Həftənin HÜCUMU - Həftə-reytinq

14:14 18.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hindəsilli məşhur britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda bıçaqlı hücuma məruz qalıb.  Hadisə 75 yaşlı yazıçının “Chautauqua” İnstitutundakı mühazirəsindən əvvəl baş verib. Belə ki, zaldakı şəxslərin biri səhnəyə çıxaraq Rüşdi və ondan müsahibə götürən müxbirə hücum edib. Şübhəli yazıçıya 10-15 bıçaq zərbəsi endirib. “Rüşdi boyun nahiyəsindən bıçaqlanıb və helikopterlə yerli xəstəxanaya aparılıb. Onun vəziyyəti haqda hələlik məlumat verilməyib”, - ştat polisi bildirib.

 

Həftənin TƏYİNATI

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O.Mürsəlov bu vəzifəyə təyin olunanadək Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi vəzifəsində çalışıb. O bu vəzifədə ikən administrasiyada qərb bölgəsinin kuratoru kimi mütəmadi olaraq Samux, Ağstafa, Qazax, Gədəbəy və digər rayonlardakı tədbirlərdə iştirak edib.

 

Həftənin MAHNISI

Xalq artisti Röya Ayxan şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı ifa edib. Bu barədə müğənni studiyada oxuduğu mahnı ilə bağlı anları instaqramda paylaşıb: “Ürəyimdən gəldi, demo paylaşmaq istədim. Notlarda səhvim ola bilər. Fikir verməyin. Çünki sözlər ürəyimə toxundu”. “Yada düşürsən” mahnısının bəstəkarı Fərid Kərimliyə məxsusdur. Xalq artisti Nurəddin Mehdixanlı isə şəhidə itafən yazılan sözləri qiraət edib.

 

Həftənin ÇEMPİONU

Azərbaycan sərbəst güləşçisi Kənan Heybətov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb. 70 kq çəki dərəcəsi üzrə həlledici qarşılaşmada rəqib ABŞ təmsilçisi Miçel Mesenbrink olub. İlk hissəni 7:2 hesabı ilə öndə tamamlayan Heybətov ikinci yarıda da üstünlüyünü qoruyaraq, 13:7 hesabı ilə qalib gəlib və karyerasında ilk dəfə dünya çempionu olub. Qeyd edək ki, daha əvvəl Zirəddin Bayramov 65 kq çəkidə gümüş medal qazanıb.

 

Həftənin ÖLÜSÜ

Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin keçmiş müavini general Seyran Saroyan ölüb. Qeyd edək ki, I Qarabağ müharibəsi zamanı Saroyan Ermənistan ordusunda müxtəlif vəzifələrdə çalışıb. Kəlbəcər, Laçın, Zəngilan rayonlarının işğalında iştirak edən keçmiş deputat 2000-ci ildə general rütbəsi alıb. O, Birinci Qarabağ müharibəsi zamanı hərbi əsirlərə və dinc azərbaycanlı sakinlərə qarşı xüsusi amansızlığı ilə seçilib. Xocalı soyqırımı cinayətlərinin təşkilatçıları və birbaşa iştirakçıları arasında Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan, Marvel Qriqoryanla yanaşı, onun da adı hallanır.

 

Həftənin KORONALISI

Amerikanın "Pfizer" əczaçılıq korporasiyasının baş icraçı direktoru, dörd dəfə koronavirusa qarşı peyvənd olunan Albert Burla koronavirusa yoluxub. O, bu barədə tviterdə yazıb. “Sizə məlumat vermək istərdim ki, koronavirus üçün verdiyim test müsbət çıxıb. Pfizer-BioNTech peyvəndinin dörd dozasını qəbul etdiyim üçün özümü yaxşı hiss edirəm, çox yüngül simptomlarım var”.

Oxunma sayı 584