Hansı Avropa şirkəti Rusiyada ən çox itirdi?

10:05 08.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyada yayımlanan “Financial Times” qəzeti 600 iri şirkətin illik hesabatlarını araşdıraraq, Ukraynada müharibə başlayandan bəri Avropanın aparıcı şirkətlərinin Rusiyada itkilərinin ən azı 100 milyard avro olduğunu hesablayıb.

Hafta.az-ın yazdığına görə, sənədlərə əsasən, 176 təşkilat mənfi yazıb, xüsusən də Rusiyadakı bizneslərinin satışı, bağlanması və ya ixtisar edilməsi nəticəsində aktivlərinin dəyər itirdiyi üzə çıxıb.

BP, Shell və Total Energies ümumilikdə 40,6 milyard avro itirərək ən çox zərər çəkiblər. “Financial Times” itkilərin yüksək enerji qiymətləri ilə kompensasiya edildiyini və bu şirkətlərin ümumilikdə 95 milyard dollarlıq rekord gəlir götürdüyünü yazıb.

Ölkələr üzrə zərər hesabında İngiltərə 30 milyard avro ilə birinci yerdədir. Almaniya və Fransa isə hər biri 20 milyard avro itirib.

Şirkətlər arasında ən böyük itkilər: BP (23,3 milyard avro), Total Energies (13,5 milyard avro), Uniper (5,7 milyard avro), Fortum (5,3 milyard avro), Shell (4,1 milyard avro), Societe Generale (3,1 milyard avro), OMV Petrol (2,5 milyard avro), Renault (2,3 milyard avro), Volkswagen (2 milyard avro) və Equinor (1 milyard avro).

Kiyev İqtisadiyyat Məktəbinin məlumatına görə, 2022-ci ilin fevralına qədər Rusiyada fəaliyyət göstərən 1871 Avropa şirkətinin hələ də yarısı bu ölkədə fəaliyyətini davam etdirir. Bunlara İtalyan UniCredit, Avstriya Raiffeisen, İsveçrə Nestle və Britaniya Unilever də daxildir.