Həftənin FOTOSU - Həftə-reytinq

11:01 24.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-dan olan bir qrup tədqiqatçı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib. Tədqiqatçılar arasında Hudson İnstitutunun böyük elmi işçisi Mayk Doran da var. Doranın Cəbrayılda Xudafərin körpüsü qarşısında çəkilən fotosu isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, hazırda Qərb ölkələri ilə İran arasında yaşanan gərginlik fonunda siyasətçinin İranla sərhəddə foto çəkdirməsi böyük maraqla qarşılanıb. Həmin fotonu isə analitik öz tvitter hesabında paylaşıb.

 

Həftənin AÇIQLAMASI

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson fevralda Rusiyanın xüsusi əməliyyatının başlamasından sonra müttəfiqlərin Ukraynada münaqişənin həlli perspektivlərini necə dəyərləndirdiyi barədə danışıb. Consonun sözlərinə görə, dövlətlər fərqli reaksiya verib, məsələn, Almaniya Ukraynaya təslim olmağı təklif edib. “Almaniya nə vaxtsa inanırdı ki, əgər bu baş versə, bu, fəlakət olacaq, o zaman hər şeyi mümkün qədər tez bitirib Ukraynaya təslim olmaq daha yaxşı olar”, - Conson bildirib.

 

Həftənin PREZİDENTİ

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən növbədənkənar prezident seçkilərinin yekun nəticəsini açıqlayıb. Kasım-Jomart Tokayev səslərin 81,31%-ni toplayaraq yenidən ölkənin Prezidenti seçilib. “Beləliklə, dünən açıqlanan ilkin nəticələr təsdiq olunub”, - deyə Qazaxıstan MSK-nın rəhbəri Nurlan Abdirov qeyd edib.  Məlumata görə, Tokayevin andiçmə mərasimi noyabrın 26-sı baş tutacaq.

 

Həftənin TƏXRİBATI

Müdafiə Nazirliyi Sarıbaba yüksəkliyində aşkar edilmiş minalarla bağlı sülhməramlılar və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzini məlumatlandırıb. Nazirliyin Mətbuat xidmətindən Ermənistanda istehsal edilmiş Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılmış piyada əleyhinə mina sahəsi noyabrın 21-də aşkar edilib. Aşkar edilmiş minalar barədə Rusiya sülhməramlılarının komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb, eləcə də mina sahəsinə baxış keçirilməsi üçün əraziyə dəvət olunublar.

 

Həftənin MÜKAFATI

Qətərdə keçirilən dünya çempionatında Argentina üzərində qələbə qazanan Səudiyyə Ərəbistanı millisinin bütün futbolçuları külli miqdarda mükafat alıb. Bu barədə məşhur futbol agenti Timur Qurtskaya məlumat yayıb. Onun sözlərinə görə, hər futbolçuya 2,5 milyon avro mükafat verilib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisi sensasiyalı şəkildə DÇ-2022-nin favoritlərindən sayılan Argentina yığmasını 2:1 hesabı ilə məğlub edib. Qələbədən sonra Səudiyyə Ərəbistanında bütün işçilər, tələbələr üçün bayram tətili elan edilib.

 

Həftənin KONFETİ

İngiltərəli müğənni Harri Stayls Los-Ancelesdəki konserti zamanı xoşagəlməz hadisə ilə üzləşib. Tamaşaçıların biri ifaçıya “Skittles” konfeti atıb. Konfet Staylsın gözünə dəyib. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə tirajlanıb.

Oxunma sayı 4042