Həftənin BƏYANATI - Həftə-reytinq

10:35 07.10.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Əminəm ki, təqribən, 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Bunu biz, ilk növbədə, insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar. Bunu biz təmin edəcəyik. Bunu Prezident İlham Əliyev Cəbrayıldakı çıxışı zamanı deyib.

 

Həftənin MƏHBUSU

Gürcüstan məhkəməsində Mixail Saakaşvili barədə işlərdən birinə noyabrın 10-u baxılacaq. Bu barədə Saakaşvilinin vəkili Beka Basilaya məlumat verib. Saakaşvili parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və “Gürcüstan Birləşmiş Bankı”nın əməkdaşı Sandro Girqvlianinin öldürülməsi işi üzrə məhkəmənin üç instansiyası tərəfindən təqsirli bilinir. Tezliklə ölkənin keçmiş Prezidentinə qarşı daha bir ittiham – dövlət sərhədini qanunsuz keçmə irəli sürüləcək. Baş Prokurorluğun məlumatına görə, Saakaşvilinin Ukraynaya ekstradisiyası nəzərdə tutulmayıb və o, həbs müddətini öz ölkəsində çəkəcək.

 

Həftənin ETİRAFI

Litvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi və Şuşa ilə bağlı danışıb: “Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Bunun yeganə şərti ərazilərin qaytarılması idi. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı beş rayonu, o biri iki rayon məsələsi başqadır. Əslində isə gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq”. Şuşa barədə də danışan Paşinyan bildirib ki, bu şəhər ermənilərin nəzarəti altında olarkən heç bir yaşayış binası tikilməyib: “Bu gün əleyhdarlar Şuşa haqqında danışırlar. Bəs, 30 il ərzində Şuşada neçə yaşayış binası tikilib? Cavab verirəm, heç biri. Pulları olmayıb? Nədir bunun səbəbi? Məncə, cavabı aydındır”.

 

Həftənin TƏHQİRİ

Rusiya Prezidenti Vladimir Putinin şəkli olan lövhə ermənilər tərəfindən təhqir edilib. Hafta.az xəbər verir ki, bununla bağlı görüntü sosial şəbəkədə yayılıb. Bildirilir ki, lövhə Ermənistan ərazisində quraşdırılıb. Lövhədə həm rus, həm erməni dillərində “Əbədi birlikdə” yazılıb.

 

Həftənin ÜZRÜ

“Facebook”un sahibi Mark Zukerberq sosial şəbəkənin fəaliyyətində yaranan problemə görə istifadəçilərdən üzr istəyib. O, bu barədə özünün “Facebook” hesabında yazıb: Şirkət sahibi bildirib: ““Facebook”, “Instagram”, “WhatsApp” və “Messenger” yenidən onlayn fəaliyyətə qayıdır. Bugünkü problemlərə görə üzr istəyirik - maraqlandığınız insanlarla əlaqə saxlamaq üçün xidmətlərimizə nə qədər etibar etdiyinizi bilirəm”.

 

Həftənin İTTİHAMI

Bəzi federasiyalar legioner siyasətindən sui-istifadə edirlər. Məsələn, bəzi idmançılar deyirlər ki, milli komandaya düşə bilərdim, amma imkan vermədilər. Bunların hamısı araşdırılacaq. Bunu gənclər və idman naziri Fərid Qayıbov deyib. Nazir Mariya Stadnik kimi idmançılara legioner kimi baxmadıqlarını söyləyib: “Dörd olimpiadada bizə medal qazandırıb. Belə legionerlərimiz də var. İnanıram ki, onlar gənclərimiz üçün çox yaxşı örnək olacaqlar”.

 

Həftənin MƏRHUMU

Koronavirusdan vəfat edən müğənni Səyyad Əlizadə vəsiyyətinə uyğun olaraq, Füzuli rayonunun Babı kəndində valideynlərinin yanında torpağa tapşırılıb.  Dəfndə rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və sənət yoldaşları iştirak ediblər.  Qeyd edək ki, S. Əlizadə koronavirusdan müalicə aldığı Mərkəzi Gömrük Hospitalında 63 yaşında vəfat edib.

Oxunma sayı 48