Son bir ildə Azərbaycana idxal olunan avtomobillərin sayı artıb. Belə ki, statistik məlumatlara görə, bu ilin yanvar-avqust aylarında Azərbaycana 1 068,364 milyon ABŞ dolları dəyərində 65 726 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 62,4 faiz və 33,5 faiz çoxdur.
İlk 8 ayda sürücü daxil olmaqla, 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 4,1 dəfə azalaraq 81 ədəd (5,492 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 33,8 faiz artaraq 60 922 ədəd (964,582 milyon ABŞ dolları dəyərində) təşkil edib. Bu avtomobillərin 9 640-sı (222,364 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 803-ü (74,136 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Bu isə birincinin 17,4 faiz, ikincinin isə 6,8 dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 40 faiz artaraq 4 483 ədəd (70,919 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 23,1 faiz artaraq 240 ədəd (27,371 milyon ABŞ dolları dəyərində) olub.
Bəs, görəsən, ölkəyə idxal olunan avtomobil sayının və bu istiqamətdə xərclərin artmasına səbəb nədir? Bu avtomobil bazarına necə təsir göstərəcək?
Mövzu ilə bağlı iqtisadçı ekspert Pərviz Heydərov bizimlə söhbətində bildirib ki, bu sahədə son vaxtlar əsas artım elektrik və hibrid avtomobillərin idxalında müşahidə olunur: “Məlumdur ki, hökumət hibrid avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı bir sıra stimullaşdırıcı addımlar atıb. Bir məsələni də unutmamalıyıq ki, əvvəlki illərlə müqayisədə son illər avtomobil idxalı ilə bağlı xərclər artıb. Məsələn, motor həcminə görə rüsumlar artırılıb, 10 ildən çox istismar müddəti olan avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılıb və s. Bu qərardan sonra Azərbaycana gətirilən, istehsal tarixi yeni və baha olan avtomobillərin sayı çoxaldı. Bütün bunlar avtomobilin dəyərini artıran amil rolunda çıxış edir”.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Əli Əlirzayev qeyd edib ki, bu gün ölkədə olan avtomobillərin əksəriyyətinin istehsal tarixi 10 ilin üzərindədir: “Əgər biz bu sahədə vəziyyətin müsbətə doğru dəyişməsini istəyiriksə, təşviq proqramlarını artırmalı, gömrük rüsumları və vergi dərəcələrinə yenidən baxmalıyıq. Bu gün hibrid avtomobillərə maraq var. Hökumət bu istiqamətdə təşviqedici addımlar atıb. Bu istiqamətdə xərclərin artmasına əsas səbəb logistika xərclərinin artmasıdır. Eyni zamanda, bazarda avtomobillərə tələbat var. Təbii ki, elektrik və hibrid avtomobillərinin idxalında olan artım, taksi fəaliyyətinə marağın çoxalması, əhalinin müəyyən bir qisminin bu fəaliyyətlə məşğul olması, dünya miqyasında və ölkəmizdə baş verən iqtisadi amillər bu sahədən yan keçə bilməzdi. Bazarda doyma halı baş verdikcə, bu sahədə də stabillik müşahidə olunacaq”.