Ötən həftə dünya çox narahat idi, çünki iki nüvə dövləti olan Hindistanla Pakistan arasında silahlı qarşıdurma baş vermişdi və proses genişmiqyaslı müharibəyə çevrilə bilərdi. Səbəb də bu idi ki, aprelin 22-də hansısa müsəlman silahlı qrupunun üzvləri Kəşmirin Hindistanın nəzarətində olan hissəsində hindulardan ibarət turist dəstəsinə hücum edərək 26 nəfəri qətlə yetirmişdi. Rəsmi Dehli də guya bu qətl olayına cavab vermək, daha doğrusu, qatilləri cəzalandırmaq üçün Kəşmirin Pakistanın nəzarətindəki hissəsinə - Azad Kəşmirə üç fərqli istiqamətdə 9 raket zərbəsi endirdi. Həqiqətən də, hansısa silahlı qrupun hərəkəti iki dövlət arasında genişmiqyaslı müharibəyə səbəb verə bilərdimi? Həm də Pakistan bu məsələdə qətiyyən rolunun olmadığını bildirdiyi halda... Bütün bu suallara İslamabadda yerləşən Gənc Diplomatiya Forumunun prezidenti və Continental Pulse şirkətinin Baş direktoru Musavar Hamid Tanoli Hafta.az-a müsahibəsində aydınlıq gətirməyə çalışdı:
- İlk növbədə, Silahlı Qüvvələrimizin peşəkarlığını, xüsusən də Hindistana qarşı bu qələbədə mühüm rol oynayan Pakistan Hərbi Hava Qüvvələrini yüksək qiymətləndirmək istərdim. Hindistanla Pakistan arasında münaqişə 1947-ci ildə müstəqillik əldə etdikdən sonra başlayıb. İlk müharibə 1948-ci ildə Kəşmir məsələsi üstündə baş verdi. Kəşmir iki ölkə arasında mübahisəli ərazidir. Pakistan Kəşmir məsələsində çoxlu müharibələr aparıb. Son eskalasiyaya gəlincə, atəşkəs ABŞ-nin meditasiyası ilə Hindistan tərəfindən təklif olundu, Pakistan da məsuliyyətli və etibarlı dövlət kimi qəbul etdi. Biz ərazi bütövlüyümüzü pozan Hindistanın hərbi təcavüzünə layiqli cavab verdik. İstənilən ölkədən gələn təhlükədən ölkəmizi müdafiə etmək bizim haqqımızdır.
- Məncə bu, eyni ilə İsrailin Qəzzaya hücum etməsi üçün süni şəkildə yaradılan səbəbə bənzəyir. Orada da “Həmas” bayram şənliyi keçirilən əraziyə hücum edərək günahsız insanları öldürdü və nəticədə müharibə başladı: Qəzza xarabaya çevrildi, 53 min insan öldü və sair...
- Müqavimət Cəbhəsi (TRF) adlı silahlı qrup keçən ay Hindistanın işğalı altında olan Kəşmirdə 26 nəfərin öldüyü Pahalqam hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. Hindistan iddia edir ki, TRF Pakistanda yerləşən başqa bir silahlı qruplaşmanın qoludur – Dehli hökuməti “Lashkar-e-Taiba” (LeT) və Pakistan hakimiyyətini bu cür qrupları dəstəkləməkdə günahlandırır. Bəzi beynəlxalq və Pakistan mənbələrinə görə bu hücum Hindistan tərəfindən Pakistana təzyiq etmək üçün təşkil edilib. Əsas səbəb Pakistana hücum etmək idi və bunun üçün onlara bəhanə lazım idi. Hindistan niyə bizə hücum etdi? Məncə, əsas vacib amil bu ölkədə keçirilən seçkiləridir. Hər dəfə Hindistanın müəyyən əyalətində seçki kimi siyasi fəaliyyət olanda, məsələn, 2019-cu ildə olduğu kimi, Pakistanla məhdud müharibəyə başlayırlar. 2019-cu ildə onlar cərrahi hava əməliyyatı keçirdilər və buna cavab olaraq Pakistan hind təyyarəsini vurub yerə saldı. Pilot sağ ələ keçirilsə də, Pakistan onu öz vətəninə qaytardı. Bu dəfə biz onların 6 reaktiv təyyarəsini vurduq və bir çox hava bazalarını məhv etdik. Bunlar Pahalqam hücumu haqqında miflərdir ki, ya əvvəlcədən planlaşdırılıb, ya da bəzi yerli azadlıq döyüşçüləri tərəfindən edilib.
- Sizə elə gəlmirmi ki, gərginlik aradan qalxsa belə, turistləri qətlə yetirən həmin təşkilatın rəhbərləri həbs edilərək mühakimə olunmalıdır. Məncə, onlar mütləq Hindistan və ya başqa maraqlı tərəflərin sifarişi əsasında hərəkət ediblər və məqsədləri iki ölkə arasında müharibə başlatmaq olub...
- Bayaq dediyim kimi, Hindistan iddia edir ki, TRF Pakistanda yerləşən hansısa silahlı qruplaşmanın qoludur. Söhbət saxta ittihamlardan gedir. Hindistanın hər hansı sübutu varsa, dünyaya və beynəlxalq ictimaiyyətə göstərə bilər. Əgər bunu edə bilmirsə, bunlar sadəcə ittiham olaarq qalır. Üstəlik, Hindistan çox sayda günahsız pakistanlının qətlində iştirak edir. Hindistan Pakistanda terrora sponsorluq edir, lakin heç kim bu barədə danışmır. Hindistan Bəluc Azadlıq Ordusu adıyla Pakistanda fəaliyyət göstərən separatçı hərəkatları dəstəkləyir. Biz həmişə deyirik ki, problemlərin həlli üçün əməkdaşlığa və birgə işləməyə hazırıq, lakin Hindistan hər dəfə əməkdaşlıqdan yayınır, məsuliyyətsiz və qeyri-ciddi davranış nümayiş etdirir.
- Səmimi deyin: döyüşlər gedən dövrdə hərbi üstünlük kimin tərəfində olub, Pakistanın, yoxsa Hindistanın?
- Pakistan Silahlı Qüvvələri Hindistan sərhədləri daxilində ölkəmizin mülki əhalisinə və infrastrukturuna hücumlarda iştirak etdiyi təsbit olunan 26 hərbi obyekti hədəfə alıb. Bunlara Suratqarh, Sirsa, Adampur, Bhuj, Naliya, Bathinda, Barnala, Harvara, Avantipur, Srinaqar, Cammu, Mamun, Ambala, Udhampur və Pathankotda Hindistan Hərbi Hava Qüvvələri və ordusunun yerləşdiyi bazalar daxildir - bunların hamısı əhəmiyyətli dərəcədə zərər görüb. Pakistan ordusu Hindistana qarşı Bunyanun-Marsus əməliyyatı ilə hind hərbi təcavüzünə hərtərəfli cavab verildiyini bildirib. Biz, həmçinin, dəqiq idarə olunan uzaqmənzilli “Fəth” raketləri (F1 və F2), havadan buraxılan dəqiq döyüş sursatları, uzaqmənzilli sursatlar və qabaqcıl artilleriya sistemləri də daxil olmaqla, geniş çeşiddə müasir silahlardan istifadə edirik. Beləliklə, Hindistanın böyük itkilər verdiyini deyə bilərik. Üstəlik, atəşkəs üçün ABŞ-a gedən Hindistan idi. Pakistana qarşı istifadə edilən Hindistan hava bazaları hədəfə alınıb. Döyüş təyyarələrinin itkiləri milyardlarla dollar ziyan deməkdir.
- Döyüşlər gedən günlərdə nə Pakistan, nə də Hindistan müharibədən bəhs etmirdi. Hindistan öz təbirincə desək, silahlıların düşərgəsini vurduğunu, Pakistan da onlara cavab atəşi açdığını bildirirdi. Sizcə bu məsələdə ehtiyyatlı davranmağın səbəbi nə idi? Hər iki ölkənin nüvə silahına sahib olmasının bu məsələyə təsiri ola bilərdi?
- Hindistan terrorçuların düşərgəsini hədəf aldığını bildirsə də, əslində, məscidə və günahsız vətəndaşlara hücum edib. Pakistana gəlincə, biz mülki əraziləri deyil, hərbi obyektləri hədəf aldıq. Biz Hindistanın təxminən altı döyüş təyyarəsini vurmuşuq. Hər iki ölkənin nüvə silahı var, lakin bu, yalnız müharibənin şiddətini məhdudlaşdıra bilər. Nüvə silahları genişmiqyaslı müharibə aparmaq üçün deyil, sadəcə, çəkindirmə vasitəsidir. Nüvə silahı olan dövlətlər adətən məhdud müharibələr aparırlar...
- Hindistan tərəfi Pakistanın Türkiyədən müasir silah aldığını, Pakistan isə Hindistanın Fransa və İsrail silahları ilə hücum etdiyini qeyd edir. Bu məsələdə başqa dövlətlərin adlının sürəkli şəkildə hallandırılmasının məqsədi nədir, onları da müharibəyə cəlb etmək? Axı tarixdə heç bir ölkə 100 faiz öz istehsal etdiyi silahla müharibə aparmayıb...
- Bəli, bu doğrudur – Pakistan Türkiyə və Çin kimi dost ölkələrdən silah alır. Digər tərəfdən, Hindistan da İsrail və ABŞ-dan silah idxal edir. Niyə insanlar “Rafaele” döyüş təyyarələri və “Harop” pilotsuz təyyarələrindən danışmır, çünki həmin silahlar Pakistan tərəfindən məhv edilir. Biz Çində hazırlanmış sursatlardan istifadə edirdik, ona görə də bu, insanların dilindən düşmür.
- İndiki vəziyyətdə ABŞ, Avropa, Rusiya və sair kimi böyük güclərin tutduğu mövqeyi necə qiymətləndirərdiniz? Məsələn, Pakistana dəstək verirlər? Ümumiyyətlə, Pakistan xalqı bu gün hansı xarici ölkəni daha çox yanında hiss edir?
- Beynəlxalq dəstək məsələsində bir az ehtiyyatlı davranış görüülr. Məsələn, heç bir ölkə Hindistanı açıq şəkildə dəstəkləmədi. Hansı ki, Türkiyə və Çin Pakistana açıq dəstəyini bildirdi. Buna baxmayaraq, Hindistan Pakistan ərazisinə Fransa istehsalı olan “Rafale” qırıcıları, İsraildən aldığı “Harop” PUA-ları ilə hücum edirdi və Pakistan ordusu onların Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemini məhv edib. Məncə bu, Hindistanın hansı ölkələr tərəfindən dəstəkləndiyinin açıq sübutudur.
- Azərbaycan da ilk gündən Xarici İşlər Nazirliyi səviyyəsində Pakistana açıq dəstək ifadə edib...
- Əlbəttə, Azərbaycanın Pakistana verdiyi dəstək bizi məmnun elədi və bu dəstəyə görə qardaş ölkəyə təşəkkür edirik. Bakı küçələrində Pakistan Zindabad şüarları səsləndirən sadə Azərbaycan xalqına da ayrıca təşəkkür edirik. Bizim Azərbaycanla bütün səviyyələrdə güclü əlaqələrimiz var. Ümidvaram ki, əlaqələrimiz gələcəkdə daha da genişlənəcək və möhkəmlənəcək. Biz bir-birimizə dəstək olmalıyıq, çünki Hindistan açıq şəkildə Ermənistanı dəstəkləyən, silah-sursat verən ölkədir. Düşmənlərin qarşısını almaq üçün birgə əməkdaşlığımızı gücləndirməliyik...