Ermənistan kapitulyasiya aktına imza atandan sonra götürdüyü öhtəlikləri yerinə yetirmək əvəzinə yenə də sərhəddə atəşkəsi pozur və sərsəm iddialarını davam etdirir. Görünən odur ki, ermənilər iddia olunduğu kimi Xankəndində Rusiya sülhməramlılarının təşkilatçılığı ilə aksiya keçirir və o etiraz aksiyasında sülhməramlıların bölgədə qalmasını tələb edirlər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli hafta.az-a bildirib ki, üçtərəfli bəyanat II Qarabağ savaşını yekunlaşdıran, Azərbaycanın qələbəsini şərtləndirən, Ermənistanın məğlubiyyətini təsdiq edən bir sənəddir. Ekspert bəyan edib ki, bu sənəd həmçinin özündə kapitulyasiya elementlərini ehtiva edir.
“Üçtərəfli bəyanat tərəflər qarşısında müəyyən öhdəliklər qoyur və bu öhdəliklər bizim tərəfimizdən tam olaraq həyata keçirdilib. Təəssüf ki, Ermənistan o öhdəliklərin bir qismini hələ də həyata keçirtməyib”.
M.Məmmədli yerinə yetirilməyən öhdəliklər sırasında xüsusilə iki məqamın üzərində dayanıb.
“Onlardan biri budur ki, bölgədə Ermənistan silahlı qüvvələri hələ də öz mövcudluqlarını davam etdirir. Üçtərəfli bəyanata görə, erməni silahlıları artıq Rusiya sülhməramlı qüvvələri bölgədə yerləşdirildikdən sonra çıxarılmalı idi. Ancaq bu günə qədər də həmin bənd həyata keçirilmir. Son günlər verilən açıqlamalardan da məlum olur ki, sülhməramlıların erməni silahlı qüvvələrini bölgədən çıxarmaq niyyətləri yoxdur. Digər məsələ regional kommunikasiyaların açılması ilə bağlıdır. Yəni üçtərəfli bəyanatın 9-cu bəndinə görə Ermənistan Azərbaycanın əsas hissəsi-qərb rayonları ilə Naxçıvan arasında dəhliz açmalı idi. Daha dəqiq desək, Zəngəzur dəhlizini açmağı öz üzərinə götürmüşdü. İndiyə qədər Ermənistan həmin öhdəliyini də həyata keçirtməyib. Görünən odur ki, yaxın zamanlarda həyata keçirtmək fikri də yoxdur. Hər halda Ermənistan rəsmiləri Zəngəzur dəhlizini açmamaqla bağlı bir daha öz mövqelərini nümayiş etdirirlər, bütün bunlar bölgədə sülh prosesinə, xüsuilə də iki ölkə arasında sülh danışıqlarına çox ciddi mənfi təsir göstərir və bölgədə yeni gərginliklərin yaradılması üçün mühit formalaşdırır”.