Pandemiyaya görə ölkədə tədris dayanıb. Son brifinqdə də hələ ki, tədrisin ənənəvi qaydada davam etməsi haqda fikrin olmadığı bildirildi. COVİD-19 səbəbi ilə öncəki aylarda özəl sahibkarlara dəstək məqsədi ilə dövlət tərəfindən yardım edilmişdi.
Nəzərə alsaq ki, tədris onlayn davam edərsə, valideynlər övladlarını özəl məktəblərdə təhsil almalarından imtina edəcəklər. Bu isə özəl müəssisələrin iflas olması deməkdir. Bəs hansı addımlar atılmalıdır, təkrar dövlət dəstəyinə ehtiyac varmı?
Mövzunu hafta.az-a şərh edən təhsil eksperti Elçin Əfəndi hesab edir ki, özəl müəssisələrin ənənəvi qaydada tədrisi davam etdirmələrinə şərait yaradıla bilər:
"Hazırki vəziyyət üçün distant təhsilin vəziyyəti ürək açan deyil. Mövcud distant təhsil ölkəni tam əhatə etmir. Yəni normal intetnetin olmaması şagirdlərin, müəllimlərin təhsildən kənarda qalmasına səbəb olur. Hətta deyərdim ki, böyük qismi üçün bu fikir keçərlidir. Bu halda özəl təhsil müəsissələri də ziyan çəkmiş olur. Yəni kursların maddi gəlirləri iflasa uğradı. Əgər dərslər onlayn davam edəcəksə, bir çox kurslar fəaliyyətini dayandıracaq. Onlar komanda halında çalışırlar, vergi ödəyicisidirlər. Belə olan halda işçiləri ixtisar olunacaq. Valideynlər bu halda övladlarını kurslara, liseylərə göndərmək istəmirlər. Dövlət kompensasiya ödəməlidir. Ən azından işçilərin əmək haqqı verilməsi ilə bağlı çətinlikləri yaranmasın. Düşünürəm ki, bu addım atılmalıdır. Əks halda ənənəvi qaydada tədris davam etməlidir. Və ya çıxış yolu kimi, özəl müəssisələrin ənənəvi qaydada davam etməsinə icazə versinlər".