Həftənin GENERALI - Həftə-reytinq

15:18 01.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi Prezident İlham Əliyevə məruzə olunub. Prezidentə məruz edən hərbçi 5-ci Ordu Korpusunun komandiri, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidovdur. Kənan Seyidov İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. O, müxtəlif illərdə Ümummilli Lider Heydər Əliyev sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni, Prezident İlham Əliyevin sərəncamları ilə isə “Vətən uğrunda” və “İgidliyə” görə medalları ilə təltif olunub.

 

Həftənin XƏSTƏSİ

Xalq artisti Ənvər Həsənovun müalicəsi TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzində davam etdirilir. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, avqustun 30-da “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub. COVID-19-la bağlı verilən testin nəticəsi də bu gün - avqustun 31-də pozitiv çıxıb.

 

Həftənin ÖLÜSÜ

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov dünyasını dəyişib. Bu barədə siyasətçinin müalicə olunduğu Mərkəzi Klinik Xəstəxana məlumat yayıb.  “Mixail Sergeyeviç Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra bu gün (30 avqust - red.) axşam saatlarında dünyasını dəyişib”, – Mərkəzi Klinik Xəstəxanadan bildiriblər. Qeyd edək ki, SSRİ-nin eks-prezidentinin bu il 91 yaşı tamam olub. Mixail Qorbaçov Bakıda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı olub.

 

Həftənin TERRORÇUSU

Qarabağdakı separatçı rejimin keçmiş “rəhbəri” Arayik Arutyunyanın “baş müşavir”i vəzifəsini icra etmş Mikael Arzumanyan saxlanılıb. Qondarma rejimin sabiq “komandan”ı olan Arzumanyan Ermənistan İstintaq Komitəsinin Hərbi İdarəsinin göstərişi əsasında Qarabağdan İrəvana gedərkən saxlanılıb. M. Arzumanyanın saxlanılmasının səbəbi hələ ki açıqlanmayıb.

 

Həftənin HƏDİYYƏSİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Başakşehir”in yarımmüdafiəçisi Mesut Özilə saat hədiyyə edib. Bu barədə futbolçu instaqram hesabında paylaşım edib. Saatın üzərində Rəcəb Tayyip Ərdoğanın imzası var. Mətbuatın yazdığına görə, saatın qiyməti 1700 avrodur (2890 manat).

 

Həftənin MƏHKUMU

Məhkəmə türkiyəli müğənni Gülşənlə bağlı qərar verib. Sənətçi ev dustaqlığına buraxılıb. Qeyd edək ki, daha əvvəl Gülşənin konsertlərindən birində dediyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözləri həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Müğənni İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılıb, daha sonra həbs edilib. Onun həbsi ictimaiyyət nümayəndələri, o cümlədən tanınmış şəxslər arasında narazılığa səbəb olub. Gülşən özünü günahkar hesab etməyib və həbs olunmadan mühakimə olunmaq istədiyini bildirib.

Oxunma sayı 11476