Həftənin ƏMRİ - Həftə-reytinq

11:04 03.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Prezidenti Vladimir Putin NATO liderlərinin aqressiv bəyanatlarına və Moskvaya qarşı iqtisadi sanksiyalara istinad edərək, öz hərbi komandanlığına Rusiyanın nüvə qüvvələrinin hazırlıq vəziyyətinə gətirməyi əmr edib. O, bu barədə dövlət televiziyasında bildirib.

 

Həftənin SƏHVİ

Fevralın 22-si Rusiya Xarici İşlər Nazirliyinin rəsmi feysbuk hesabında Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumat paylaşılıb. Burada “Şərqi Ermənistan” sözünə istinad edilib. Rusiya XİN öz paylaşımında Türkmənçay Müqaviləsinə dair yol verdiyi təhrifi aradan qaldırıb. Belə ki, məlumata düzəliş edilərək “Şərqi Ermənistan” sözü silinib.

 

Həftənin ÇAĞIRIŞI

Rusiyanın Xalq artisti Leonid Aqutin Ukraynada davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkə səhifələrində paylaşımlar edib. O yazıb: “6 gün qorxu və çaşqınlıq, 6 gün dəhşət və faciə. Allah görür, mən həmişə vətənpərvər olmuşam. Keçmişdə olmuşam, indi də beləyəm, gələcəkdə də olacağam. Mən özüm əlimdə avtomat, o cümlədən ukraynalılarla Vətənimin sərhədlərini qoruyurdum". Aqutin qeyd edir ki, siyasi şüarlar səsləndirmək və vəziyyəti təhlil etmək niyyətində deyil: “Bunların hamısı keçmişdədir. Mən tələb etmirəm, mənim tələblərim kimə lazımdır ki. Mən yalvarıram - müharibəni dayandırın! Razılığa gəlin! Hər yeni gün bizim uşaqlarımızın, Ukrayna vətəndaşlarının yeni ölümləridir, hər iki tərəfdən milyonlarla sınmış talelər, onların ağrıları, inciklikləri, qorxuları və alçaldılmalarıdır".

 

Həftənin ETİRAZI

Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 49-cu sessiyasında maraqlı hadisə yaşanıb. Qərb ölkələri öz hava məkanını Rusiya üçün bağladığından Rusiya xarici işlər naziri Sergey Lavrov və onu müşayiət edən nümayəndə heyəti iclasda iştirak edə bilməyib. Bu səbəbdən də Lavrov toplantıya onlayn formatda qatılıb. XİN rəhbərinin videomüraciəti demək olar ki, boş bir zala nümayiş etdirilib. Rusiyanın Ukraynaya hücumuna etiraz olaraq əksər nümayəndə heyəti iclas zalını tərk edib. Yəmən, Tunis, Suriya və Venesuela da daxil olmaqla, bir neçə dövlətin nümayəndəsi içəridə qalıb. Qalan diplomatlar isə foyeyə çıxıblar.

 

Həftənin QAÇQINI

Ukraynanın Xalq artisti, “Avroviziya-2016” beynəlxalq mahnı müsabiqəsinin qalibi Camala Kiyevi tərk edib. Bu barədə o, instaqram səhifəsində məlumat verib: “Mən oyanıb eşitmək istəyirəm ki, bu hamısı “Yuxarı baxma” adlı filmdir. İki Yer boyda meteorit artıq başımızın üstündədir. Hələ də siz nəsə fikirləşmisiniz deyənlər qalmaqdadır”. Camalanın sözlərinə görə, fevralın 24-də həyat yoldaşı və uşaqları ilə bərabər Kiyevdən çıxıb, günlərlə avtomobildə ac qalıblar.

 

Həftənin MÜFLİSİ

“Qazprom”un “Şimal axını 2” layihəsinin operatoru olan İsveçrənin “Şimal axını 2 AG” şirkəti sanksiyalardan sonra iflas barədə düşünür. Bu barədə “Reuters” şirkətdəki mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, şirkət müflisləşmə ilə bağlı müraciət etməyi düşünür və martın 2-də ABŞ sanksiyaları başlamazdan əvvəl öhdəliklərini həll etməyə çalışır.

 

Həftənin STATİSTİKASI

Rusiya Ukraynaya 400-dən çox raket atıb. Bu barədə CNN adının açıqlanmasını istəməyən ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisinə istinadən məlumat yayıb. Qeyd olunub ki, Ukrayna hələ də effektiv hava hücumundan müdafiə sistemlərinə malikdir və bu hücumlara cavab verib.

Oxunma sayı 93