Dövlət Statistika Komitəsi (DSK) ölkədə ötən ilin sonuna muzdlu işçilərin sayı və əməkhaqları barədə göstəriciləri açıqlayıb. Rəsmi göstəricilərə görə, bu ilin əvvəlinə ölkədə muzdlu işçilərin sayı 1 milyon 734 min nəfər olub. Bir il öncə bu rəqəm 1 milyon 709 min nəfər idi. Deməli, ötən il boyunca Azərbaycanda muzdlu işçilərin sayı cəmi 25 min nəfər artıb. Ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 300 min nəfərdən çoxdur. Bu isə o deməkdir ki, iqtisadi fəal insanların, təxminən, 30 faizə yaxını muzdlu işçidir.
Statistikaya əsasən, ölkədəki muzdlu işçilərin 52 faizi iqtisadiyyatın dövlət sektorunda, yerdə qalan 48 faizi özəl sektorda çalışır. Başqa sözlə, Azərbaycanda dövlətdən maaş alanların sayı özəl sektordan maaş alanların sayını üstələyir. Son bir ilin göstəricilərinin analizindən aydın olur ki, ötən il dövlət sektorundakı işçi sayı azalıb və 906 min nəfərdən 903 min nəfərə enib. Özəl sektorda çalışanların sayı isə, əksinə, 803 min nəfərdən 830 min nəfərə yüksəlib.
Rəsmi rəqəmlərə görə, bu ilin əvvəlinə ölkədəki 1 milyon 734 min nəfər muzdlu işçinin 898 min nəfəri, yəni 52 faizi Bakıda çalışır. Yerdə qalan 836 min nəfər ölkənin bütün digər rayon və şəhərlərinin payına düşür. Regionlardakı muzdlu işçilərin böyük bölümü dövlət qurumunda çalışanlardır. Azərbaycanda özəl sektorda çalışan muzdlu işçilərin təxminən 60 faizi Bakıda çalışır.
İqtisadi fəaliyyət növləri üzrə Azərbaycanda ən yüksək əməkhaqqı ötən ildə də mədənçıxarma sektorunda qeydə alınıb. Bu sahədə çalışanların orta aylıq maaşları 3 min 285 manatdır. Özəl sektorda çalışanlar üçün bu rəqəm daha yüksək – 3 min 960 manatdır. Dövlətə məxsus enerji şirkətlərində çalışanların orta maaşı 2 min 122 manat civarındadır. Ancaq ölkədə bu sahədə çalışanların toplam sayı 33 min 187 nəfərdir.
Mədənçıxarma sektorundan sonra ölkədə ən yüksək orta aylıq əməkhaqqı maliyyə və sığorta sektorundadır. Bu sahədə çalışanların orta aylıq əmək haqları bu ilin əvvəlinə 2 min 70 manat olub. Ötən ilin sonuna ölkədə həmin sahədə çalışanların toplam sayı cəmi 35 min nəfər olub.
Orta aylıq əməkhaqqının səviyyəsinə görə Azərbaycanda üçüncü yeri peşə, elmi və texniki fəaliyyət istiqaməti üzrə çalışanlar tutur. Onların orta aylıq maaşı 1 min 417 manatdır. Bu fəaliyyət istiqaməti üzrə çalışanlara hüquqşünas və mühasiblər, mərkəzi ofislərin idarəetməsində çalışanlar, memarlar, elmi tədqiqatçılar, eləcə də reklam sahəsində çalışanlar və baytarlar daxildir. Fəaliyyət istiqaməti üzrə orta aylıq əməkhaqqı ölkə miqyasında yüksək sayılsa da, bu istiqamətə daxil peşələr üzrə maaşlar arasında ciddi fərqlər var. Məsələn, mərkəzi ofislərin idarəetməsi və reklam fəaliyyəti ilə bağlı çalışanların orta aylıq maaşları 2 min manatı ötdüyü halda, elmi tədqiqatçıların maaşı 798 manat, baytarlarınkı isə 570 manatdır. Qeyd edilən istiqamətlərdə çalışanların toplam sayı 60 min 556 nəfərdir.
İnformasiya və rabitə sahəsində çalışanlar da ölkədə ən yüksək orta aylıq əməkhaqqı alanlar sırasındadır. Onların orta aylıq maaşı 1 min 348 manatdır. Özəlliklə proqramlaşdırma yönündə fəaliyyət göstərənlərin maaşı yüksəkliyi ilə seçilir. Həmin sahədə çalışanların orta aylıq gəlirləri 1 min 759 manatdır.
Ötən ilin yekunlarına görə, ölkədə ən aşağı əməkhaqqı alan işçilər inzibati və yardımçı xidmətlərdə çalışanlardır. Bu istiqamətdə çalışanların sayı 87 min nəfər, orta aylıq maaşları 489 manatdır. Orta aylıq əməkhaqqının ən aşağı olduğu ikinci fəaliyyət istiqaməti kənd təsərrüfatıdır. Bu istiqamətdə muzdla çalışan işçilərin orta maaşı cəmi 515 manatdır. Ölkədə orta aylıq əməkhaqqının ən aşağı olduğu üçüncü fəaliyyət istiqaməti ticarət sektorudur. Bu sahədə çalışan maaşlı işçilərin orta aylıq gəliri 575 manatdır.
Statistik məlumatlardan da göründüyü kimi, Azərbaycanda elə sahələr var ki, digər sahələrlə müqayisədə əməkhaqqı 3-4 dəfə yüksəkdir. Bəs görəsən, bu fərqin aradan qaldırılması üçün hansı addımların atılmasına ehtiyac var?
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, işçilərin əməkhaqqında yaranan fərq adətən özəl sektordan qaynaqlanır: “Dünyanın hər yerində özəl sektorda qazanc səviyyəsi, əməkhaqqı səviyyəsi dövlət sektorundan çoxdur. Yəni, özəl sektorda əməkhaqqına sahibkar özü qərar verir və işçinin ona gətirdiyi gəlirliliyi, sahənin mənfəətliliyini və s. nəzərə alır. Başqa sözlə, əməkhaqqını bazar şərtləri müəyyənləşdirir. Əslində heç bir sahibkar işçiyə çox əməkhaqqı verməkdə maraqlı deyil. Sadəcə, bazar şərtləri, ixtisaslı kadrlara olan təlabat sahibkarı bu addımı atmağa vadar edir. Ona görə də dünyanın hər yerində özəl sektorda olan maaşla dövlət sektorunda olan maaş arasında ciddi fərq var. Təbii ki, bu fərqi aradan qaldırmaq üçün dövlət sektorunda əməkhaqlarını artırmaq lazımdır. Amma bu, o qədər də asan məsələ deyil. Bunun üçün mənbə olmalıdır. Dövlət bu halda məcbur olub vergiləri artıracaq. Yəni xərc artırsa, gəlir də artmalıdır. Bu baxımdan ayrı-ayrı sahələrdə yaranan əməkhaqqı fərqini aradan qaldırmaq elə də asan məsələ kimi görünməməlidir”.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Pərviz Heydərov isə deyir ki, ötən il muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 14,7 faiz artaraq 839,4 manat təşkil edib: “Əslində, ölkə üzrə orta aylıq əməkhaqqı hər il artır. 2018-2022-ci illər ərzində bu göstərici 52 faiz yüksəlib. Bu da son 4 ildə qeyd olunan göstəricinin daha sürətlə artdığını göstərir. Səbəb də aydındır. Buna həm hökumət tərəfindən həyata keçirilən minimum əməkhaqqı və maaş artımları rəvac verib, həm də bahalaşma və inflyasiya tendensiyası. İlin sonunadək isə ölkə üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi 900 manatı keçəcək. Bu halda orta aylıq nominal əməkhaqqının artım səviyyəsi keçən ildəkindən 100 manat çox təşkil edəcək. Buna hər cür əsas var: Prezidentin sərəncamları ilə ilin əvvəlindən minimum əməkhaqqı 300 manatdan 345 manata çatdırılmaqla, bəzi sahələrdə maaşlar artırılıb. İl ərzində növbəti artımlar da ola bilər. Məsələ bundadır ki, bizdə orta aylıq nominal əməkhaqqı göstəricisi bir sıra baxımlardan nisbi xarakter daşıyır. Əvvəla, bütün sahələrdə eyni deyil. İqtisadiyyatın sektorları üzrə ciddi fərqlilik mövcuddur. Mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində sözügedən göstərici daha yüksəkdir. İkincisi, minimum əməkhaqqı ölkə üzrə orta aylıq əməkhaqqı göstəricisi ilə müqayisədə xeyli aşağı səviyyədədir. Bu isə o deməkdir ki, ölkədə yuxarı əməkhaqqı ilə aşağı əməkhaqqı arasında distansiya böyükdür. Qeyd olunan fakt ölkə iqtisadiyyatının birtərəfli inkişafı ilə izah oluna bilər. Bunu aradan qaldırmaq üçün isə ilk növbədə minimum əməkhaqqı orta aylıq əməkhaqqı səviyyəsinin heç olmasa 50-55 faizini təşkil etməlidir. Xatırladım ki, 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən götürdüyümüz öhdəliyə əsasən, bu rəqəm 60 faizdir. Real olaraq 42 faiz təşkil etməkdədir”.