Həftənin GÖRÜŞÜ - Həftə-reytinq

10:43 17.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Polşa, Çexiya və Sloveniyanın baş nazirləri Kiyevdə görüşüblər. Polşanın hakim “Hüquq və Ədalət” partiyasının lideri Yaroslav Kaçinski də Ukraynanın paytaxtındadır.  Polşa hökumətinin başçısı Mateuş Moravetski öz Twitter səhifəsində görüşdən foto paylaşıb.

 

Həftənin PREZİDENTİ

Sərdar Berdıməhəmmədov Türkmənistanda keçirilən növbədənkənar Prezident seçkilərində 72,97% səslə qalib gəlib. Bu barədə məlumatı Türkmənistanın Mərkəzi Seçki Komissiyası yayıb. Xatırladaq ki, Sərdar Berdıməhəmmədov ölkənin hazırki Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğludur. Növbədənkənar Prezident seçkiləri martın 12-si keçirilib.

 

Həftənin PUA-sı

“Bayraktar” pilotsuz uçuş aparatının yeni modelinin adı açıqlanıb. Bu barədə “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Tvitterdə yazıb. “İstehsalımıza 3 il yarımdan sonra daha böyük və çevik balıq daxil oldu. “Bayraktar Kızılelma”. Yoldadır, gəlir. İzləmədə qalın”, - Bayraktar bildirib.

 

Həftənin ETİRAZI

Rusiyanın “Birinci kanal”ında yayımlanan “Vremya” verilişinin canlı efiri zamanı kameralar qarşısında əlində “Müharibəyə yox” sözləri yazılmış plakat açan redaktor Marina Ovsyannikova məhkəmədən sonra ilk dəfə danışıb. O, 14 saat dindirildiyini deyib: “Mən hər kəsə dəstək üçün təşəkkür etmək istəyirəm. Bu, həqiqətən, mənim həyatımda çox çətin günlərdir. Mən iki sutka yuxusuz qaldım. Dindirilmə 14 saatdan çox davam etdi. Qohumlarım və yaxınlarımla əlaqə saxlamağa icazə vermirdilər, mənə heç bir hüquqi yardım göstərmirdilər”. Qeyd edək ki, məhkəmə redaktoru 30 min rubl (303 AZN) məbləğində cərimə edib.

 

Həftənin ÇEMPİONU

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb. 60 kq çəki dərəcəsində rəqib gürcüstanlı İrakli Dzimistraişvili olub. Rəqibinə ilk hissədəcə tam üstünlüklə - 10:0 hesabı ilə qalib gələn Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıblar.

 

Həftənin İMTİNASI

“Zenit”in hücumçusu Artyom Dzyuba Rusiya millisindən imtina edib. O, ölkə futbol federasiyasından yığmanın toplanışı üçün gələn təklifi geri çevirib. Buna səbəb kimi Rusiyanın Ukraynaya hücumu göstərilib. Məşhur forvard ailə üzvlərinin ukraynalı olmasını əsas gətirərək belə addım atıb. Qeyd edək ki, Artyom Dzyuba Rusiya – Ukrayna müharibəsi başladığı gün instaqram hesabında paylaşım edərək buna qarşı çıxmışdı.

 

Həftənin DİDƏRGİNİ

Ukraynanın Xalq artisti Ani Lorak son illər yaşadığı Rusiyanı tərk edib. Fanatları bir müddətdir sosial şəbəkə hesablarında aktiv olmayan müğənninin hansı ölkədə olduğunu müəyyən ediblər. Fanatların ehtimalına görə, Lorak hazırda Birləşmiş Ərəb Əmirliklərindədir (BƏƏ). Xatırladaq ki, daha əvvəl müğənni Ukraynada gedən hərbi əməliyyatlar barədə instaqramda paylaşım etmişdi: “Yalvarıram, bu mənasız, heç kimə lazım olmayan müharibəni durdurun!”

Oxunma sayı 109