Həftənin SAZİŞİ - Həftə-reytinq

10:24 21.07.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar.

 

Həftənin GÖRÜŞÜ

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilib. İkitərəfli görüşdən sonra geniş tərkibli nümayəndə heyətlərinin görüşü olub. Görüş zamanı regional, nəqliyyat və s. məsələlər müzakirə olunub.

 

Həftənin TƏYİNATI

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyinat həyata keçirib. Sərəncama görə, Şahin Soltan oğlu Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib. Sənədə əsasən, Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Bağırova həvalə edilib. Qeyd edək ki, Ş.Bağırov bundan əvvəl DGK sədrinin müavini vəzifəsini tutub, o, 2018-ci ildə vəzifəsindən azad edilib.

 

Həftənin QƏLƏBƏSİ

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib. Ağdam klubu Tofiq Bəhramov adına Respubluka stadionunda İsveçrənin “Sürix” komandası ilə qarşılaşıb. Qarşılaşma Qurban Qurbanovun komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı iyulun 27-də İsverçədə keçiriləcək.

 

Həftənin PİLOTU

Böyük Britaniyanın Baş naziri Boris Conson Kral Hərbi Hava Qüvvələrinə məxsus “Tayfun” qırıcıları ilə uçuşunu videoya çəkib. O, döyüş təyyarəsinin təlim uçuşunda iştirak edib. Videonu təyyarənin kabinəsindən Conson özü çəkib. Qeyd edək ki, Boris Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib. Lakin o, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra edəcək.

 

Həftənin İSTEFASI

Rusiya Prezidenti Vladimir Putin “Roskosmos” dövlət korporasiyasının rəhbəri Dmitri Roqozini istefaya göndərib. V.Putin bu barədə sərəncam imzalayıb. Putinin digər bir sərəncamı ilə Yuri Borisov Rusiya Baş nazirinin müavini vəzifəsindən azad edilərək “Roskosmos”un baş direktoru təyin edilib. Qeyd edək ki, 58 yaşlı Dmitri Roqozin 2018-ci ilin mayından bu vəzifədə çalışıb.

Oxunma sayı 589