“Erhürman hər ölkə ilə yaxşı münasibət qurmaq istəyir” – HASİBƏ ŞAHOĞLU

08:05 21.10.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şimali Kipr Türk Respublikasında (KKTC) prezident seçkiləri keçirildi və hamımızın Türk Birliyində aktiv fəaliyyətinə görə yaxşı tanıdığı prezident Ersin Tatar prosesi əsas rəqibi olan Cümhuriyyət Türk Partiyasının (CTP) lideri Tufan Erhürmana böyük fərqlə uduzdu. Maraqlısı odur ki, CTP Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CXP) ilə qardaşdır, siyasətdə CXP-nin xəttinə sadiqdir.

Üstəlik, Tufan Erhürmanın Cənubi Kiprlə - Rum hökuməti ilə anlaşmaya meylli olduğu və bu yolla Avropa İttifaqına yaxınlaşmaq istədiyi deyilir. Bunlar cənab Erhürmanınla rəsmi Ankara arasında ziddiyyət yaratmayacaqmı və KKTC-nin Türk Birliyindən uzaqlaşmasına səbəb olmayacaqmı?

Bütün bu suallara Hafta.az-a müsahibəsində KKTC-dən olan keçmiş diplomat, Kıbrısın Azərbaycan və Pakistanda keçmiş nümayəndəsi Hasibə Şahoğlu aydınlıq gətirməyə çalışdı:  

- Kipr türk xalqı həmişə Avropa Birliyinə üzv olmaq istəyib. Yeni prezidentimiz Tufan Erhürmanın seçilməsi Kipr probleminin həlli prosesini ciddi şəkildə dəyişməyəcək. Onun masa arxasında oturmaq və danışıqlar aparmaq şərtləri Kipr türk xalqının arzuladığı şərtlərlə üst-üstə düşür. Erhürman, “O, bizim siyasi bərabərliyimizi, bunun tələb etdiyi dövriyyəli başqanlığı və hər orqanda/qurumda/idarədə/vahiddə ən azı bir türkün təsdiqini qəbul etdiyini bəyanlamalıdır. Bu, müzakirə mövzusu deyil” deyib. Bundan başqa, Erhürmanın fikrincə, danışıqlar həll yönümlü olmalı və vaxt cədvəli tərtib edilməlidir, açıq müzakirələrə vaxt itirilməməlidir. Eynilə, Erhürmanın fikrincə, Türkiyənin zaminliyi qırmızı xəttdir. Əslində, bu dövrdə Rum tərəfi təkcə Yunanıstandan deyil, İngiltərə, ABŞ, Fransa və Rusiyadan, hətta son zamanlar İsraildən də əməkdaşlıq gördüyü halda, bizim Türkiyənin təminatından əl çəkməyimizdən söhbət gedə bilməz.

- Kipr türk xalqı niyə Tatara yox dedi: ada xalqının gözləntilərini doğrultmadı, yoxsa sadəcə Avropaya qoşulmaq istəyirlər?

- Kıbrıs türkləri Ersin Tatarın əleyhinə səs verdilər, amma onun iki dövlətli həll variantını müdafiə etdiyi üçün yox, məhz 5 ildir ölkə daxilində yürütdüyü passiv siyasətdən narazı olduqları üçün. Prezidentin məsuliyyəti yalnız xarici siyasətlə, yəni Kipr məsələsi ilə məhdudlaşmır. İnsanların iqtisadi qayğıları daha da aktualdır. Alıcılıq qabiliyyəti durmadan aşağı düşən xalq hakimiyyətin bu siyasətindən narazıdır. KKTC xalqı demokratiyanı sevir və seçkilərə müdaxiləni qəti qəbul etmir. Müdaxilələr onların gözlərində əks nəticə verdi və buna görə də səs vermədilər.

- CTP-nin CXP-yə qardaş partiya olduğunu nəzərə alsaq, gələcəkdə KKTC hökumətinin Türkiyənin AKP iqtidarı ilə toqquşma ehtimalı var?

- KKTC-də heç bir partiya Türkiyənin hakim partiyaları ilə ziddiyyət təşkil etmir. Bütün tərəflərimiz Türkiyə ilə əməkdaşlığa üstünlük verir. Belə bir qarşıdurma olmayacaq. Əminəm ki, Erhürman da Türkiyə rəsmi dairələri ilə yaxşı münasibətlər saxlayacaq.

- Tatar hakimiyyətdə olduğu dövrdə Türk Dövlətləri Birliyi ilə sıx əlaqələr qurdu. Hətta gələcəkdə KKTC-nin Türk Birliyi tərəfindən tanınması mümkün idi. Necə bilirsiniz, Erhürmanın prezidentliyi dövründə Türk Birliyi ilə əlaqələr davam edəcək?

- Türk Birliyi ilə əlaqələr Tatar iqtidarından çox əvvəl qurulsa da, inkişaf edə bilməyib. Mədəni əlaqələr həmişə mövcud olub, lakin son illər Kipr Rum Administrasiyası ilə siyasi əlaqələr açıq şəkildə yaxşılaşıb. Artıq əksər Türk Cümhuriyyətləri Rum tərəfində səfirlik açıblar. Ona görə də bu ölkələrin yaxın gələcəkdə KKTC-ni tanıması ehtimalı görünmür. Erhürman hər ölkə ilə yaxşı münasibət qurmaq istəyir və inanıram ki, o, eynilə Tatar kimi, bu ölkələr tərəfindən də qəbul olunacaq.