Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirildi və nəticələr elan olunan gündən müxalifət küçələrdə aksiyalar keçirir. Konstitusiyaya zidd olaraq, hətta Prezident Salome Zurabişvili də müxalifətin lideri kimi çıxış edir. Bu günlərdə Parisə gedərək Gürcüstanda baş verənlər barədə Fransa prezidentinə məlumat verib, seçkidə qalib gəlmiş “Gürcü arzusu” Partiyasını cəzalandırmağı ondan xahiş edib. Tbilisidə baş verən nümayişlər isə daha da genişlənərək zorakılı aksiyaya çevrildi. Əlbəttə, təhlükəsizlik qüvvələri radikal ünsürləri tapıb həbs etdi, amma bu, Gürcüstanda sabitliyə vasitə olacaqmı?
Gürcüstan Naminə Siyasi Partiyasının sədri Fazil Əliyev Hafta.az-a müsahibəsində bütün bu suallara cavab verməyə çalışıb.
- Seçkilərdə bu dəfə həmişəkindən daha çox aktivlik nümayiş olunub. Ona görə də Gürcüstanda baş verənlər bu ölkənin daxili məsələsi kimi deyil, dünyada gedən proseslərin bir hissəsi kimi qəbul edilməlidir. Üçüncü Dünya müharibəsinin passiv dövrünü yaşayırıq. Rusiya ilə Ukrayna, Fələstində – İsraillə Livan, İranla İsrail arasında gedən müharibələr, Suriya daxilində baş verən hadisələr və s. artıq defakto Üçüncü Dünya müharibəsinə qədəm qoyduğumuzu göstərir. İkincisi, indiyədək Avropada hakimiyyətdə olan liberallar fərqli siyasət yürüdürdülər. Elə Ukraynada gedən müharibə də məhz Avropa liberallarının siyasətinin nəticəsidir. Gürcüstanda seçkilərdən öncə də bu barədə məqalələr dərc olunurdu. Seçki proisesi nə qədər şəffaf olur-olsun, müşahidəçilər yüksək fikirlər söyləsə belə, Avropa siyasətçiləri Gürcüstanda hakimiyyəti dəyişməyə səy göstərəcəklər. Ona görə ki, Rusiya–Ukrayna müharibəsində Avropanın milyardlarla dollar xərcləməsinə baxmayaraq, istəklərinə çatmaması, Rusiyanı bir dövlət kimi çökdürə bilməməsi onları məcbur edir ki, Moskvaya qarşı əlavə planlar həyata keçirsinlər. Biz yaxşı görürük ki, Qərb Ermənistanda da eyni addımı atır. Onlar hakimiyyətə gətirdikləri Paşinyan vasitəsilə Rusiyaya meydan oxuyur, Ermənistanı silahlandırır, burada anti-Rusiya qüvvələri yetişdirirlər. Gürcüstan Cənubi Qafqazda geostrateji mövqeyinə görə, Avropa üçün daha vacib əhəmiyyət daşıyır. Avropa Gürcüstanı ələ keçirməklə Qafqaza və türk dünyasına nəzarəti ələ almaq istəyir. Avropa bilir ki, bu bölgəyə nəzarət, həm də karbohidrogen ehtiyatlarını dünya bazarına çıxaran yollara nəzarət etmək, eləcə də Gürcüstan ərazisindən Rusiyaya qarşı ikinci cəbhəni açmaq deməkdir. Hesab edirəm, Gürcüstanda baş verənlərə məhz bu prizmadan yanaşmalıyıq.
- Və Qərb bu istəklərini reallaşdırmaq üçün müxalifət düşərgəsini seçdi...
- Bəzi müxalifət funksionerlərinin evlərində aparılan axtarışlar zamanı çox sayda silah-sursatın üzə çıxarılması Avropanın niyyətlərini göstərir. Eləcə də minlərlə gəncə Avropada xüsusi təlim keçərək Gürcüstana göndərilməsi və sair kimi faktlar onu göstərir ki, Avropa bu seçkilərə çox ciddi hazırlaşmışdı və hakimiyyəti məhz bu ünsürlərin köməyi ilə zor və ya xoş, ələ keçirmək istəyirdi.
- Seçkidən dərhal sonra küçə aksiyaları qızışdı, ardıyla da az qala nəzarətdən çıxma səviyyəsinə qədər genişləndi...
- Mən aksiyaların yenidən alovlandığını deməzdim – bu sadəcə prosesin davamıdır. Artıq nümayişlərin 400-dən çox aparıcı iştirakçı saxlanılıb, onlardan bir çoxuna müəyyən maddələr üzrə cinayət işi açılıb. Bilirsiniz ki, aksiya iştirakçıları zorakılığa əl atıb, daş-kəsək, müxtəlif qanunla qadağan olunmuş vasitələrlə hüquq mühafizə qüvvələrinin əməkdaşlarını yaralayıb və sair. Tutulanlardan biri müxalifət partiyasının rəhbəridir, o polisə tabe olmadığına görə saxlanılıb. Əslində polis aksiya iştirakçıları arasından məhz radikal vasitələrə əl atmağa təşviq edənləri tapıb saxlamaqla prosesi dinc müstəviyə yönləndirməyə çalışıb. Ümumiyyətlə isə, aksiya qatılan bir neçə min şəxs seçkidə iştirak edib səs vermiş seçicilərin çox cüzi faizini təşkil etdiyi üçün Gürcüstana heç bir təhlükə yaratmır.
- İqtidarın Avropa İttifaqı ilə üzvlük danışıqlarını 2028-ci ilədək dayandırmaq barədə bəyanatını necə şərh edərdiniz? Məncə, narazı qüvvələr bundan məharətlə yararlandılar...
- Gürcüstan hökumətinin Avropa İttifaqı ilə danışıqları 2028-ci ilədək dayandırmaq barədə qərarı müxalifəti qızışdırıb. Nə olursa-olsun, Avropa bir bəhanə tapacaqdı. Gürcüstan hökuməti əvvəldən də bildirib ki, onlar Avropa İttifaqı ilə üzvlük danışıqlarına başlamağa hazırdırlar. Bir şərtlə, Avropadakı siyasətçilər Tbilisiyə qarşı şantaj və təzyiq üsuluna son qoymalıdırlar. Ona görə də əminliklə deyirəm, Avropanın planı başqadır. Seçkidən sonra əksər iştirakçı ölkələr nəticələri tanıyaraq, Gürcüstanı təbrik edib. Avropa İttifaqına sədrlik edən Macarıstan belə. İndiyədək Avropa İttifaqına üzv dövlətlər seçkinin nəticələri ilə bağlı mövqe bildirməkdə gözləmə mövqeyi tuturlar. Avropa İttifaqı hələ də şantajdan istifadə edir. Onların tələbi var ki, Saakaşvili azad olunsun, xarici təsir haqqında qanun ləğv edilsin, yalnız bundan sonra hakimiyyətlə danışıqlara başlaya bilərlər. Görürsünüz, belə çıxır ki, bu tələblər yerinə yetirilsə, seçkilər ədalətli keçirilmiş olacaq, əks halda, müxalifləri küçəyə səsləyib hakimiyyətin üstünə salacaqlar. Onların şantajlarına baxmayaraq, artıq get-gedə aksiyalar səngiyir və Gürcüstanın daxili-siyasi mühiti normal vəziyyətə qayıdır.
- Aksiyalar Gürcüstan daxilində konkret kimlər tərəfindən idarə olunur və xaricdəki əsas dəstəkçiləri hansı ölkələrdir?
- Gürcüstandakı çaxnaşmaları idarə edən Avropa ölkələrinin başında, əsasən, Fransa və Almaniya dayanır. Başqa bir sıra xırda ölkələr də var. Daxildə isə Prezident Salome Zurabişvili Gürcüstan vətəndaşı olmaqla yanaşı, həm də Fransa vətəndaşı, uzun müddət bu ölkənin xüsusi xidmət orqanlarında çalışmış bir şəxsdir. O, əvvəl də Fransanın ciddi dəstəyi sayəsində prezident seçilmişdi. Fransanın tapşırığına əsasən çalışır ki, müxalifəti birləşdirib başında dursun və ölkədə hakimiyyəti dəyişsin. İstədiyini edə bilmir, çünki müxalifət düşərgəsində hamı onun dediyini etmir. Ümumiyyətlə, əvvəllər Gürcüstanda əksər dövlət və hökumət başçıları xarici müdaxilə yolu ilə seçilib. İstər prezidentlər olsun, istər baş nazirlər, xarici dövlətlər tərəfindən təyin olunub. Bu da Gürcüstanın yarıazad ölkə olduğunu deməyə əsas verir. Gürcüstan indi azad olmaq, prezidentini, hökumətini özü seçmək istəyir. Onu da qeyd edim ki, hazırda Gürcüstanda çaxnaşma yaratmağa çalışan radikallar arasında ad və soyadını dəyişmiş çox sayda erməni də var. O cümlədən, Gürcüstanda yaşayan, ad-soyadını dəyişmiş üç erməni milyarder aksiyaları maliyyələşdirir. Ermənistanın özü də Gürcüstanda hakimiyyətin dəyişməsində maraqlıdır. İrəvanda düşünürlər ki, Gürcüstanda fransapərəst qüvvələr hakimiyyətə gələrsə, bu ölkənin timsalında Ermənistanın Avropaya birbaşa dəhlizi açılar. İndiki “Gürcü arzusu”nun hakimiyyətdə qalması isə Qərbin diqtəsi ilə hərəkət edən Paşinyan hakimiyyətinin işini çətinləşdirir. Mümkündür ki, İrəvanda hakimiyyət dəyişikliyi olsun, rusiyayönümlü qüvvələr iqtidara gəlsinlər. Ona görə də Cənubi Qafqaza giriş qapısı olan Gürcüstanı nəzarətə almaq istəyən Qərb bu yolla Ermənistanı xilas etməyə çalışır.
- Prezidentin konstitusiyanın ona verdiyi hüquq və səlahiyyətləri aşaraq, müxalifətin və ölkəyə diqtələr edən Qərbin sözçüsü kimi çıxış etdiyi deyilir. Bu barədə fikrinizi bilmək istərdik...
- Bayaq dediyim kimi, Zurabişvili həm də Fransa vətəndaşıdır. O, Gürcüstanın deyil, daha çox Fransa dövlətinin və fransız xüsusi xidmət orqanlarının maraqlarını müdafiə edir. Bunu iqtidar dairələri dəfələrlə dilə gətirib, Zurabişvilini açıq-aşkar satqın, Gürcüstanın maraqlarına zərbə vuran düşmən adlandırıblar. Zurabişvili ölkədə qarışıqlıq yaratmaq istədi. O, hətta orduya müraciət edərək demokratik qüvvələrin hakimiyyətə gəlməsinə dəstək verməyə çağırdı. Halbuki prezidentin orduya müraciəti dövlət çevrilişinə cəhd sayıla bilər. Təhlükəsizlik qüvvələri bunu dərindən araşdırsaydılar, o, həbs edilməli idi. Bundan başqa, Zurabişvili dəfələrlə dövlətin qanunlarını pozub, Gürcüstan xalqının deyil, sanki müxalifətin prezidenti kimi aksiyalara qoşulub. O, hesab edirdi ki, aksiyada iştirak edərsə, bütün Gürcüstan əhalisi həvəslənib küçələrə axışacaq. Bu, baş vermədi, əksinə, çoxları tərəfindən narazılıqla qarşılandı. Prezidentin xalqın maraqlarını müdafiə etmədiyi, artıq hər kəsə aydındır.
- Yeri gəlmişkən, Zurabişvili bu günlərdə Parisə getmişdi...
- Bəzi mənbələr bildirir ki, əslində o, Gürcüstandan qaçıb. Qeyd etdiyim kimi, dəfələrlə konstitusiyanı pozduğu üçün həbsolunma risqi daşıdığını başa düşür. Tbilisiyə qayıtsa belə, onun xarici agenturaya işlədiyi gün kimi aydındır. Güman ki, Fransaya məhz ağası Makrondan və digərlərindən Gürcüstanda gələcəkdə başqa hansı yeni təxribat planları həyata keçirməli olduğuna dair təlimat almaq üçün gedib. Bu ayın 14-də Gürcüstanda prezident seçkiləri olacaq. Bizdə prezident səsvermə yolu ilə deyil, mandat almış millət vəkilləri tərəfindən seçilir. İki gün sonra – ayın 16-da Zurabişvilinin prezidentlik müddəti başa çatır və o, yola salınacaq. Dekabrın 29-da isə yeni prezidentin andiçmə mərasimi keçiriləcək. Bununla da Zurabişvili və onun kimi digərlərinin Gürcüstanda “at oynatmasına” son qoyulacaq.
- Bütün bu proseslərə qonşu ölkələrin – Azərbaycan, Türkiyə, Rusiya və Ermənistanın münasibəti necədir?
- İndiki iqtidarın Gürcüstana qonşu ölkələrin hər biri ilə ayrı-ayrılıqda çox yaxşı münasibəti var. Bildiyimiz kimi, bu yaxınlarda Gürcüstan, Azərbaycan və Türkiyə arasında qarşılıqlı təhlükəsizlik haqqında saziş imzalandı. Yəni bu üç ölkədən birinə hücum olarsa, qalan ikisi ona yardım edəcək. Həmçinin Rusiyadan mesaj formasında da olsa, artıq xəbərlər var ki, Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın tərkibinə qaytarılmasına kömək etmək fikrindədir. Yeri gəlmişkən, Abxaziyada prezidentin və baş nazirin qovulması, yerlərinə güman ki, loyal qüvvələr gələcək və bununla da konfederativ əsaslarla da olsa, Gürcüstanın ərazi bütövlüyü bərpa ediləcək. Azərbaycana gəlincə, tarixən bu iki ölkə arasında strateji münasibətlər mövcud olub. Xəzər və Orta Asiyadan daşınan karbohidrogen ehtiyatları bütün hallarda Gürcüstanla Azərbaycanın strateji partnyorluğuna etibarlı təminat verir. Əminəm ki, Azərbaycan da qonşu və dost ölkə olaraq Gürcüstanda sülh və sabitliyin bərqərar olmasını arzu edir; Türkiyə də həmçinin. Yeganə ölkə Ermənistandır ki, qərbpərəst qüvvələrin hakimiyyətə gəlməsini istəyirdi. Onlar üçün Gürcüstan Avropaya açılan dəhlizdir. O vaxt Saakaşvili hakimiyyətdə olarkən təklif səsləndirmişdi ki, Gürcüstanla Ermənistan birləşə bilər. Görünür, bu istək orada indi də kimlərinsə ürəyində var.
- Siz müstəqil partiya olaraq, baş verənlərdə günah axtarmaq lazımdırsa, neçə faizini iqtidarda, neçə faizini müxalifətdə və ya xaricdəki təxribatçılarda görürsünüz? Ümumiyyətlə, “Gürcü arzusu” iqtidarının mövqeyini necə şərh edirdiniz: onların əsl məqsədi Avropaya inteqrasiyadır, yoxsa əksinə?
- Əlbəttə, biz nə iqtidardayıq, nə də müxalifəti təmsil edirik – mərkəzi mövqedə dayanan milli demokratik idealogiyanın daşıyıcılarıyıq. Biz və ətrafımızdakı dostlarımız “Gürcü arzusu”nun xarici siyasətini dəstəkləyirik. Müharibə istəmirik. Başa düşürük ki, Zelenski kimi birinin Gürcüstana təyin olunması ölkəmizi Rusiya ilə müharibəyə sürükləyəcək. Gürcüstanın Ukrayna, İraq və ya Suriyanın gününə düşməməsi üçün Gürcüstan Pravoslav kilsəsi, ziyalıları, vətənini sevən hər bir vətəndaş kimi “Gürcü arzusu” iqtidarını dəstəkləyirik. “Gürcü arzusu”nun daxili siyasətini qətiyyən qəbul etmirik...
- Niyə?..
- O, daxildə milli və dini müstəvidə ayrı-seçkilik edir. Buna görə açıq şəkildə etirazımızı bildirmişik. Türkdilli vətəndaşların ovaxtkı sayının 1 milyon, seçicilərinin 500 min nəfər olmasına baxmayaraq, heç bir yüksək dövlət postunda təmsil olunmuruq. Hansı ki, ermənilər və kürdlərin sayca bizdən çox az olmalarına baxmayaraq, hakimiyyət dairələrində bizdən dəfələrlə çox vəzifəyə təyin edilirlər. Təbii ki, bu da bizi narazı salır. Azərbaycanlıların yığcam yaşadıqları bölgələrə mərkəzi büdcə çox cüzi vəısait ayırır. Kommunikasiya, təhsil, infrastruktur və sair məsələlərdə bizim bölgələr digər bütün xalqların yaşadığı məkanlardan geri qalır. Düşünürük ki, ölkədə sabit hökumət formalaşdıqdan sonra bütün bu problemlərimizi yenidək rəhbərlik qarşısında qaldıraq. Ona görə də səsvermədə indiki iqtidara səsimizi kredit formasında vermişik. Yəni bu daimi deyil, maraqlarımız nəzərə alınmasa, bizə ikinci qrup insanlar kimi yanaşılsa səsimizi geri götürə bilərik.
- Rusiya baş verənlərdə nə qədər iştirak edir, el dili ilə desək, “hadisələrdə rus barmağı var” deyə bilərik?
- Rusiyanın Gürcüstanda baş verənlərlə roluna dair müxalifət tərəfindən tez-tez fikirlər səsləndirilsə də, faktiki bu müstəvidə heç bir dəlil yoxdur. Parlament seçkilərində 2,1 milyondan çox vətəndaş səs verib və “Gürcü arzusu” 1,2 milyon səs toplayıb. Rusiya bu prosesdə hansı formada rol oynaya bilərdi, ağlabatan görünmür. O ki qaldı ölkədə qarşıdurma yaratmaq üçün Avropa təlim keçib gəlmiş, polisə daş, digər vasitələr atanların hərəkətinə, burada çətin ki Rusiya izi olsun. Müxalifət hər nə olur-olsun hər şeyi Rusiyaya bağlamağa çalışır. Əslində, Avropa da yaxşı bilir ki, Gürcüstan, sadəcə, Rusiya ilə diplomatik əlaqələr qurmaqla Abxaziya və Cənubi Osetiyanı geri qaytarmaq, dövlətin ərazi bütövlüyünü bərpa etmək, 2028-ci illədək İttifaqla danışıqları davam etdirmək istəyir. Birincisi, məhz bu hakimiyyətin dövründə Gürcüstan Avropa İttifaqına namizəd statusu alıb. İkincisi, Gürcüstan Konstitusiyasında gələcəkdə NATO-ya üzvolma maddəsini yazan da məhz “Gürcü arzusu” iqtidarıdır. Ona görə də “Gürcü arzusu”nu rusiyayönümlü deyil, qərbyönümlü adlandırsalar, yerinə düşərdi. “Avropapərəst” deyilən Saakaşvili 10 il iqtidarda oldu, amma bu müddətdə ölkədə Avropa tərəfindən nə bir zavod açıldı, nə başqa bir istehsalat sahəsəi yaradıldı. Saakaşvili Qərb üçün bölgəmizə daxil olub möhkəmlənmək üçün sadəcə vasitə oldu. Nəticəsi də budur ki, Mixail Saakaşvili uzun müddətdir həbsdədir və çətin ki, yaxın vaxtlarda oradan çıxa bilsin. Üstəlik, onun komandasında olmuş bəzi şəxslər də axtarışdadır ki, onlar çox böyük dövlət əhəmiyyətli cinayətlərdə ittihamlanırlar.
- Hadisələrin sonunu necə görürsünüz, Gürcüstanda daha bir narıncı inqilab baş verəcək?
- Mən 40 ildir siyasətlə məşğul olan bir şəxs kimi, şükür Allaha, verdiyim proqnozlar özünü doğruldub, Gürcüstanda hər hansı rəngli inqilabın yaşanacağına inanmıram. Mən Saakaşvilinin Şevardnadzenin tamaşası nəticəsində parlament binasına daxil olaraq necə “Qızılgül inqilabı” etdiyinin şahidi olmuşam. O vaxt mən millət vəkili olaraq parlamentdəydim. Orada heç bir inqilab-filan yox idi. Sadəcə, Saakaşvili Şevardnadzenin siyasi yetirməsi olaraq, onun parlament fraksiyasına rəhbərlik edirdi. Sonradan lideri tərəfindən ədliyyə naziri postuna gətirildi, şərait yaradıldı ki, silahlı dəstələr təsis etsin, prokurorluq və məhkəmə sisteminə öz adamlarını doldursun. Sonra da Şevardnadze guya inqilab oldu deyib hakimiyyəti Saakaşviliyə ötürərək getdi. Bu, Şevardnadze ilə ABŞ və Avropa arasında aparılan bazarlığın nəticəsi idi. Saakaşvili hakimiyyətə gələndən sonra Şevardnadzeyə və Hillari Klintona milyardlarla dollarlıq sərvət hədiyyə etdi. Bundan əlavə, Şevardnadzenin zamanında bankların soyulması, insanların qaçırılaraq öldürülməsi, həbslər və sairlə bağlı Saakaşvilinin hakimiyyəti dövründə heç bir cinayət işi qaldırılmadı. Bütün bunları nəzərə alaraq bundan sonra belə dırnaqarası inqilabların baş verməsi ehtimalını görmürəm. Prezident də seçiləcək, hökumət də formalaşacaq, parlament də işləyəcək. Amma 150 yerlik parlamentin işində, ola bilsin, müxalifətdən seçilmiş deputatlar iştirak etməsin. Hansı ki, məncə, edəcəklər. Bir məsələ də var, müxalifət partiyaları xarici agent şəbəkəsinə xidmət etdikləri üçün fəaliyyətlərinə siyasi yasaq qoyula bilər. Gələn ilin oktyabrında Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək və bu halda mümkündür ki, eyni vaxtda parlamentdə boş qalmış yerlərə seçkilər də olsun...