Həftənin TƏYİNATI - Həftə-reytinq

11:49 02.12.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin sərəncamı ilə gənclər və idman naziri Fərid Qayıbova yeni müavinlər təyin olunub.  Onlardan biri Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin keçmiş müdiri İndira Hacıyevadır.  O, 2012-ci ildən 2021-ci ilə qədər isə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb. Nazirin digər müavini Marina Vasileva isə 1974-cü ildə Bolqarıstanda doğulub. O, Bolqarıstan yığmasının heyətində gimnast kimi çıxış edib. Karyerasını başa vurduqdan sonra isə “Levski” klubunda məşqçi kimi işləməyə başlayır. M. Vasileva 2007-ci ildə Azərbaycan yığmasından təklif alsa da, o, ölkəmizə 2009-cu ildə gəlib. Həmin ildən yığmamızın çalışdırıcısı olaraq fəaliyyət göstərir.

 

Həftənin ÇAĞIRIŞI

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycanı mövcud problemlərin uzunmüddətli həlli üçün siyasi dialoqa çağırıb. “Mən tamamilə əminəm ki, yalnız siyasi dialoq dayanıqlı nizamlanmaya gətirib çıxara bilər. Bu həm də Ermənistan və Azərbaycanda vətəndaş cəmiyyətinin birləşməsini, körpülərin qurulmasını və barışıq səylərinə kömək etməyi tələb edir”, - o vurğulayıb.

 

Həftənin XƏBƏRDARLIĞI

Rusiya Prezidenti Vladimir Putin NATO-nun Ukraynada hərbi infrastrukturunu genişləndirməsinin Rusiya üçün “qırmızı xətt” olduğunu vurğulayıb. Putin bu barədə Moskvada keçirilən “Rusiya çağırır” tədbirindəki çıxışında Rusiyanın Ukraynaya hücuma hazırlaşdığına dair yayılan iddialarla bağlı danışarkən deyib. “Rusiyanın 2021-ci ilin əvvəlində Ukraynaya hücuma hazırlaşdığına dair iddialar yayılmışdı. Ancaq heç bir hücum olmadı. Biz keçmişdə NATO ilə, demək olar ki, müttəfiq idik, lakin bütün istəklərimizə baxmayaraq, onlar sərhədlərimizdə genişlənməyə davam etdilər”, - Putin bildirib.

 

Həftənin OLAYI

ABŞ-ın Miçiqan ştatının Oksford şəhərində məktəbdə baş verən atışma nəticəsində üç şagird həlak olub, altısı güllə yarası alıb. Bu barədə ştatın hüquq-mühafizə orqanları açıqlama yayıb. Bildirilib ki, atəşi 15 yaşlı tələbə açıb. Saxlanılan silahlı hücum edən şəxs yarıavtomat tapançadan 15-20 atəş açıb. Qeyd olunub ki, cinayətkar təkbaşına hərəkət edib. Hücum edən şəxs təslim olub, zabitlərə atəş açmayıb və özü də xəsarət almayıb.

 

Həftənin ANIMI

“Google” dünya şöhrətli alim Lütfi Zadənin “Qeyri-səlis çoxluqlar” əsərini təqdim etməsinin il dönümü ilə bağlı dudl hazırlayıb. Dudlun üzərinə klik edərkən Lütfi Zadə ilə bağlı məlumatlar əldə etmək olur. Qeyd edək ki, L.Zadə 1964-cü il noyabrın 30-da “Qeyri-səlis məntiq” adlı innovativ riyazi çərçivəsi ilə dünyanı tanış edən “Qeyri-səlis çoxluqlar” əsərini təqdim edib.

 

Həftənin UĞURU

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.  İlk “10-luq”da Azərbaycanın bir təmsilçisi yer alıb. Xallarını 2767-yə çatdıran Şəhriyar Məmmədyarov 2 pillə irəliləyərək 9-cu sıraya yüksəlib. Teymur Rəcəbov isə 2753 xalla ötən ayla müqayisədə 1 pillə də geriləyib. O, 14-cü pillədə qərarlaşıb.

 

Həftənin MİLLİ QƏHRƏMANI

Barbadosəsilli müğənni Rihanna bu ölkənin Milli Qəhrəmanı elan olunub. Bu barədə ölkənin Baş naziri Mia Mottli bildirib. “Almaz kimi parlamağa və ölkənin qüruru olmaqda davam et”, - hökumət başçısı çıxışı zamanı deyib. Qeyd edək ki, noyabrın 30-da Barbados ada ölkəsi Böyük Britaniya Taxt-Tacının hökmranlığından çıxıb.

 

Oxunma sayı 205