrəti sinəmizə çalın-çarpaz dağ çəkir, özü boyda sağalmaz yaraya çevrilib. Vətənin nə olduğunu qərib yurdda yaşayanlar bilir. Baxmayaraq, oğlum Səbuhi Elman oğlu Həsənov Qarabağı, ata-baba yurdumuzu görməyib, amma bir ana, valideyn kimi onu vətənpərvər ruhda böyüdüb, tərbiyə eləmişəm”.
Solmaz Həsənova deyir ki, oğlu Səbuhi Həsənov 1998-ci ildə Bakı şəhərində anadan olub: “2020-ci ildə Saratov adına Dövlət Hüquq Akademiyasının Prokurorluq fakültəsini qırmızı diplomla başa vurub. Səbuhi hələ uşaq vaxtlarından Vətənə bağlı olub. Azərbaycan Himnini 5 yaşından, bəlkə gündə 4 dəfə oxuyurdu. Ona bəzən gülürdüm, həm də çox sevinirdim, həm də qürur hissi keçirirdim. Hər zaman Qarabağla, Azərbaycanla maraqlanır, orada baş verən hadisələri izləyir. Hələ kiçik yaşlarında, orta məktəbdə oxuduğu illərdə bizdən soruşurdu: Nədən Qarabağı ermənilər işğal edib, niyə siz azərbaycanlılar, qeyrətli Vətən oğulları gedib torpaqlarımızı azad etməmisiniz? Hər dəfə Səbuhi bu barədə sual verəndə cavab verməyə və həqiqəti deməyə çətinlik çəkirdim.
Orta məktəbdə IX sinfə kimi erməni millətinin nümayəndələri ilə bir sinifdə oxuduğundan, çox gərgin həyat yaşadım. Səbuhi orta məktəbdə bütün günü erməniləri döyürdü, onlardan Qarabağın heyfini çıxmağa çalışırdı. Mən onu başa salırdım ki, belə olmaz, biz başqa ölkədə yaşayırıq. Ona görə də bədbəxt hadisələr baş verməsin, həyatını təhlükəyə atmasın deyə, Səbuhiyə Qarabağla bağlı acı həqiqətləri, erməni vəhşilikləri haqda heç nə demədim.
Artıq IX sinfi bitirəndən sonra, oğluma haralı olduğumu, harada yaşadığımı, işğal altında qalmış yurd yerlərimiz barədə ətraflı məlumat verəndə həmişə pis olurdu. Hər dəfə təhsil aldığı Akademiyada millətlərarası tədbirlərin keçirilməsini Azərbaycan üzrə o, təşkil edirdi.
2020-ci il ona gözlənilməz sürpriz etdi. O, bu tədbirdə ermənilərin Ermənistanın bayrağı ilə yanaşı, qondarma “DQR” bayrağını gətirmək istəyini çox kəskin qarşılaşdı.
Təbii ki, bu, normal haldır. Səbuhinin atası Cəbrayıl, anası Ağdərə rayonundandır. Qarabağ Azərbaycan torpağı olduğu halda, ermənilərin bu bayrağı sərbəst təqdim etməsi onu özündən çıxardı. O mənə zəng edib bu barədə deyəndə, ona cavab verdim ki, sən buna öz etirazını bildir və qoyma qondarma “Qarabağ bayrağı”, erməni bayrağı orada dalğalansın. Əgər Akademiyanın rəhbərliyi səviyyəsində bu məsələ həll olunmasa, ona həmin tədbirdə iştirak etməməsini tövsiyə etdim.
Qarabağ sevgisi, Vətən məhəbbəti öz işini gördü. Səbuhinin səyləri nəticəsində erməni tələbələrinin mənfur niyyətləri ürəklərində qaldı. Qarabağla bağlı Azərbaycanın əleyhinə bir kəlmə də olsun işlətmədilər. Əksinə, Səbuhi həmin tədbirdə Azərbaycanla, Qarabağın işğalı və onun Azərbaycanın tərkib hissəsi, bir parçası olması ilə bağlı tarixi faktlarla tutarlı şəkildə çıxış etdi. Onun çıxışından pərt olan erməni nümayəndələri susmaqla kifayətləndilər”.
Solmaz həkim söyləyir ki, arzusu oğlunu diş həkimi kimi görmək idi: “Əslində, mən onu diş həkimi kimi hazırlaşdırmışdım. Amma orta məktəbin axırıncı ilində fikrimi dəyişdi. Mənə elə gəlir, o, seçimini düzgün edib. O, mənimlə hər dəfə Kislovodskda olanda mənə“Ana, bax, nə gözəl yerdi, dağa bax”, – deyəndə, hər zaman başımı bulayıb, içim yana-yana “Bu, dağ deyil, balam, dağlar Qarabağda qaldı”, – deyirdim...