Fransada işdən qovulan qadın lotereyada 109 milyon avro uddu

10:58 22.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fransada bir müddət əvvəl işdən çıxarılan qadının oynadığı lotereyadan 109,3 milyon avroluq cekpot udduğu bildirilir.

Hafta.az-ın yazdığına görə, Fransanın milli lotereya oyunlarının operatoru FDJ-nin verdiyi açıqlamada deyilir ki, Morhiban şəhərində yaşayan və bir müddət əvvəl işdən çıxarılan qadın şansını dəyişmək üçün Euromillions lotereyasından bilet alıb. Şəxsiyyətinin açıqlanmasını istəməyən və 50 yaşında olduğu deyilən qadın biletini yoxlayanda lotereyadan udduğunu anlayıb.

Əvvəlcə mükafatın nə qədər olması barədə heç nə deməyən şanslı qalib onlayn araşdırmasında ümumilikdə 109 milyon 268 min 140 avro qazandığını öyrənib.

Bonus çekini alan qadın açıqlamasında deyib: "Adətən ildırımvurma ehtimalı lotereyada udmaq ehtimalından daha yüksəkdir. Taleyin döngəsini heç kim başa düşə bilməz".

Bəxtəvər qadın iş stresindən uzaqlaşacağını, qazandığı pulla vəqf fəaliyyətlərinə qatılacağını, arzusunda olduğu evi aldıqdan sonra çox istədiyi Meksika və Tailanda səyahətə çıxacağını bildirib.