Həftənin SƏFƏRİ - Həftə-reytinq

10:37 02.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Şuşaya gedib. O, Şuşada Cıdır düzündə olub. Qeyd edək ki, S. Bayraktar Bakıda 26-29 may tarixlərində keçirilən “TEKNOFEST Azərbaycan” çərçivəsində ölkəmizə səfər edib. Selçuk Bayraktarı bu səfərdə həyat yoldaşı Sümeyye Ərdoğan Bayraktar, sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır, nəqliyyat və infrastruktur nazirinin müavini Ömer Fatih Sayan və digərləri müşayiət edib.

 

Həftənin İŞSİZİ

“Lukoyl” səhmdarları növbədənkənar iclasda Vadim Vorobyovu şirkətin prezidenti vəzifəsinə təsdiq ediblər. Bu barədə şirkətin açıqlamasında deyilir. Bildirilir ki, “Lukoyl”un təsisçisi, 30 ilə yaxındır şirkətə rəhbərlik etmiş azərbaycanlı iş adamı Vahid Ələkbərovun səlahiyyətlərinə isə xitam verilib. “Lukoyl PSC-nin prezidenti Vahid Yusif oğlu Ələkbərovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin. Vadim Nikolaeviç Vorobyov "Lukoyl" PJSC-nin prezidenti təyin edilsin" - səhmdarların qiyabi iclasında qəbul edilmiş qərarda deyilir.

 

Həftənin PORTRETİ

Fransanın Luvr muzeyində Leonardo da Vinçinin məşhur “Mona Liza” tablosuna hücum halı qeydə alınıb. Belə ki, bir nəfər tablonun üzərinə bir parça tort atıb. Hadisə videoya çəkilib və dərhal sosial şəbəkələrdə yayılıb. Hadisə şahidlərinin sözlərinə görə, bunu edən şəxs özünü maskalamaq üçün yaşlı qadın paltarı geyinərək əlil arabasına əyləşib. Adam uyğun anı gözləyərək şəklin üstünə bir parça tort atıb və ətrafa qızılgül ləçəkləri səpib. O, hadisə yerində həbs edilib.

 

Həftənin RÜŞVƏTXORU

Ermənistan hüquq-mühafizə orqanları bu ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın 3,5 milyon dollarlıq əmlakını və vəsaitini müsadirə etmək niyyətindədir. Ermənistan prokurorluğu sabiq müdafiə naziri, parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın əmlakının müsadirə edilməsi ilə bağlı iddia qaldırıb. Məhkəmə qanunsuz əldə olunmuş əmlakın müsadirəsi ilə bağlı iddianı icraata qəbul edib. Məhkəmənin müsadirə edəcəyi əmlaklar sırasında ictimai əhəmiyyətli iki torpaq sahəsi, Vahaqni rayonunda malikanə və bir lüks avtomobil var.

 

Həftənin QALİBİ

 Çempionlar Liqasında final oyunu keçirilib. Həlledici matçda İspaniyanın “Real” və İngiltərənin “Liverpul” klubları qarşılaşıb.  Parisdəki “Stade de Frans” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da başlamalı olsa da, təhlükəsizlik baxımından 23:37-də start götürüb.  59-cu dəqiqədə Vinisius Junior hesabı açıb. Qalib "Real" klubu olub.

 

Həftənin PAPAĞI

“Avroviziya-2022” mahnı müsabiqəsində qalib olan Ukraynanın “Kaluş Orkestri” qrupunun solisti Oleh Psyukun səhnədə geyindiyi çəhrayı papaq hərraca çıxarılır.  Bu haqda qrup üzvləri instaqram hesablarında məlumat yayıb. Belə ki, hərracdan əldə olunan gəlir Ukrayna ordusuna göndəriləcək. İlkin məbləğ kimi 5 avro- 200 qriven müəyyən edilib. Bundan başqa, müsabiqədə qazanılmış kubok da hərraca çıxarılıb.

Oxunma sayı 250