Dollara böyük zərbə: Hindistan BƏƏ neftini rupi ilə almağa başladı

13:00 16.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistan hökuməti Birləşmiş Ərəb Əmirlikləri ilə öz yerli valyutaları ilə ikitərəfli ticarətə başladığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Hindistan hökuməti elan edib ki, ölkənin ən böyük neft emalı şirkəti Körfəz ölkəsindən 1 milyon barel neft almaq üçün rupidən istifadə edir.

Hindistan səfirliyindən verilən açıqlamaya görə, Hindistan Neft Şirkəti Əbu Dabi Milli Neft Şirkətinə (ADNOC) məhz rupi ilə ödəniş edib. Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərindən gələn 25 kiloqram qızıl hindistanlı alıcıya 128,4 milyon rupiyə (1,54 milyon dollar) satılıb.

Birləşmiş Ərəb Əmirlikləri ilə Hindistan ötən ilin iyulunda beynəlxalq pul köçürmələrində dirhəm və rupidən istifadəyə dair saziş imzalayıblar. Müqavilə bütün mövcud hesabların və kapitalın səlahiyyətli köçürülməsini əhatə edir.

Razılaşmaya əsasən yaradılmış birgə komitənin işinə uyğun olaraq, qeyri-neft ticarəti sazişinin 2030-cu ilə qədər 100 milyard dollara çatdırılmasının hədəfləndiyi bildirilib.

Hindistanın baş naziri Narendra Modinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı iki ölkə sərhədlərarası pul köçürmələrini asanlaşdırmaq üçün ani ödəniş sisteminin yaradılması barədə də razılığa gəliblər. Hindistan və Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli ticarət həcmi 2022-2023-cü illər arasında 84,5 milyard dollar təşkil edib.

Hindistan qlobal ticarətin yavaşlaması səbəbindən ixracını artırmağı qarşısına məqsəd qoyan digər ölkələrlə də yerli valyuta ilə oxşar sövdələşmələr etməkdə qərarlıdır.

Rəsmi məlumatlar, həmçinin Hindistanın keçən il Birləşmiş Ərəb Əmirliklərinin ikinci ən böyük ticarət tərəfdaşı olduğunu, Birləşmiş Ərəb Əmirliklərinin Hindistanın ən böyük ticarət tərəfdaşları arasında üçüncü yeri tutduğunu göstərir.