Həftənin GÖRÜŞÜ - Həftə-reytinq

12:20 26.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Baş nazirin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib. Tərəflər, delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.

 

Həftənin SƏFƏRİ

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailə rəsmi səfər edib. Çavuşoğlu səfəri çərçivəsində israilli həmkarı Yair Lipidlə danışıqlar aparıb. Çavuşoğlunun sözlərinə görə, həmkarı ilə görüş zamanı regional məsələlər barəsində fikir mübadiləsi aparıblar. Qeyd edək ki, Çavuşoğlunun səfəri son 15 ildə Türkiyə xarici işlər naziri səviyyəsində İsrailə edilən ilk səfərdir. Xatırladaq ki, Çavuşoğlu İsraildən əvvəl Fələstinə səfər edib.

 

Həftənin CİNAYƏTİ

Tbilisidə ictimai nəqliyyatda dəhşətli qətl törədilib. Avtobusda kişi arvadının boğazını kəsərək onu qətlə yetirib. Cütlük uşaqlarla avtobusda gedərkən aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi bıçağı çıxararaq arvadının boğazını kəsib, qadın yerindəcə keçinib. Hadisəni törədən şəxs dərhal saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

 

Həftənin MƏHKƏMƏSİ

Rusiyanın paytaxtı Moskvada azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı verilib. Sözügedən qərarı Moskvanın Basman Rayon Məhkəməsi verib. Məlumata görə, məhkəmə R. Əsgərov barəsində saxlanıldığı və yaxud ekstradisiya edildiyi andan iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

 

Həftənin ŞÖHRƏTLİSİ

Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuş “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanova ali mükafatı təqdim edilib. Mükafatı AFFA prezidenti Rövnəq Abdullayev verib. Abdullayev Qurbanovu “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə bir daha təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Baş məşqçi isə verilən yüksək qiymətə görə dərin minnətdarlığını bildirib.

 

Həftənin QƏLƏBƏSİ

Ukraynanı təmsil edən Azərbaycanəsilli boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında uğurlu çıxışı ilə diqqət çəkib. O, 54 kq çəki dərəcəsində erməni idmançı Canik Sahakyanı məğlub edib. Rəqibinə 3:2 hesabı ilə qalib gələn Elmir Nəbiyev sosial şəbəkələrin çıxışı müzakirə olunub.

Oxunma sayı 532