Ərdoğanın komandasını zəiflətmək istəyirlər - Tofiq Zülfiqarov

12:40 05.04.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bu sabiq baş diplomatla hafta.az üçün növbəti söhbətimizdə ABŞ-nin hazırkı prezidenti D.Trampın iqtidarda olduğu iki aydan şox müddətdə özünün vəd etdiyi kimi, dünyada müharibələrin dayandırılması üçün görə bildiyi işlər, Türkiyədə bunadək İstanbul meri olmuş Əkrəm İmamoğlunun həbsindən sonra son ongünlüklərdə baş verən kütləvi etiraz aksiyaları, bir yandan Azərbaycanla sülhdən, Türkiyə ilə sərhədlərin açılmasından danışan Paşinyan hakimiyyətinin sərhəddə gərginlik yaranmasında maraqlı ola bilməsinin səbəbi və s. haqda danışdıq. Müsahibimiz keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovdur.

- Tofiq müəllim, Donald Trampın hakimiyyətə gəlməsindən iki aydan çox vaxt ötdü. Sizcə, bu müddət ərzində o dünyanın təhlükəsizliyi, özünün vəd etdiyi kimi, müharibələrin dayandırılması üçün hansısa müsbət bir iş görə bildimi?

- Əlbəttə, Tramp dediyiniz müddətdə müəyyən işlər gördü. Ən azı, Ukrayna ilə Rusiya arasında danışıqlar prosesi başlayıb. Əvvəl, axı, bu da yox idi. Trampın həmin danışıqları dəstəkləməsi, mühüm rol oynaması göz qabağındadır. İstər Ukrayna, istərsə də Rusiya tərəfi hansısa məsələyə “yox” deyəndə ilk etiraz edən Tramp olur. Mən əminəm ki, o, atəşkəsə nail olacaq...

- Rusiya Prezidenti Vladimir Putinin istədiyi 9 may tarixinədək buna nail ola biləcəkmi?

- Bunu çətindir demək ki, atəşkəs  9 maya qədər və ya digər müddətdə baş tutacaq, yoxsa tamam başqa bir tarixdə... Hər halda? Putin də bundan istifadə etməyə çalışır. Hərbi əməliyyatlar dayandıqdan sonra, Rusiyada daxili siyasi gərginlik artacaqdır. Bu baxımdan atəşkəsdən sonra özünü  qalib kimi təqdim etməyə cəhd edir...

 - ABŞ-nin hazırkı prezidenti Qəzzada da eks-prezident Co Baydenin təməlini qoyduğu atəşkəsə bir müddət nail oldu. Amma sonra İsrail onu yenə pozdu...

-  Qəzzada artıq məsələ aydındır. İsrail orada onun əleyhinə çıxan, “HƏMAS” tərəfdarı olan əhalinin qalmasını istəmir. “HƏMAS” tərəfdarısansa, bombalanmalısan, qaçmalısan... Tam dəqiqləşdirilməmiş məlumatlara görə, bəzi müsəlman ölkələri, artıq Qəzzadan qaçqınları qəbul etməyə çalışır. Demirəm ki, bu, yaxşıdır, yoxsa pisdir, amma, təəssüf ki, reallıq budur.  Təəssüf ki, güclülərin dünyasıdır və kim güclüdürsə, istədiyi planı həyata keçirir...

- Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiiyasının fəal fiqurlarından olan, bunadək İstanbul meri kimi çalışmış Əkrəm İmamoğlunun həbsindən sonra son ongünlüklərdə baş verən kütləvi etiraz aksiyalarını necə dəyərləndirirsiniz?

- Əlbəttə, Türkiyədə son günlər baş verənlər ilk növbədə ölkədaxili siyasi mübarizənin nəticəsidir. Məlumdur ki, ölkədə həm iqtidar, həm müxalifət kifayət qədər sosial dayaqlara malikdir. Bu da özünü cəmiyyətin çalxalanması şəklində büruzə verir. Burada söhbət kimin haqlı, kimin haqsız olmasından getmir. Bunu Türkiyə xalqı özü müəyyən edəcək. Məsələ, ilk növbədə, bu hadisələrin ölkənin ümumi durumuna, beynəlxalq siyasi meydandakı çəkisinə, növbəti strateji addımlarına necə təsir göstərməsindədir...

Hiss olunur ki, xarici qüvvələrin Türkiyədəki hadisələrə dəstək verməkdə məqsədi ondan ibarətdir ki, ölkənin idarəetmə sistemini zəiflətsinlər. Bu, əsas təhlükədir. İndi biz yaxşı başa düşürük ki, Qərb çox zaman hər hansı bir ölkədəki müxalifətə demokratik dəyərlərə görə yox, siyasi və geopolitik maraqlara görə dəstək verir. Hazırda belə bir dəstək Türkiyə müxalifətinə verilir, məqsəd də bəllidir: Ərdoğan komandasını zəiflətmək və onun xarici siyasətdə atdığı addımlara, bir növ, təzyiq etmək. Bu, həm Rusiya ilə münasibətlərlə, həm də Suriyada baş verənlərlə bağlıdır. Ciddi geosiyasi proseslər baş verir. Hazırkı durumdan narazı olanlar belə hesab edirlər ki, ölkə daxilindəki proseslərdən yararlanaraq Türkiyəni zəiflədə bilərlər.

- O da var ki, Qərbin, Avropa qurumlarının Ərdoğan hakimiyyətinə təzyiqlərinə bəhanə yaradan əsas bir sual var: necə oldu ki, iki dəfə İstanbul meri seçilən şəxsin diplomunun saxta olması, korrupsiya ilə məşğul olması və terrorçu qruplarla işbirliyi və s. haqda faktlar məhz indi, yəni İmamoğlunun CHP daxilindən Türkiyə prezidentliyinə namizədliyi irəli sürüləndən sonra üzə çıxdı...

- Burada siyasi mübarizə gedir. Bundan öncə İmamoğlu CHP daxilindən Türkiyə prezidentliyinə namizədliyini irəli sürməmişdi və Qərbdən indiki kimi dəstəyi yox idi. İndi isə hesab edirəm ki, Ərdoğan onun, artıq Qərbin dəstəyi ilə ciddi addımlar atacağı haqda müəyyən məlumatlar aldıqdan sonra belə güclü zərbə vurmağa qərar verib...

 ABŞ-nin məsələyə mövqeyi xeyli fərqlidir. Hətta Ağ evdən Fransada radikal millətçi lider Le Penin həbsinə daha sərt reaksiya oldu, nəinki İmamoğlunun həbsi ilə bağlı...

- Amma belə fikirlər də səslənir ki, Ə.İmamoğlunun guya ABŞ-nin eks-prezidenti Co Baydenlə yaxın münasibətləri olduğundan o dövrdə hakimiyyət onu həbs etməkdən çəkinib, amma indi - Tramp dövründə buna şərait  yaranıb...

- Yenə deyirəm, bundan öncə İmamoğlu axı Türkiyənin baş vəzifəsinə iddialı deyildi. Hətta doğmalarından onu qınayanlar var ki, gərək indiki situasiyada bu addımı atmayaydı. Hamı başa düşür ki, Ərdoğan və ümumiyyətlə, ölkədəki bir çox qüvvələr varis kimi Hakan Fidanı görürlər. Yəni burada bəllidir ki, o, Qərblə, xüsusən də ABŞ ilə əsas kontaktları quran, həyata keçirən aparıcı simalardan biridir. Təbii ki, Tramp administrasiyası da regionda güclü və stabil Türkiyənin olması vacibdir. Tramp elə hakimiyyətə gəldiyi ilk günlərdən Ərdoğanı tərifləməyə başlayıb...

- Görəsən, aprelin 2-də Azərbaycanda rəsmi səfərdə olmuş Almaniya Prezidenti F.Ştaynmayer bundan öncə Ermənistanda səfərdə olduğu bir vaxtda Qarabağda ləğv olunmuş separatçı-terrorçu rejimin əski parçasının görüntüsünü paylaşmasıyla nə məqsəd güdüb? Axı keçmişdə də iki dönəm xarici işlər naziri olmuş o boyda ölkənin rəhbərinin belə “texniki səhv” buraxması inandırıcı görünmür...

- Almaniya dövlət olaraq bir çox xarici qüvvələrin siyasi və digər təsirləri altındadır. Hesabınızı ondan götürün ki, bu ölkənin xüsusi xidmət orqanları öz dövlət başçısının gizli danışıqlarının audio-yazısını ABŞ-yə ötürür. Söhbət  Angela Merkelin hakimiyyətdə olduğu dövrdəki qalmaqaldan gedir. Bu, sübut edir ki, həmin dövlətin bir çox qurumlarında xarici təsir güclüdür. Mən bunu çoxdan bilirdim; Fransanın və digər aparıcı Avropa İttifaqı üzvlərinin Almaniya Xarici İşlər Nazirliyindəki təsiri yetərincədir. Hətta onlar öz aralarında müxtəlif mövzulara dair müzakirələr apararaq ortaq mövqeyə gəlirlər...

 O da bəllidir ki, Prezident Ştaynmayer, əslində, dövlətdə simvolik bir fiqur olmaqla real hakimiyyətə malik deyil. Konstitusiyaya görə, onun xarici siyasətdə müəyyən qədər məhdud seremonial funksiyaları var. Özü də Ştaynmayer insan haqları ilə bağlı hansısa QHT-dən siyasətə gələn o qədər də siyasi təcrübəsi olmayan bir fiqurdur. Yəni bu şəxsə təsir etmək çox asandır. Bu səbəbdən istisna etmirəm ki, Avropadakı hansısa  anti-Azərbaycan qüvvələr Almaniya Prezidentinin Ermənistana səfərindən bu şəkildə istifadə etmək istəyiblər. Özü də birinci dəfə deyil ki, Almaniyada Azərbaycana qarşı belə xətalara yol verirlər...

 Azərbaycanda isə dünənədək bəziləri düşünürdü ki, Avropada əvvəllər Fransa vasitəsilə təmsilçiliyi Almaniyaya dəyişib nəyəsə nail olmaq mümkündür.  Amma təəssüf ki, bu, mümkün olmur. İndiki mərhələdə Almaniyanın siyasi elitası çox zəifdir. Baxın, Tramp Almaniya kansleri Olaf Şoltsla da görüşdən imtina edib. Yəni bir növ bu dövlətə yuxarıdan aşağı baxırlar...

Onu da deyim ki, əslinə qalsa, Almaniya Prezidentinin bu yanlışlığı, bu xətası bizim xeyrimizə oldu. Yəqin o, Azərbaycan prezidenti ilə görüşü zamanı sübut etməli olub ki, Ermənistan məsələsində balanslaşdırılmış bir mövqeyi var.

- Son, təxminən, bir ay müddətində Azərbaycan tərəfi Ermənistanın mütəmadi olaraq atəşkəsi pozması haqda məlumatlar yayır, Ermənistan isə bunu hey təkzib edir. Sizcə, bir yandan dəfələrlə Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu bəyan edən Paşinyan digər yandan nəyə görə Azərbaycanla sərhəddə gərginlikdə maraqlı olsun?

- Bu mövzuda bizdə də fikirayrılığı mövcuddur. Bəziləri deyirlər ki, artıq sülh razılaşmasının mətnini razılaşdırmışıq, gəlin sülh sazişinə qol çəkək və məsələni bağlayaq. Lakin söhbət hansısa sənədin imzalanmasından getmir, loru dildə desək, məsələni bağlamaqdan gedir. Bəziləri fikirləşir ki, burada təzminat məsələsi də var, siyasi məsuliyyət məsələsi də... Konstitusiyanın dəyişməsi mütləq olmalıdır. Bundan əlavə, Türkiyə ilə də bağlı məsələ var. Ermənistanın Türkiyə ərazisinə “Qərbi Ermənistan” deyilən iddiaları da var. Həmçinin tarixi ədalət mövzusu var. Qərbi Azərbaycan mövzusu var. Əgər biz bu mərhələdə ermənilər istədiyi kimi sülh sazişini imzalasaq, qalan sadalanan məsələlər açıq qalacaq.

Ermənilər yaxşı başa düşürlər ki, Tramp administrasiyası hakimiyyətə gələndən sonra ABŞ üçün Cənubi Qafqaz mövzusu arxa plana keçib. Odur ki, yenə də diqqəti bu mövzuya yönəltməyə çalışırlar.

 Sülh sazişi ilə “fokus” göstərirlər, gah deyirlər ki, nəyi razılaşdırmışıq, ona qol çəkək, gah da deyirlər ki, nəyi deyirsiz, ona qol çəkək. Buna paralel olaraq onlar həm də məsələni gündəmə gətirmək üçün Azərbaycanı sərhəddə hansısa lokal bir toqquşmaya cəlb etmək istəyirlər ki, Qərbə, Avropaya, Trampa bizi ittiham etmək üçün bəhanə versinlər. Bir sözlə, atəşkəsi pozmaqda Ermənistanın məqsədi budur və bunun arxasında elə Ermənistanın siyasi elitası dayanır...