Həftənin BƏYANATI - Həftə-reytinq

13:38 19.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Biz, eyni zamanda, Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədimizi möhkəmləndiririk”.  Bu sözləri Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı çıxışında deyib:  “Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın”.

 

Həftənin QAÇAĞI

“Əfqanıstan Prezidenti Əşrəf Qani, keçmiş Əfqanıstan Prezidentinin köməkçisi, marşal Rəşid Dostum və keçmiş Bəlx valisi Nur Məhəmməd Attanın da aralarında olduğu yüksəkçinli əfqan rəsmilər Özbəkistanda deyil”. Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. Bildirilib ki, müxtəlif mətbuat orqanlarında yayımlanan belə xəbərlər həqiqəti əks etdirmir. Qeyd edək ki, “Taliban”ın Kabili ələ keçirməsindən sonra bəzi mətbuat orqanlarında Qani, Dostum və Attanın Özbəkistana getdiyinə dair xəbərlər yayılmış, özbək rəsmi dairələri bununla bağlı indiyədək hər hansı açıqlama verməmişdi. Qaninin ölkəsindən qaçarkən yanında 70 milyon dollar apardığı iddia olunur.

 

Həftənin MƏHKUMU

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi Bələdiyyəsinin sədri Niyaz Niftiyev, bələdiyyə sədrinin müavini olmuş Mətanət Nəsibova və Bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Sahib Abışovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. İclasda çıxış edən dövlət ittihamçısı Niyaz Niftiyev və Sahib Abışov barəsində 2 il 6 ay müddətinə sınaq müddəti seçilməklə, Mətanət Nəsibova barəsində isə 2 il müddətinə sınaq müddəti seçilməklə şərti cəza verilməsini istəyib. Hökmə əsasən, Niyaz Niftiyev 2 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzası şərti hesab edilib və ona 2 il sınaq müddəti tətbiq edilib.

 

Həftənin AYRILIĞI

İllərdir “ O Ses Türkiye” müsabiqəsinin münsiflərindən biri olan pop ulduz Hadisə yeni mövsümdə iştirak etməyəcək. Hafta.az xəbər verir ki, bu barədə məlumatı “Hürriyet” yayıb. Məlumata əsasən, Hadisənin Ebru Gündeşlə yaşadığı polemikadan sonra prodüser şirkəti "Acun Medya" belə bir qərar verib.

 

Həftənin MƏRHUMU

Almaniya millisinin və “Bavariya”nın sabiq hücumçusu, futbol tarixinin ən yaxşı bombardilərindən olan Herd Müller vəfat edib. 76 yaşında dünyasını dəyişən əfsanəvi futbolçunun ölüm səbəbi açıqlanmır. Qeyd edək ki, Müller karyerası ərzində 580 oyunda 523 qol, 104 məhsuldar ötürmə müəllifi olmuşdu. O, üç dəfə Avropa kubokunun qalibi olub. Futbolçu 1964-1979-cu illərdə “Bavariya”da çıxış edib, eləcə də Almaniya millisinin uğurları üçün çalışıb.

 

Həftənin OLAYI

Biləsuvarda özü ilə birgə körpə oğlu Poladı da çaya atan Gülər İmanzadənin atası Kamal İmanov vəfat edib. Poladın babası ürəktutmadan dünyasını dəyişib. Qeyd edək ki, K. İmanov uzun illər sakini olduğu Nəsimikənd kəndində icra nümayəndəsi olub.

Xatırladaq ki, bir neçə gün əvvəl Biləsuvarda Gülər İmanzadə azyaşlı körpəsi Poladı və özünü kanala atıb. Nəticədə körpə həyatını itirib. Poladın 11 gün əvvəl bir yaşı tamam olmuşdu.

 

Oxunma sayı 289