Həftənin GÖRÜŞÜ - Həftə-reytinq

10:48 14.10.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü keçirilib. Rusiya tərəfinin təşəbbüsü ilə keçirilən görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və bütün ermənilərin katolikosu II Qaregin iştirak ediblər.

 

Həftənin MÜZAKİRƏSİ

Xarici işlər naziri Ceyhun Bayramovun İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş tutub. Tərəflər, son zamanlar müşahidə olunan, ölkələrimiz arasındakı dostluq münasibətlərinin səviyyəsinə uyğun olmayan ritorikanın zərərli olduğunu və bütün fikir ayrılıqlarının dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər. Nazirlər, ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmətin hər zaman rəhbər tutulmasının vacibliyini vurğulayıblar. Azərbaycan Respublikası vasitəsilə tranzit daşımalarına dair sualların aidiyyəti dövlət qurumları arasında birbaşa təmaslar vasitəsilə müzakirə edilməsi qənaətinə gəlinib.

 

Həftənin PREZİDENTİ

Braziliya Prezidenti Jair Bolsonaru azarkeşi olduğu “Santos”un “Qremio”  ilə matçına buraxılmayıb. Buna ölkə başçısının COVID-19-a qarşı peyvənd olunmaması səbəb göstərilib. Stadiona buraxılmayan Bolsonaru etirazını bu şəkildə bildirib: ““Santos”un matçını izləmək istədim, peyvənd olunmadığımı dedilər. Niyə? Peyvənd olunanlardan daha çox anticismim var”. Qeyd edək ki, Jair Bolsonaru bundan öncə peyvənd olunmadığı üçün ABŞ-da restorana buraxılmamışdı.

 

Həftənin MÜTTƏHİMİ

Ermənistanın Xüsusi İstintaq Xidməti keçmiş Prezident Serj Sarkisyanın Almaniyanın Baden-Baden şəhərinə səfərləri ilə bağlı cinayət işi başladıb. “Məlumatlı Vətəndaşlar Birliyi”nin koordinatoru Daniel İoannisyanın sözlərinə görə, prezident təyyarəsi işlə bağlı ehtiyac olmadığı halda bir neçə uçuşlar həyata keçirib. Xüsusi İstintaq Xidmətinin məlumatına görə, materialların hazırlanması zamanı təyyarənin Baden-Baden şəhərinə səyahət etmək üçün Almaniyanın Karlsruhe hava limanına bir çox uçuşlar həyata keçirdiyi barədə informasiya əldə olunub. Bildirilir ki, bir çox halda reyslər lazımi proseduru pozmaqla həyata keçirilib.

 

Həftənin ÖLMÜŞÜ

Xalq artisti Faiq Ağayevin Vikipediya məlumatlarına müdaxilə olunub. Müğənnin şəxsi məlumatlarına “ölüm tarixi” əlavə olunub. Bu barədə F.Ağayev sosial şəbəkədə bildirib: “Son günlər ya erməni, ya da ki onların yeni nökərləri Azərbaycanın görkəmli artistlərinin Azərbaycan dilindəki Vikipediya məqalələrinə feyk ölüm məlumatları əlavə edirlər. Bu dezinformasiyalara uymayın. Artıq lazımi düzəlişlər etdik. Konkret mənim səhifəmə müdaxilə edən ünsürün İP ünvanı budur: 194.135.153.230”. Xalq artisti hüquq-mühafizə orqanlarına müraciət edərək, həmin şəxs və ya şəxslərlə bağlı araşdırma aparılmasını xahiş edib.

 

Həftənin BİZNESMENİ

Bir neçə ildir ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlu orada biznes qurub. Bu barədə ifaçının özü məlumat verib. Həmyerlimiz Nyu-Yorkda insanların sıx yaşadığı Bruklin bölgəsində “Baku nights” adlı restoran açıb. E. Məmmədoğlu, həmçinin orada müğənni kimi çıxış edir. Onun sözlərinə görə, restoranda qonaqlara Azərbaycan mətbəxinin ən gözəl təamları təqdim olunur.

Oxunma sayı 25