Həftənin BİZNESMENİ - Həftə-reytinq

10:26 13.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Moskva meriyası “Lukoyl” şirkətinin keçmiş prezidenti, azərbaycanəsilli biznesmen Vahid Ələkbərov barəsində məhkəməyə müraciət edib. Bu barədə məlumatı Rusiya mediası yayıb. Məlumata görə, buna səbəb Vahid Ələkbərovun Moskvanın mərkəzində çoxmərtəbəli evin dam hissəsində tikinti işlərinə başlaması olub. Şəhər rəhbərliyi damda həyata keçirilən genişləndirmə işlərinin dayandırılmasını tələb edir.

 

Həftənin ŞÜBHƏLİSİ

Ukrayna Milli Təhlükəsizlik Xidməti Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevi axtarışa verib. Bu barədə TASS Ukrayna Daxili İşlər Nazirliyinin məlumat bazasına istinadən xəbər yayıb. Qeyd olunur ki, saytda Medvedevin portreti yerləşdirilib. Mətndə deyilir ki, o, Ukrayna hakimiyyəti tərəfindən axtarışdadır, o, hakimiyyət nümayəndəsi tərəfindən Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığının pozulması maddəsi ilə ittiham olunub.

 

Həftənin İMTİNASI

“G20 sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırmıram”. Bunu ABŞ Prezidenti Co Bayden “CNN” telekanalına müsahibəsində deyib. Jurnalistin sözügedən sammitdə Putinlə görüşmək istəyib-istəmədiyinə dair sualına cavab verən Bayden deyib: “Mən onunla görüşmək niyyətində deyiləm, lakin məsələn, o, sammitdə mənə yaxınlaşıb desə ki, “Mən amerikalı Brittni Qraynerin azad edilməsi məsələsini müzakirə etmək istəyirəm”, bax bunu düşünmək olar. Hesab edirəm ki, bu, vəziyyətdən asılıdır”.

 

Həftənin ƏN YAXŞISI

Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların siyahısı yenilənib. “10-luq”da Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb. Son 5 matçda qələbə qazanan Ağdam klubu ilk “4-lük”də göstərilib. Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. Qurban Qurbanovun çalışdırdığı komanda keçirdiyi son 5 qarşılaşmanın hamısında qalibiyyət əldə edib.

 

Həftənin İTTİHAMI

“Rəhim Rəhimlinin dəfnində ona pislik edən insanları gördüm… Onlar özlərini ürəkləri yanırmış kimi aparırdılar. Bəlkə tamaşaçıları aldada bilərlər, amma Rəhimi yaxından tanıyanlar bilir ki, kim kimdir”. Bu sözləri Xalq artisti Faiq Ağayev “Xəzər axşamı” verilişində deyib.

Oxunma sayı 11081