Xarici ölkələrə səyahət edən Azərbaycan vətəndaşlarının sayı azalıb. Dövlət Statistika Komitəsindən hafta.az bildirilib ki, bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1188,9 min nəfər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azdır.
Məlumata görə, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 0,8 faiz, Gürcüstana gedənlərin sayı 25,9 faiz artıb, Türkiyəyə gedənlərin sayı 4,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 28,5 faiz azalıb. Azərbaycan Respublikası vətəndaşlarının 40,6 faizi Türkiyəyə, 15,7 faizi Rusiya Federasiyasına, 11,2 faizi Gürcüstana, 8,9 faizi İrana, 23,6 faizi digər ölkələrə səfər edib. Gedənlərin 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib. Yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,8 faizi hava, 28,2 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Bəs görəsən, getmə turizmində baş verən azalmanın səbəbi nədir?
“Əsas səbəblərdən biri ölkəmizdə yeni turizm istiqamətlərinin açılmasıdır”
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildirib ki, getmə turizmində baş verən azalmanın səbəbi müxtəlifdir.

Ekspertin fikrincə, bunun əsas səbəblərindən biri ölkəmizdə yeni turizm istiqamətlərinin açılmasıdır:
“Müşahidələr göstərir ki, işğaldan azad olunmuş ərazilər - Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və Zəngilan vətəndaşlar tərəfindən daxili turizm üçün daha çox seçilir. Təbii ki, Azərbaycan vətəndaşlarının yeni daxili turizm istiqamətlərinə böyük maraq göstərməsi sevindirici haldır. Bu, yalnız turizmin inkişafına deyil, həm də yerli əhalinin sosial rifahına birbaşa təsir edir. Turistlər otellərdə qalmaqla yanaşı, yerli sakinlərin evlərini kirayə götürür, kənd təsərrüfatı məhsulları alır və yerli xidmətlərdən istifadə edirlər”.
Ekspert bildirir ki, dünyada baş verən bəzi siyasi dəyişikliklər və uçuş istiqamətlərinin məhdudlaşdırılması xaricə səyahət edən vətəndaşların sayının azalmasına səbəb olub:
“Ölkə daxilində turizmin inkişafı iş yerlərinin açılmasına, bölgələrdə iqtisadi və sosial rifahın yüksəlməsinə xidmət edir. Xüsusilə işğaldan azad olunmuş ərazilərə turist səfərlərinin artması milli ruhun güclənməsinə və vətəndaşların torpağa bağlılığının yüksəlməsinə gətirib çıxarır”.
R.Quliyevin sözlərinə görə, pandemiyadan öncəki dövrdə aşağı büdcəli turistlər daha çox Gürcüstana və Rusiyanın yaxın bölgələrinə - Yessentuki və Kislovodsk kimi yerlərə üstünlük verirdilər:
“Türkiyə, Avropa, Asiya ölkələrinə isə orta və yüksək büdcəli turistlər səfər edirdi. Hazırda quru sərhədlərin bağlı olması da Azərbaycanda daxili turizmin inkişafına səbəb olub. Pandemiya öncəsi qonşu ölkələrə quru sərhədlərlə gedən turist kütləsi artıq bölgələrə üz tutur. Bundabn başqa, Avropaya səfərlərlə bağlı viza məsələsi də çətinlik yaradır. Görüş vaxtı almaq və sənəd qəbulu prosesində gecikmələr yaşanır. Bu isə Azərbaycan vətəndaşları üçün çətinlik yaradır. Alternativ olaraq, vizasız gedilə bilən ölkələr – Türkiyə, Misir və Monteneqro ön plana çıxır. Hazırki statistikaya nəzər saldıqda görmək mümkündür ki, ən çox seçilən istiqamət, hər il olduğu kimi bu ildə qardaş Türkiyədir”.
“Əsas səbəblərdən biri də qlobal iqtisadi böhran və qiymət artımlarıdır”
Mövzu ilə bağlı turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov bildirib ki, getmə turizmi gəlmə turizmi ilə müqayisədə daha passivdir.

Ekspert qeyd edib ki, hazırda Azərbaycana gələn turistlərin sayı artmaqda olsa da, ölkədən çıxış edənlərin, yəni getmə turizmin bərpa tempi nisbətən zəifdir:
“Məsələn, 2019-cu ildə ölkədən xaricə səfər edənlərin sayı təxminən 5,5 milyon nəfər idisə, 2024-cü ildə bu göstərici cəmi 2 milyon nəfəri bir qədər ötüb. Bu da onu göstərir ki, getmə turizm bazarı hələlik 50 faizə qədər bərpa olunub. Getmə turizmin tam bərpa olunmamasına təsir edən əsas səbəblərdən biri də qlobal iqtisadi böhran və qiymət artımlarıdır. Ənənəvi turizm istiqamətlərində, xüsusilə də Türkiyə kimi məkanlarda qiymətlərin 50–60 faizə qədər bahalaşması müşahidə olunur. Bu isə vətəndaşların xaricə səyahət qərarına birbaşa təsir edir. Qiymətlərin yüksəkliyi nəticəsində bir çox insanlar ya səyahətdən imtina edir, ya da alternativ, daha ucuz istiqamətlərə yönəlirlər”.
Turizm eksperti onu da əlavə edib ki, Azərbaycanla bağlı statistik tendensiyalara baxdıqda görünür ki, COVID-dən əvvəlki dövrlərdə ölkədən xaricə gedənlərin sayı ölkəyə gələnlərdən daha çox olurdu:
“Yəni Azərbaycan daha çox getmə turizmi ilə fərqlənirdi. Lakin son illərdə yaranmış şərait fonunda daxili turizm daha aktivləşib. İnsanlar səyahət üçün ölkə daxilindəki məkanlara üz tuturlar. Ötən illə müqayisədə daxili turizmə tələbin artması daxili bazarda aktivliyi artırıb. Nəticədə otellərdən tutmuş kənd evləri və ailəvi istirahət məkanlarınadək müxtəlif yerləşmə növlərinin sayı artır. Bu isə daxili turizmdə qiymət artımının qarşısını qismən alır və vətəndaşlara əlavə seçim imkanları yaradır”.