Həftənin TƏLTİFİ - Həftə-reytinq

11:11 21.10.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Məhərrəm Əliyev haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Abış oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilib. Qeyd edək ki, Prezidentin köməkçisi, Prezidentin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevin 70 yaşı tamam olub.

 

Həftənin MƏRHUMU

Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəfat edib. Bu barədə "Yeni Klinika" məlumat yayıb. Bildirilib ki, həkimlərin səyinə baxmayaraq Elnur Əşrəfoğlu koronavirus səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, 47 yaşlı jurnalist sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan E.Əşrəfoğlu daha sonra "Yeni Klinika"ya köçürülüb. O, oktyabrın 11-də ECMO cihazından ayrılıb.

 

Həftənin FALÇISI

Ağstafa rayonunda dələduzluq edən “falçı” saxlanılıb. Bir nəfər rayon sakinini fala baxmaq adı ilə aldadaraq onun pulunu mənimsəyən Bakı şəhər sakini Gülarə Abıyeva saxlanılıb. Məlum olub ki, G.Abıyeva Ağstafa rayonuna gələrək rayon sakininin qohumlarının məzarında cadu olduğunu bildirib və ondan həmin cadunun tapılmasına görə  2000 manat pul alıb.

 

Həftənin XƏSTƏSİ

ABŞ-ın eks-prezidenti Bill Klinton xəstəxanadan evə buraxılıb. O, müalicəsini Nyu-Yorkda evində davam etdirəcək. Bu barədə Klintonun yerləşdirildiyi tibb müəssisəsinin direktoru Alpeş Amin məlumat verib. Qeyd edək ki, Bill Klinton oktyabrın 12-dən xəstəxanadadır. O, “sepsis” diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Həftənin PƏRTİ

Oktyabrın 14-də Avrasiya Ali İqtisadi Şurasının iclasında videokonfrans formatında çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan çətin anlar yaşayıb. Onun çıxışı zamanı mikrofonun səsi gəlməyib. Texniki problem aradan qaldırılsa da, az sonra yenidən təkrarlanıb. Səsi kəsilən Baş nazir pərt olub.

 

Həftənin ƏN PİSİ

Polşa Ekstraklasasında 11-ci turun ən pis futbolçulardan ibarət rəmzi komandası açıqlanıb. “Wezslo” nəşrinin açıqladığı siyahıda Azərbaycan millisinin üzvü Mahir Emreli də yer alıb. “Legiya”nın heyətində “Lex”lə matçda zəif çıxış edən hücumçu ən zəiflər arasında olub. Qeyd edək ki, Mahir Emreli “Lex”lə oyunda 65 dəqiqə meydanda olub və yalnız bir dəfə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlə yadda qalıb.

 

Həftənin HƏDİYYƏSİ

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin oğlu İdo Tatlısəs və gəlini Yasəmən Şefkatlıya etdiyi toy hədiyyəsinin qiyməti açıqlanıb. Tatlısəsin Şefkatlıya bağışladığı qızıl kəmərin qiyməti 450 min lirədir (82 245 AZN).  Qeyd edək ki, İdo İbrahim Tatlısəsin Dərya Tuna ilə nikahından dünyaya gələn oğludur.

 

Oxunma sayı 45