Həftənin İMTİNASI - Həftə-reytinq

10:15 06.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya lideri Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərarını təsdiq edib. Zelenski bununla bağlı sərəncam imzalayıb. Xatırladaq ki, Zelenski daha əvvəlki açıqlamasında Rusiyanın Prezidenti Vladimir Putin olduğu müddətcə ölkə ilə danışıqlar aparmayacağını bildirmişdi.

 

Həftənin SÜLH TƏKLİFİ

Amerikalı iş adamı İlon Mask Rusiya-Ukrayna münaqişənin bitməsi üçün özünün sülh təklifi versiyasını irəli sürüb. Bu barədə o, Tviter hesabında yazıb. Milyarder bildirib ki, Krım Rusiyanın tərkibində qalmalı və ilhaq edilmiş ərazilərdə BMT-nin müşahidəsi altında təkrar referendumlar keçirilməlidir. Mask hətta bununla bağlı sorğu da keçirib.  Lakin milyarderin fikirləri izləyicilərin çox tərəfindən etirazla qarşılanıb.

 

Həftənin BORCU

ABŞ-ın dövlət borcu ilk dəfə 31 trilyon dolları keçib. Bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin məlumatlarında deyilir. Maliyyə Nazirliyinin saytındakı məlumat bazasında “ümumi dövlət borcu” qrafasında oktyabrın 3-nə 31,123 trilyon dollar məbləği göstərilib. Bu, ABŞ-ın dövlət borcu üçün rekord göstəricidir.

 

Həftənin BİRİNCİSİ

UEFA Avropa Liqasının rəsmi səhifəsi yarışmanın ən yaxşı formada olan komandalarını açıqlayıb.  Azərbaycan təmsilçisi “Qarabağ” siyahının ilk pilləsində yer alıb.  İkinci yeri “Ferençvaroş”, üçüncü yeri isə “Latsio” tutur. 

 

Həftənin MÜHACİRLƏRİ

Rusiya şou-biznesinin ən məşhur cütlüklərindən biri – əməkdar artistlər Anjelika Varum və Leonid Aqutin ölkəni tərk ediblər. Onlar İsrailin Təl-Əviv şəhərindədir və lüks hotellərin birində yerləşiblər. Bu gedişin tətil və ya mühacirət olduğu bilinmir. Qeyd edək ki, daha əvvəl cütlüyün Mayamiyə mühacirət etdiyi xəbəri yayılmışdı. Lakin L. Aqutin məlumatı təkzib etmişdi. Ukraynada başlayan müharibə fonunda Lvovda doğulmuş A. Varum instaqramda bu sözləri yazmışdı: “Biz iti addımlarla birbaşa cəhənnəm istiqamətində gedirik”. Bu paylaşımdan sonra müğənni sosial şəbəkədə görünməyib.

 

Həftənin MƏRHUMU

Bəstəkar-müğənni Rəhim Rəhimlinin ölüm səbəbini açıqlanıb. Bildirilib ki, R.Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən sentyabrın 30-da saat 01:30 radələrində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib. Qeyd edək ki, ifaçının yanaşı ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.

Oxunma sayı 11328