Gürcüstan prezidenti Mixeil Kavelaşvili dövlət başçısı postuna seçiləndən sonra ilk rəsmi səfərini Azərbaycana etdi və hazırda Bakıda rəsmi səfərdədir. Bundan öncə, ölkənin baş naziri İrakli Kobaxidze də ilk səfərini Azərbaycana eləmişdi.
Sıx siyasi-iqtisadi əlaqələrə malik Azərbaycanla Gürcüstan aarsında münasibətlərin mövcud strateji səviyyəsi bəs Gürcüstanda necə dəyərləndirilir? Prezident Kavelaşvilinin ilk səfərini Bakıya etməsi fonunda gürcü cəmiyyəti, xüsusilə də bu ölkədə yaşayan soydaşlarımız nə düşünürlər, gözləntiləri nədir?
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov Hafta.az-a müsahibəsində bütün bu nüanslara aydınlıq gətirməyə çalışdı.
- Gürcüstan prezidentinin ilk səfərinin məhz Azərbaycana etməsi bizim üçün heç də təəccüblü olmadı. Çünki baş nazirimiz də ilk səfərini qardaş Azərbaycana edib. Sevindirici haldır ki, bu gün Azərbaycanla Türkiyə arasında yaranmış gözəl qarşılıqlı əlaqələr günümüzdə Azərbaycanla Gürcüstan və Gürcüstanla Türkiyə arasında da yaranıb və bu bir növ adət-ənənəyə çevrilir. Qardaş ölkələrimiz həmişə bir-birinin sevincini bölüşür, onlar hər zaman ilk addımı özü atıb cavab gözləyir ki, bu da çox gözəldir. Əslində biz hamımız illər boyu zəhmət çəkmişik ki, əlaqələrimiz inkişaf etsin, ölkələrimiz, xalqlarımız arasında münasibətlər yüksək səviyyədə olsun. O cümlədən, Gürcüstanda yaşayan Azərbaycan icması iki ölkə arasında canlı körpüdür. Bu körpü isə həmişə çalışıb ki, Gürcüstan-Azərbaycan münasibətləri qardaşlıq, strateji portnyorluq səviyyəsində olsun. Gürcüstan Azərbaycanlıları Konqresinin sədri olaraq deyirəm: tək şüarımız budur: Gürcüstan bizim vətənimizdir. İkinci, üçüncü, beşinci vətən olmur. Azərbaycan və Türkiyə isə bizim milli dövlətlərimizdir və bizə çox əzizdir, doğmadır. Əgər bu ölkələr bir-birinə bu qədər sıx bağlıdırlarsa, bu bizi ancaq sevindirir.
- Maraqlıdır, bu səfər Gürcüstan cəmiyyətində necə şərh olunur?
- Səfər Gürcüstanda birmənalı qarşılanmasa da, əhalinin böyük hissəsi alqışlayır və diqqətlə izləyir. Əlbəttə, belə səfərləri müzakirə edib danışanlar siyasi partiya təmsilçiləridir. Onlar da ki, təbii olaraq hərəsi öz mövqeyinə uyğun şəkildə mövqe nümayiş etdirir və bu, Gürcüstanın mövqeyi sayıla bilməz. Yəni Avropayönümlü partiyalar Avropa, Amerikayönümlülər Amerika, Rusiyayönümlülər Rusiya və sair mövqeyindən yanaşır məsələyə. Hesab edirik bu məsələyə nə Avropadan, nə Amerikadan, nə də Rusiyadan baxmaq lazım deyil – Azərbaycana Gürcüstandan, Gürcüstana da Azərbaycandan baxılmalıdır. Bu halda münasibətlərin düzgünlüyü daha yaxşı görünəcək.
- Gürcüstan azərbaycanlıları iki ölkə arasında əlaqələrin strateji səviyyəyə yüksəlməsindən nə gözləyir?
- Azərbaycan icması ölkələrimiz arasında dostuğun sarsılmaz olmasını istəyir. Arzu edirik bu münasibətlər yüksələn dinamika ilə inkişaf eləsin. Ölkələrimiz arasında sərhədlərin açılması da icmamızın gözləntilərindəndir. Düzdür, biz bu məsləyə anlayışla yanaşırıq. Bilirik ki, müharibə başa çatsa da, hələlik sülh müqaviləsi imzalanmayıb. Daha sonra, Gürcüstan azərbaycanlılarının Azərbaycanda, xüsusən də Bakıda yaşayan qohum-əqrabası, oğul-uşağı var ki, uzun illərdir orada məskunlaşsalar da, vətəndaşlıq ala, evlərini-mülklərini adlarına keçirə bilmirlər. Çox istərdik ki, onların həmin problemləri həll olunsun. Bilirsiniz, Gürcüstanda yaşayan azərbaycanlılar əsasən kənd yerlərində məskunlaşıblar və onların dolanışığı aqrar sahədən gəlir. Amma təəssüf ki, hələ də həmin kəndlərin bəzilərində torpaq islahatı tam başa çatdırılmayıb və arzu edərdik ki, bu məsələ də iki ölkənin yaxın münasibətləri müstəvisində tezliklə yoluna qoyulsun. Hesab edirik ki, insanlarımız dolanışığını yaxşılaşdırarsa heç yana – nə Avropaya, nə Asiyaya, nə da başqa bir yerə getməz. Bu arada, bizim baş nazirimiz Kobaxidze də ilk səfərini məhz Bakıya edib. Baş nazir ilk növbədə ölkənin xarici siyasəti, iqtisadiyyatı və sair sahələri ilə maraqlıdır.
- Bizim üçün maraqlıdır: Gürcüstanda xeyli sayda erməni də yaşayır. Baş nazirin, indi də prezidentin ilk səfərini Azərbaycana etməsini onlar necə qarşılayır?
- Burada ermənilər yaşayır, amma Gürcüstanda gürcülərdən sonra ikinci böyük xalq Azərbaycan türkləridir, bizdən sonra gələnlərin hamısının toplam sayı yarımız qədər eləmir. Bilmək lazımdır ki, ölkə iqtisadiyyatı ilə bağlı məsələlər ya Bakıda, ya da Tiflisdə müzakirə edilir. Gürcüstan və Azərbaycan iqtisadiyyatı bir-birinə çox sıx bağlıdır. Hətta Gürcüstan turizmini dirçəldən turistlərin də böyük bir hissəsi məhz Azərbaycandan gəlir. Bu gün Gürcüstan iqtisadiyyatının ciddi bir hissəsi Azərbaycanla bağlı olduğu kimi, Ermənistan iqtisadiyyatının da böyük hissəsi məhz Gürcüstanla bağlıdır. Ona görə də buradakı ermənilər təəccüblənməməlidirlər. Necə ki, Ermənistan rəhbərləri seçildikdə ilk səfərlərini Gürcüstana etməsələr biz təəccüblənərik. Onlar bilirlər ki, Gürcüstan Ermənistan üçün həyat yoludur, xilas yoludur.
- Sizcə Gürcüstan-Azərbaycan əlaqələrinin belə yaxınlaşmasının bir qonşu olaraq Ermənistana hansı təsirləri ola bilər? Məsələn, İrəvanın Azərbaycanla sülh sazişini imzalamasına və əbəs yerə silahlanmaya son qoymasına təsir edə bilər?
- Azərbaycan-Gürcüstan münasibətləri həmişə nəinki Cənubi Qafqazda, bütün Qafqaz bölgəsinə təsir edəcək qüvvədədir. Münasibətlərimizin bu qədər qardaşcasına yaxın olması imkan verir ki, Gürcüstan Azərbaycanla Ermənistan arasında anlaşılmayan və razılaşdırıla bilməyən məsələrdə rol oynasın. Biz bilirik ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni demək olar ki, hazırdır. Amma Azərbaycanın bəzi tələbləri var: Minsk Qrupunun ləğvi, Ermənistan anayasasında mövcud olan Dağlıq Qarabağ müddəasının çıxarılması. Hansı ki, Ermənistan bunu etməkdən yayınmağa çalışır. Hesab edirəm ki, Gürcüstan bu məsələlərin həllində mühüm rol oynaya bilər. O ki qaldı silahlanmaya, ermənilər 30 il ərzində silahlandıqlarını, amma sonunda məğlub olduqlarını anlamalıdırlar. Özü də silahın böyük hissəsi Rusiyadan, Avropadan və sair onlara pulsuz verilirdi. Amma Türkiyə və Azərbaycan silahının qarşısında onlar aciz qaldı və nəticəni 44 günlük savaş zamanı gördük. Razıyam, hər bir ölkənin ordusu, hərbi təchizatı olmalıdır, amma müdafiə xarakterli. Əgər hücum silahları alınırsa, bu onları intihara apara bilər. Bu üzdən də düşünmürəm ki, ermənilər bir də elə səhvə yol versinlər. Bizdə belə bir deyim var: Axmaqlar özlərinin, ağıllılar isə başqalarının səhvlərindən öyrənirlər. Bu mənada ermənilər yəqin ki, öz səhvələrindən nəticə çaxrıb və bir daha səhv etməzlər.
- Bir müddət öncə belə xəbər yayılmışdı ki, Azərbaycanın çoxdandır bağlı olan quru sərhədləri müstəsna olaraq Gürcüstanla açılacaq. Hətta qatarların hərəkətə başlayacağı da deyilirdi. Təbii ki, bu olarsa iki ölkənin vətəndaşları arasında rahat get-gəl artar, bu da dolayısı ilə ticarətin həcminin artmasına təsir edər. Fikirlərinizi söyləyin lütfən...
- Bayaq da qeyd etdiyim kimi, dəmir yolunun, ümumiyyətlə quru yolların açılmasını biz illərdir səbrsizliklə gözləyirik. Yenə deyirəm, bu yolların niyə bağlı qaldığını anlayışla qəbul edirik. Buna baxmayaraq, yolların açılması istər Azərbaycan, istərsə də Gürcüstan iqtisadiyyatının inkişafı üçün çox vacibdir. Yol bütövlükdə iqtisadiyyatın şah damarı sayılır. Biz çox istərdik ki, normal inkişaf eləmiş Azərbaycan nəinki Gürcüstanla, bütün qonşu və qonşu olmayan ölkələrlə öz rabitəsini qursun və əlaqələrini bərpa eləsin. Bu arada, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevin fəaliyyətini dəyərləndirməmək olmaz. O, iki ölkə arasında əlaqələrin inkişafında müstəsna rol oynadığı kimi, həm də Gürcüstanda yaşayan azərbaycanlı icması ilə sıx əməkdaşlıq edir.
- Necə bilirsiniz, ölkələrimiz arasında xüsusilə son dövrdə artan əlaqələr Gürcüstanda yaşayan soydaşlarımızın həyatında hiss olunur? Məsələn, onların hüquqlarının qorunmasında, dövlət və hökumət işlərində təmsilçiliyində, xüsusilə də yığcam yaşadıqları bölgələrdə yerli idarəçilikdə və sair...
- Bu məsələlərin əksəriyyəti Gürcüstanın daxili işləri ilə bağlıdır ki, bura əsasən haqq və hüquqlarımızın qorunması və sair daxildir. Amma bizdə bu cür məsələləri əhatə edən qanunlar qəbul olunub. Bu gün bizdə çx güclü vəkil institutu yaranıb, işini əla bilən vəkillərimiz fəaliyyət göstərir ki, onlar lazım olanda insanların hüquqlarını qoruya bilirlər. Məhkəmələrimiz də adil qərarlar verirlər deyə elə bir sıxıntımız yoxdur. Hansı partiya hakimiyyətə gəlirsə sıralarındakı azərbaycanlıların xüsusi çəkisi bu işdə rol oynayır. Məsələn, hazırki iqtidarı götürək, hansı bölgədə azərbaycanlılar yaşayırsa, orada yerli idarəermədə azərbaycanlı kadrlardan istifadə olunur. Amma yenə də bütün ölkələrdə olduğu kimi, Gürcüstanda da təkmilləşmə prsesi gedir və zaman irəlilədikcə ölkəsi üçün dəyərli kadrlar mütləq seçilir və irəli çəkilir. Onu da qeyd edim ki, yeni prezident Borçalı bölgəsinin sakinidir. O, Bolnisi rayonunda - azərbaycanlılarla bir yerdə doğulub-böyüyüb. Hesab edirəm ki, onun şəxsi əlaqələri də günümzdə bir çox vacib məsələlərə öz təsirini göstərəcək.