Əməkdar artist Tünzalə Əliyeva dəfn olunub

11:40 23.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Əməkdar artisti, "Toppuş bacı" kimi tanınan Tünzalə Əliyeva “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Trend xəbər verir ki, sənətçi ilə vida mərasimində onun ailə üzvləri və mədəniyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, 49 yaşlı aktrisa uzunsürən xəstəlikdən sonra dünən dünyasını dəyişib.

Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsinə qəbul olmuşdur. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışmışdır. Sonra Gəncəyə qayıdıb bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. Oradan çıxıb Bakıya gəlmiş və C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib.

Bu teatrın səhnəsində Qəmər (Ə. Əmirli, "Müqəddəs Valentin günü"), Natella (M. Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A. Rəhimov "Pul hərisləri"), Qadın (H. Mirələmov, "Ləyaqət"), Mehriban (Ə. Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü. Hacıbəyov, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə") rollarını uğurla ifa etmişdir. Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında "İzinlə", "Vətənim" və "Gülüş qatarı" verilişlərinin aparıcısı olmuşdur. ATV kanalında nümayiş etdirilən "Çal-Çağır" şou proqramının aparıcısı olan "Toppuş bacı" obrazının ifaçısıdır. ATV kanalında "Gülmək qadağandır" şou proqramının aparıcısı idi.

2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Oxunma sayı 258