Həftənin İSTEFASI - Həftə-reytinq

10:39 10.02.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Jurnalistləri təhqir etməsi ilə gündəmə gələn deputat Cavanşir Feyziyev Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edərək Şuranın İdarə Heyəti üzvlüyündən istefa verdiyini bildirib. Xatırladaq ki, bundan öncə Ə.Amaşov açıqlama yayaraq bildirmişdi ki, Cavanşir Feyziyevlə əlaqə saxlayıb: “Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyünüdən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik”.

 

Həftənin ÜZRÜ

XVI Roma Papası Benedikt Münhen arxiyepiskopu vəzifəsində işlədiyi müddətdə kilsələrdə cinsi zorakılığa məruz qalanlardan bağışlanmasını xahiş edib. O, cinsi istismarda sui-istifadə hallarının ört-basdır edilməsində qəsdən səhv etmədiyini deyib. Bu barədə Almaniyanın Münhen şəhərində bir hüquq firması hesabat hazırlayıb. Hesabatda 1945-2019-cu illər dövrünə aid olan cinsi istismar hadisələrində 94 yaşlı keçmiş ruhani liderin tədbir görmədiyi qeyd olunub.

 

Həftənin YAZIÇISI

“Microsoft”un yaradıcısı Bill Geyts “Növbəti Pandemiyanın qarşısını necə almalı” adlı kitab yazıb. Bu barədə milyarder öz saytında yazıb. Geyts kitabında gələcəkdə oxşar qlobal hadisələrin qarşısını almaq və planetdəki bütün insanlara daha yaxşı sağlamlıq xidməti göstərmək üçün olan addımlardan söz açıb. Kitabın mayın 3-də nəşr olunacağı gözlənilir.

 

Həftənin XƏSTƏSİ

Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski xəstəxanaya yerləşdirilib. Siyasətçi Moskvada Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Jirinovskinin səhhətindəki problemin nədən ibarət olduğu açıqlanmayıb. “TASS”ın siyasi dairələrdəki mənbələrinə istinadən verdiyi məlumata görə, Jirinovski artıq bir neçə gündür ki, Mərkəzi Klinik Xəstəxanadadır. 75 yaşlı siyasətçinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

 

Həftənin TƏKLİFİ

Rusiya Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkoya humanitar səbəblərə siyasi sığınacaq verməyə hazırdır. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O, vaxtı ilə Poroşenkoya siyasi sığınacaq təklif etdiyini və indi də bunu etməyə hazır olduğunu dilə gətirib.  “İndi həmin Poroşenkonu xəyanətdə günahlandıraraq, onun Minsk razılamalarını imzalamasına eyham vururlar. Bəli, o, sazişləri imzalayıb, hə nə olsun? Bütün ölkə bunu qəbul edib. Bu, Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənib. Mən deyəndə ki, “Vaxt gələcək, biz sənə siyasi sığınacaq verməyə hazır olacağıq”, zarafat etmirdim".

 

Həftənin HƏDİYYƏSİ

Dünya futbolunun ulduzu, “Mançester Yunayted”in üzvü Kriştianu Ronaldonun sevgilisi Corcina Rodrigez ona ad günü münasibətilə avtomobil alıb. O, 37 yaşı tamam olan Ronaldoya 150 ​​min funt-sterlinq (təxminən 345 min manat) dəyərində "Cadillac Escalade" hədiyyə edib. Corcina Ronaldoya hədiyyə verməsini də sosial şəbəkədə paylaşıb.

Oxunma sayı 50