Həftənin PEŞMANI - Həftə-reytinq

09:46 15.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvili vətənə qayıtmaqla səhv etdiyini başa düşür. Bu barədə məlumatı Saakaşvilinin oğlu Eduard atasına klinikada baş çəkdikdən sonra deyib. Gürcüstanın eks-prezidenti uzun sürən aclıq aksiyasının nəticələrinə görə Tbilisidəki “Vivamed” klinikasında müalicə alır. Həkimlər eks-prezidentin vəziyyətini stabil qiymətləndirsələr də, ona qoyulan diaqnoz ictimaiyyətə məlum deyil.

 

Həftənin XƏSTƏSİ

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun səhhətində problem yaranıb. İir müddətdir, müxtəlif xəstəliklərdən əziyyət M. Mirəlioğlu müayinə və müalicə üçün Türkiyəyə gedib. O, Türkiyəyə ailə üzvləri ilə birlikdə yollanıb. KXCP sədrinin səhhətində problemlərin ciddi olduğu bildirilir.

 

Həftənin VİZALISI

ABŞ BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclasında iştirak edə bilməsi üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrova viza verib. Bu barədə Rusiya XİN məlumat yayıb. Qeyd olunub ki, XİN sədri ilə birgə iştirak edəcək nümayəndə heyətindən isə yalnız bir neçə nəfərə viza verilib.

 

Həftənin TƏLƏBİ

“Azərbaycan Ermənistanla Qarabağ məsələsini müzakirə etməkdən imtina edir”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan bunu Qarabağın Azərbaycanın daxili məsələsi olması ilə əlaqələndirir. “Azərbaycan, həmçinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağı tələb edir”, - deyə Paşinyan söyləyib.

 

Həftənin QƏLƏBƏSİ

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə çıxıb. 63 kq-da yer alan idmançı ermənistanlı Qraçya Poqosyanla qarşılaşıb. Rəqibi üzərində 10:4 hesablı qələbə qazanan Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

 

Həftənin QADAĞASI

Bakıda yol hərəkəti qaydalarını mütəmadi olaraq pozduğu üçün tez-tez gündəmə gələn 77 yaşlı Əliyar Dadaşovun sürücülük vəsiqəsinə məhdudiyyət qoyulub. Son aylarda yol-hərəkəti qaydalarını ardıcıl pozan, digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradan 10-MM-100 dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobilin sürücüsünün nəqliyyat vasitələrini idarəetmə hüququ verən sənədi bu gün qüvvədən düşüb.

Oxunma sayı 11174