Onunla hafta.az üçün budəfəki söhbətimizdə son günlər bəzi mənbələrin Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşması haqqında məlumatlar sərgiləməsi, Suriyada son günlər gərginləşmiş və bəzi məlumatlara görə, 2 mindən çox insanın həlak olması ilə nəticələnmiş hərbi-siyasi durum, həmin gərginliyin onsuz da mürəkkəb olan Türkiyə-İsrail münasibətlərini hansı istiqamətə aparacağı, Türkiyə-İsrail əlaqələri gərginləşəcəyi təqdirdə, Azərbaycanın hansı mövqe tutacağı, ABŞ ilə birgə İranın nüvə proqramını durdurmaq üçün həmin ölkəyə hücuma hazırlaşan İsrailin həmin savaşdan müttəfiqi Azərbaycanın da zərər çəkəcəyini nəzərə alıb-almaması və digər məsələlər barədə danışdıq. Müsahibimiz Azad Vətən Partiyasının sədri Akif Nağıdır.
– Son günlər bəzi mənbələr Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşması haqqında məlumatlar yayır. Buna nə dərəcədə inanmaq olar?
– Ermənistan ağıl və məntiqlə düşünsə, sözsüz ki, onun hazırkı durumunda ən yaxşı çıxış yolu Azərbaycan və Türkiyə ilə müttəfiq olmaqdır. Ermənistan bu iki qonşu ölkənin cızdığı yol xəritəsi ilə hərəkət etməlidir. Onun maraqları bunları tələb edir. Azərbaycan da, Türkiyə də onlara əməkdaşlıq, sülh müqaviləsini imzalamağı təklif edir. Sadəcə, Ermənistan məğlub durumda olduğuna görə sülh müqaviləsinin imzalanmasını müxtəlif yollarla uzadır. Sülh sazişinin imzalanması mövcud şəraitin təsbit olunması və qəbul edilməsi deməkdir. Bu baxımdan Paşinyan həm ölkə daxilində ona qarşı etirazların kütləviləşməsindən ehtiyat edir, digər tərəfdən isə bir erməni rəhbər kimi bu alçaldıcı sülh sazişini imzalamaq istəmir. Ermənilər, hələlik, atəşkəs vəziyyətinə bir xilas yolu kimi baxırlar və çalışırlar ki, nə qədər mümkündür, sülh sazişi imzalanmasın, ancaq atəşkəs davam etsin. Ona görə də Ermənistanın müharibə hazırlıqları gedir. Yəni Azərbaycan tərəfinin müşahidələri bunu göstərir. Azərbaycan rəsmiləri də bildirirlər ki, ermənilər sürətlə silahlanır və ölkəmizə qarşı hansısa planlar qururlar. Hətta son günlər belə fikirlər səslənir ki, aprel ayında Ermənistanın sərhəddə hansısa təxrubat törətməsi mümkündür. Bəli, Ermənistan Azərbaycanla qarşıdurmaya gedə bilmək gücündə və potensialında deyil. Bunu onlar özləri də gözəl bilirlər. Sadəcə olaraq, hansısa xarici dövlətin Ermənistana ürək-dirək, cəsarət verməsi mümkündür. Ermənilər o qədər də axmaq deyillər ki, indiki durumda kiminsə onları sonadək müdafiə edəcəyinə inansınlar. Onlar da yaxşı bilirlər ki, hər hansı bir xarici qüvvə öz maraqlarından çıxış edir, sonadək kiminsə qələbəsinə kömək etmək fikrində deyil. Bununla bağlı göz önündə Gürcüstan, son Ukrayna nümunəsi var. Ermənistan rəhbərliyi bütün bunları anlamamış deyil. Ona görə də hesab edirəm, Ermənistanın hərbi əməliyyatlar keçirmək fikri var. Bu yalnız həmin sülh prosesinin dondurulması və ya uzadılması məqsədilə həyata keçirilə bilər. Yəni Ermənistan hərbi əməliyyatlara başlayır, döyüşlər gedir və nəticədə Azərbaycanla münasibətlər yenidən gərginləşir və kəskinləşir. Bununla da sülh prosesi “tormozlanır”.
Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, hazırda Azərbaycanda erməni hərbi canilərinə qarşı məhkəmə prosesi gedir və burada çoxsaylı faktlar ortaya çıxır. O cümlədən Ermənistan rəhbərliyinin və birbaşa baş nazir Nikol Paşinyanın hərbi cinayətləri ilə bağlı faktlar səslənir. Böyük ehtimalla, indiki məhkəmə prosesi bitəndən sonra Azərbaycan, yəqin ki, Nikol Paşinyana və Ermənistanın digər rəhbərlərinə qarşı beynəlxalq məhkəmə prosesi başlada bilər. Ona görə də erməni tərəfi hərbi əməliyyatları başlatmaqla bu prosesi də yarımçıq qoymaq məqsədi güdür. Təbii ki, Azərbaycan Ermənistan tərəfindən hər cür təxribata hazır olmalıdır və buna qarşı elə bir addım atmalıdır ki, erməni tərəfi bir daha belə təxribatlar törətməyə imkanı olmasın və cəsarəti çatmasın...
- Diktator Bəşər Əsədin devrildiyi və yeni müvəqqəti hökumətin qurulduğu Suriyada son günlər gərginləşmiş və bəzi məlumatlara görə, 2 mindən çox insanın həlak olmasıyla nəticələnmiş hərbi-siyasi durumu necə dəyərləndirirsiniz?
- Suriyada hadisələrin hansı istiqamətdə gedəcəyi məlum deyil. Orada müxtəlif ölkələrin çox ziddiyyətli maraqları kəsişir. Bir tərəfdə Amerikanın, Avropanın, İsrailin, digər tərəfdə Türkiyənin maraqları... Başqa bir tərəfdə isə İran və Rusiya geri çəkilib məğlubiyyətlərini etiraf etmək istəmirlər. Ölkənin daxilində də cürbəcür xarici qüvvə və mərkəzlərə xidmət edən təxrubatçı qruplar, həmçinin silahlı qruplaşmalar mövcuddur. Onlara siqnal gələn kimi hərəkətə keçirlər...
Bizim üçün ən vacibi odur ki, Suriyada türkmən əhalisinin təhlükəsizliyi təmin olunsun. Bu barədə Türkiyə lideri cənab Rəcəb Tayyib Ərdoğan da öz mövqeyini ortalığa qoyub. Ölkədəki təxribatçı və silahlı qruplaşmalar əsasən Latakiya, Tartus və Homs əyalətlərində toplaşıb. Elə son silahlı toqquşmalar da həmin ərazilərdə oldu. Orada isə İslamın ələvi məzhəbinə məxsus müsəlmanlar yaşayır. Onların isə əksəriyyəti bizim soydaşlarımız olan türkmənlərdir. Sosial şəbəkələrdə son qarşıdurmalar zamanı ələvilərə qarşı amansız rəftarı göstərən çoxsaylı videolar yayılıb...
Ölkədə vəziyyəti sabitləşdirib dövlətçiliyi qorumaq üçün gərək əş-Şaraanın qurduğu mərkəzi hökumət öz hakimiyyətini möhkəmləndirsin. Həmin hökumətin də əsas dayağı Türkiyədir. Türkiyə də müəyyən hərbi dəstəyi verir, gərəkli əməliyyatlar həyata keçirilir. Bununla belə, Suriyada “PKK” tərəfdarları və İranın proksi qüvvələri sabitliyi pozmağa çalışır. Təbii ki, Rusiya da özünün sovet dövründən bəri tarixi maraqlarını qorumağa, orada hələ də qalan hərbi bazası vasitəsilə təsir gücünü, az da olsa, bərpa etməyə çalışır. Sözsüz ki, Əsəd də Moskvaya əliboş gəlməyib, bəzi məlumatlara görə, Suriyadan on milyardlarla dollar pul çıxarıb. Bundan əlavə, bir sıra xarici hesablarda da gizli vəsaitləri var. Təbii ki, o da əlindəki vəsait və vasitələrdən istifadə etməklə keçmiş ölkəsində nəyəsə nail olmağa cəhd göstərə bilər.
- Yəni Bəşər Əsəd doğrudanmı düşünür ki, onun bundan sonra hansısa formada yenidən Suriyada hakimiyyətə qayıtması mümkündür?
- Zənnimcə, bu, tam ağılsızlıq olardı. Sadəcə, Putin ona sığınacaq verdiyinə görə Əsəd öz pullarından Suriyada təxribatlar yaratmaq üçün xərcləməyə məcburdur. Putinin də istəyi, dediyim kimi, oradakı təsir imkanlarını müəyyən dərəcədə saxlasın. Suriya Yaxın Şərq regionunda Rusiyanın yeganə mövqeyidir və oradan tamamilə çıxarsa, regionda təsir imkanlarını tamamilə itirəcək. Onsuz da gec-tez oradan çıxmağa məcbur olacaq, amma yenə də qalmaq üçün müəyyən cəhdlər edirlər. Hesab edirəm, Suriyada İran daha çox fəaldır. Və o, Əsədin pulları-filanı vasitəsilə deyil, onilliklərlə formalaşdırıdığı dayaqlarının, proksi qüvvələrinin hesabına fəaldır.
Xülasə, Suriyada yaranmış böhranın həllinin iki yolu var. Öncə də dediyim kimi, əş-Şəraa hakimiyyəti möhkəmlənməlidir. Bunun ehtimalı azdır, çünki müqavimət göstərə bilən xeyli qüvvələr var. İkinci yol isə ondan ibarətdir ki, əsasən xarici güc mərkəzlərindən idarə edilən həmin müqavimət göstərən qüvvələr də hakimiyyətdə təmsil olunmalıdır. Yəni İraqda, Liviyada olduğu kimi, o qüvvələr arasında hakimiyyət bölgüsü aparılmalıdır. Düzdü, bu hal dövləti zəiflədəcəkdir, ancaq müəyyən dərəcədə ölkədə sabitliyin qorunmasına kömək edəcək. Fikrimcə, ikinci variant daha real və optimal görsənir...
- Sizcə, Suriyada başlanan son gərginlik onsuz da mürəkkəb olan Türkiyə-İsrail münasibətlərini hansı istiqamətə aparacaq?
- Suriyada gedən proseslər, əsasən, Türkiyənin nəzarətindədir. Oradakı yeni və müvəqqəti keçid hökuməti Türkiyənin tövsiyələri ilə davranır və bunu heç də gizlətmirlər. Türkiyənin isə məqsədi oradakı qanunsuz silahlı qüvvələrin ləğv olunması və “PKK”, kürd terroru məsələsinin həll olunmasıdır. Həmin istiqamətdə isə bildiyiniz kimi, bu günlərdə bir sıra addımlar atıldı. Suriyada ən radikal mövqedə dayanan kürd qruplaşmaları da yeni hökumətlə razılığa gəldilər və əməkdaşlıqla bağlı müqavilə imzaladılar. Bunlar hamısı rəsmi Ankaranın maraqlarına uyğundur. Türkiyə də birmənalı şəkildə bildirir ki, biz Suriyada sülh və əmin-amanlığın bərqərar olmasının tərəfdarıyıq və o istiqamətdə fəaliyyət göstərəcəyik. İsrailin də, sözsüz ki, orada müəyyən planları var. Türkiyənin isə bu dövlətlə münasibətləri müəyyən vaxtlarda sərinləşsə də, gərgin olaraq qalır. Qəzza ilə bağlı Prezident Ərdoğan Netanyahu hökumətinə qarşı sərt mövqe tutdu. Həmçinin Türkiyə rəhbərliyi “HƏMAS”la atəşkəs əldə edildikdən sonra Fələstin əhalisinin Qəzzadan köçürülməsi planı əleyhinə də kəskin münasibət bildirir. İsrail isə Suriyanın da müəyyən ərazilərində, xüsusən Holan yüksəkliklərində öz planlarını həyata keçirir. Rəsmi Ankara buna qarşı da açıq mövqeyini nümayiş etdirir. Təbii ki, bütün bunlar sərt qarşıdurma həddinədək getməyəcək. Bununla belə, planetdə aparıcı siyasi oyunçulardan biri kimi Türkiyənin mövqeyi getdikcə möhkəmlənir. Bununla İsrail də hesablaşmaq məcburiyyətindədir. Digər tərəfdən isə, İsraillə Türkiyənin ortaq müttəfiqləri var. Belə müttəfiqlərin mərkəzində də Azərbaycan dayanır.
- Bəzi məlumatlara görə, ABŞ ilə birgə İranın nüvə proqramını durdurmaq üçün həmin ölkəyə hücuma hazırlaşan İsrail həmin savaşdan müttəfiqi Azərbaycanın da zərər çəkəcəyini nəzərə alırmı?
- ABŞ və İsrailin İranın nüvə proqramını durdurmaqla bağlı planlarında qaranlıq məqamlar çoxdur. Prezident Məsud Pezeşkianın Trampla bağlı son sərt çıxışına qədər hiss olunurdu ki, İranla müəyyən razılaşmalar var. Əvvəlcə ali dini lider Əli Xamnei də sərt mövqe tutdu ki, Amerika ilə heç bir danışıqdan söhbət gedə bilməz. Ondan sonrakı gediş, o cümlədən Pezeşkianın da bəyanatlarından bəlli olur ki, İran tərəfi tamamən, imperativ şəkildə danışıqlardan imtina etmir, sadəcə ABŞ-nin diktə mövqeyindən geri çəkilməsini istəyirlər. Təbii ki, İranın maraqları və bir çox iqtisadi çətinlikləri var. Neft-qaz ölkəsi olmasına baxmayaraq son aylar ciddi elektrik və yanacaq böhranı yaşayır, əhaliyə işıq qrafiklə verilir. Eləcə də digər daxili problemləri var. Həmçinin Bayden administrasiyası dövründə İranın qeyri-rəsmi, qaçaqmalçılıqla qaz-neft nəqlinə göz yummasına rəğmən Tramp hakimiyyətə gələndən bunların qarşısını birmənalı şəkildə alır. Ona görə də İran son nəticədə məcburdur ki, müəyyən razılıqlara getsin. ABŞ-nin mövqeyi də ondan ibarətdir ki, nüvə tədqiqatları dayandırılmalı və İranın nüvə silahı olmamalıdır. İran isə hələlik mövqeyini qoruyub saxlayır. Təbii ki, rəsmi Tehran həm Amerika, həm də İsraillə qarşıdurmaya gedərsə və İrana qarşı genişmiqyaslı əməliyyatlar başlayarsa. Azərbaycana çox böyük zərərlər dəyəcəkdir. Buna görə də sözsüz ki, ABŞ kimi İsrail də belə bir situasiyada Azərbaycanın maraqlarını nəzərə almalıdır. Həm müttəfiq olduğumuza görə, həm də Azərbaycan–Türkiyə tandemi var: bu tandemlə hər kəs hesablaşır. Odur ki, İsrail yalnız dostluğa, müttəfiqliyə görə yox, eyni zamanda bu tandemin gücünə görə Azərbaycanın maraqlarını mütləq nəzərə almalıdır. Yəqin ki, elə nəticə deyilənlərə uyğun olacaqdır. ABŞ və İsrail İranla son həddə sərt qarşıdurmaya getməyəcək, genişmiqyaslı əməliyyatlar keçirilməyəcəkdir. Yəni Azərbaycanın maraqları istənilən halda nəzərə alınacaqdır.