Həftənin PAYLAŞIMI - Həftə-reytinq

11:26 04.02.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev 2 Fevral - Gənclər Günü münasibətilə paylaşım edib.  Prezidentin paylaşımında deyilir:  "Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm".

 

Həftənin TƏYİNATI

Qubadlı şəhər B.Mehdiyev adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Rəhminə Bəhmən qızı Mehdiyeva həmin məktəbə direktor vəzifəsinə təyin olunub. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr üzrə sektor müdiri Cəsarət Valehov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. C. Valehov qeyd edib ki, R. Mehdiyevanın babası Mehdi Mehdiyev 1989-cu ildə ermənilər tərəfindən faciəli şəkildə qətlə yetirilib. R.Mehdiyevanın atası, Qubadlı rayon 2 nömrəli tam orta məktəbin tarix müəllimi Bəhmən Mehdiyev I Qarabağ müharibəsində, 1992-ci il oktyabrın 26-da Ballıqaya ərazisində şəhid olub.

 

Həftənin HƏDİYYƏSİ

Prezident İlham Əliyevin göstərişi ilə iki Xalq artistinə ev verilib. Hafta.az oxu.az-a istinadən xəbər verir ki, mənzil alanlardan biri Xalq artisti, tarzən Malik Mansurovdur. Digəri isə M.Mansurovun qardaşı, Xalq artisti, kamança ifaçısı Elşən Mansurovdur. Onların hər ikisi üçotaqlı mənzillə təmin olunub.

 

Həftənin SƏFƏRİ

İsrail Prezidenti səviyyəsində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ilk rəsmi səfər edib.  Əbu-Dabi hava limanında İsrailin dövlət başçısı İsaak Hersoqu BƏƏ-nin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan qarşılayıb. “Əl Ərəbiyə” telekanalının məlumatına görə, İsrail Prezidentin olduğu təyyarə Səudiyyə Ərəbistanı üzərindən uçarkən İsaak Hersoq özünün Tvitter hesabında aşağıdakı fikirləri paylaşıb: “Hazırda Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik əlaqələr olmasa da, biz tezliklə İslamın iki müqəddəs şəhərinin sahibi olan krallıqla bu münasibətləri yaradacağımıza ümid edirik”.

 

Həftənin DAVASI

Stilist Anar Ağakişiyev ATV kanalındakı fəaliyyətinə son qoyub. Onun kanalla yollarını ayırmasına səbəb aparıcı Nanə Ağamalıyeva ilə çalışmaq istəməməsi olub. Belə ki, televiziyada aparıcıların stili üzərində çalışmaq Anara həvalə edilib. Nanə isə onun istədiklərinə əməl etməyib. Anar axşam.az-a bununla bağlı açıqlama verib. O bildirib ki, aparıcı tərəfindən qarşılaşdığı hörmətsizliyi qəbul etməyib:  "Çalışdığı kanalda insanların 90 faizi onunla danışmır. Heç kim qapısını döymək istəmir. İclasa gəlmir. Saymazlıq edir. Əməkdaşımıza hücum edib. Bundan əvvəl də onun dəfələrlə çalışdığı kanalda işçilərə o cür davranışları haqda xəbər yayılmışdı. Bu hörmətsizliyi gördüm və işə son qoydum".

 

Həftənin FUTBOLÇUSU

“Nike” şirkəti “Mançester Yunayted”in futbolçusu Meyson Qrinvudla əməkdaşlığı dayandırıb. Buna səbəb ingilis hücumçunun sevgilisinə qarşı zorakılıq etməsi və polis tərəfindən saxlanılması olub. Şirkət tərəfindən edilən açıqlamada, Qrinvudun təcavüzkar davranışının narahatlıq yaratdığı və vəziyyətin yaxından izlənildiyi bildirilib.

 

Həftənin XƏSTƏSİ

Bakıda avtoxuliqanlıq edən koronavirus xəstəsi saxlanılıb. Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxt ərazisində cəmiyyətə açıq hörmətsizlik edən 99-RU-039 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobil Səbail Rayon Polis İdarəsi (RPİ) Dövlət Yol Polisi Şöbəsi tərəfindən müəyyən olunaraq duracağa yerləşdirilib. Qeyd edilib ki, avtomobil idarə etmək üçün müvafiq hüququ olmayan sürücü Nihad Hüseynov aktiv koronavirus xəstəsidir. O, aidiyyəti üzrə təhvil verilib. Səbail RPİ-də Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Oxunma sayı 48